Banner

Nazirlik marşrut xətlərindəki dəyişikliklərlə sərnişinlərin “cibinə girir”

Yazarlar 13 May 2015 17:02 Oxunub 1634
Nazirlik marşrut xətlərindəki dəyişikliklərlə sərnişinlərin “cibinə girir”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəyişikliklər paytaxt sakinlərini çıxılmaz vəziyyətə salıb

Son günlər marşrut xətlərində aparılan dəyişikliklər sərnişinlərə əlavə vaxt və pul itkisi hesabına başa gəlir. Belə ki, əksər marşrutların yolu qısaldığından sərnişinlər bir neçə avtobus dəyişməli olurlar. Belə halla “Yeni Müsavat”ın müxbiri də qarşılaşıb. Əgər, əvvəllər 95 saylı marşrut avtobusu ilə Zığ şosesində yerləşən “Nargilə” kafesi adlanan ərazidən “Beşmərtəbə”yə qədər getmək mümkün idisə, indi bunun üçün sərnişinlər 3 marşrut dəyişməlidir. 95 saylı marşrutun son dayanacağı “Xətai” metrosuna qədər qısaldığından sərnişinlər oradan “28 may” metrosuna başqa bir marşrutla gəlməli olurlar. Artıq “Xətai” metrosundan “28 may”  istiqamətində gedən marşrutların da son dayanacağı “28 may” metrosudur. “Beşmərtəbə” istiqamətində getmək istəyənlər buradan da 79 saylı marşrut avtobusuna minməyə məcburdurlar. Belə ki, sərnişin əvvəllər bir avtobusla “20 qəpiyə” getməli olduğu yolu indi 3 marşrutla getməlidir. Bu isə əlavə “40 qəpik” itki və stress deməkdir. 

Son günlərdə edilən dəyişikliklərə görə, Hövsandan şəhər istiqamətinə gedən 175 saylı avtobusun xəttinin son dayanacaq məntəqəsi dəyişdirilib. Əvvəllər 28 May-Hövsan istiqamətində hərəkət edən avtobusun son dayanacağı metronun “Xətai” stansiyasının qarşısı olacaq. Buradan da “28 may” metrosuna getmək istəyən sərnişinlər əlavə marşrut dəyişməli və ya metroya üz tutmalı olacaqlar. Bu isə alternativ marşrutlarda sıxlığın yaranmasına gətirib çıxaracaq. 

28 May-Əhmədli istiqamətində hərəkət edən 46 saylı avtobusun da marşrutunda dəyişiklik olub. Avtobuslara “Xətai” istiqamətindən keçmək qadağan olunub. 

32 saylı sərnişin avtobusunun son dayanacağı isə metronun “28 May” stansiyasının qarşısından “Xətai” stansiyasının qarşısına köçürülüb. 

Məlumat üçün qeyd edək ki, 70, 124 saylı avtobusun hərəkət istiqaməti dəyişdirilib, 14 nömrəli marşrut 24 saylı xətt avtobusu ilə əvəz olunub. 1, 20, 188, 53, 90, 83 saylı avtobuslar isə ləğv edilib.

86 saylı avtobus 29 saylı marşrutla əvəz olunub. 124 saylı avtobusun marşrutu 20-ci sahəyə qədər uzadılıb. 193 saylı marşrut şəhərin mərkəzindən çıxarılıb. 70 saylı avtobusun istiqaməti dəyişdirilib. 95 və 2 saylı marşrut xəttinin hərəkət istiqaməti “Xətai” metrosuna qədər qısaldılıb. 

Onu da vurğulayaq ki, bu dəyişikliklər paytaxt sakinlərini çıxılmaz vəziyyətə salıb. Dəyişiklikdən xəbərdar olmayan insanlar saatlarla dayanacaqlarda marşrut gözləməli olublar. Təəssüf ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi də buməsələdə sərnişinlərə yardımçı olmayıb. 

Nəqliyyat eksperti İlqar Hüseynli də qeyd etdi ki, bu dəyişikliklərlə bağlı əhali öncədən məlumatlandırılmalı idi ki, yollarda ajiotaj yaşanmasın: “Marşrutların istiqamətləri, hansı dayanacaqların dəyişdirilməsi ilə bağlı insanlara informasiya verilməli idi. Yaxşı olardı ki, bu dəyişikliklər günün  müəyyən saatlarında həyata keçirilsin. Yəni, insanların işə gedib-gəldiyi pik saatlar istisna olmaqla, aralıq vaxtlarda bu dəyişiklikləri tətbiq etmək daha məqsədəuyğun olardı. Azərbaycanda bu kimi proseslər anormal şəkildə həyata keçirilir. Digər tərəfdən, Azərbaycan hökuməti Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin yaradılması üçün 100 min manatdan çox vəsait xərcləyib, ancaq bunlardan məqsədyönlü istifadə olunmur. Bildiyiniz kimi, dayanacaqlarda NİİM monitorları quraşdırılıb və burada avtobusların qrafiki ilə bağlı məlumat yerləşdirilib. Yaxşı olardı ki, son dəyişikliklərlə bağlı anonslar da bu monitorlarda verilərdi”.

 

Ekspert qeyd etdi ki, məsələnin  maddi tərəfinə də diqqət yetirmək lazımdır: “Əgər insan bir marşrut əvəzinə iki, bəzən də üç marşrut dəyişməli olursa, bu, ikiqat xərc deməkdir. Bir ailədən 4 nəfərin gündəlik marşrutdan istifadə etdiyini nəzərə alsaq, bu, ailənin yol xərcinin 4 dəfə artması deməkdir. Marşrut avtobuslardan xüsusən aztəminatlı insanların istifadə etdiyini də nəzərə alsaq, bu, onlar üçün  böyük maddi sıxıntı yaradacaq”. 

İlqar Hüseynlinin sözlərinə görə, ümumiyyətlə, marşrut xətlərinin bu cür dəyişikliyinə ehtiyac yox idi:“Dünyanın Olimpiya Oyunları keçirilən heç bir ölkəsində nəqliyyat infrastrukturunda bizdəki qədər dəyişiklik olmur. Yaxşı olardı ki, Avropa Oyunlarının keçiriləcəyi arenalar regionlarda qurulardı və bu da şəhərdə sıxlığın yaranmasının qarşısını alardı”. 

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən də mövqe öyrənməyə çalışsaq da, cəhdimiz baş tutmadı. Nazirliyin mövqeyini də işıqlandırmağa hazırıq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh