Banner

Nə qədər ki qazanc var, canımız ağrıyacaq

Yazarlar 23 İyun 2015 11:24 Oxunub 1883
Nə qədər ki qazanc var, canımız ağrıyacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü fəhlədir, mühəndis ona necə göstəriş verərsə, o cür də işləyəcək

İctimai nəqliyyatdakı problemlər haqqında mətbuatda hər gün ən azı iki-üç yazı gedir. Həmin yazılar sürücülərin özbaşınalığından, qaydaları pozmağından, artıq sərnişin yığmağından və başqa qayda pozuntuları barədədir. Hər dəfə sürücülər ittiham olunur. Nə qədər ittiham edilsələr belə, paytaxtımızdakı ictimai nəqliyyat böhranının əsl günahkarları onlar deyillər.

Əsl səbəb paytaxtda nəqliyyat sisteminin düzgün təşkil edilməməsidir. İstənilən sahədə çatışmazlığın 85% səbəbi sistemin effektiv qurulmamasıdır. Yalnız 15% çatışmazlıq insan amilindən asılı ola bilər. Yəni sürücülər böyük bir zəncirin ən aşağıda dayanan həlqələridir. Ən başda dayanan menecmentdir və sistemin effektivliyinə görə menecment məsuliyyət daşıyır.

Bakı və digər şəhərlərimizdə ictimai nəqliyyatın effektiv işləməsinə görə sürücüləri günahlandırmaq ən azından ədalətsizlikdir. Sürücü fəhlədir, mühəndis ona necə göstəriş verərsə, o cür də işləyəcək. Ölkəmizin nəqliyyat mühəndisləri isə ya öz maraqlarından dolayı, ya da ki biliksizliklərindən dolayı işdə bu cür yalnışlıqlara yol verirlər. Avtobus sürücülərinin qeyri-qanuni davranışları, polis və nəqliyyat müfəttişlərinin belə davranışlara göz yummaları və insanların ictimai nəqliyyatda iztirab çəkmələri yalnız sistemdə yol verilmiş səhvlərin nəticəsidir.

 

Səhv nədən ibarətdir?

 

Dünyanın əksər ölkələrində, o cümlədən Türkiyədə şəhər nəqliyyatına cavabdeh olan qurumlar bələdiyyələrdir. Bir qism ölkələrdə isə ictimai nəqliyyat dövlətə bağlı olan qurumlar, dövlət şirkətləri tərəfindən idarə olunur. Həmin şirkətlər və ya qurumlar kommersiya müəssisələri deyil və dövlətin maliyyə və digər dəstəyi ilə yalnız vətəndaşlara xidmət üçün fəaliyyət göstərirlər. Kommersiya maraqları olmayan bu cür təşkilatlar sərnişinlərə müştəri kimi deyil, vətəndaş kimi baxırlar. Vətəndaşlara yüksək səviyyədə xidmət göstərməyin vacib olduğunu anlayırlar. Bu məsuliyyət onlara imkan verir ki, sərnişindaşınma işini daha keyfiyyətli və effektiv təşkil edə bilsinlər.

 

Bu cür təcrübənin tətbiq edildiyi ölkələrdə sürücülər gündəlik plan üçün deyil, aylıq əmək haqqı üçün çalışırlar. Bələdiyyənin işə götürdüyü işçi dövlət işçisi statusuna malik olmaqla yanaşı, müəyyən sosial təminatlar da əldə edir. Aylıq maaşını alan sürücü gündəlik plan dərdi çəkmir. Onun məsuliyyəti yalnız təyin olunmuş qrafik üzrə işləmək, sərnişinlərə xidmət göstərməkdir.

 

Bizdə də var idi, amma...

 

SSRİ dövründə Azərbaycanda da belə təcrübə tətbiq edilirdi. Dövlətə məxsus olan qurumlarda çalışan sürücülər iş başına keçməzdən əvvəl müəyyən kurslar keçir, təhsil alır və bütün tələblərə cavab verdikdən sonra sükan arxasına keçərək vətəndaşlara xidmət göstərməyə başlayırdı. Təəssüflər olsun ki, postsovet dövrünün Azərbaycanında ictimai nəqliyyat sektorunda insanların həyatını çətinləşdirəcək dəyişikliklər edildi. Bütün marşrut xətləri özəlləşdirildikdən sonra Bakı, o cümlədən digər şəhərlərimizdəki ictimai nəqliyyatın qara günləri başladı.

Bu gün marşrut xətləri ayrı-ayrı iş adamlarının əllərində olduğuna görə, vətəndaşlara normal xidmət göstərmək mümkünsüz hala gəlib. Şirkətlər sürücüləri işə götürərkən onların peşəkar və etik keyfiyyətlərini nəzərə almırlar. Onlara yalnız gündəlik olaraq müəyyən məbləğdə plan toplanması tapşırılır. Üzərinə 100, 200 və 300 manat plan öhdəliyi qoyulmuş sürücü vətəndaşların rahatlığından çox axşam müdiri ilə edəcəyi haqq-hesab barədə düşünür. Elə bu səbəbdən də xidmət səviyyəsi aşağı düşür.

 

Problemdən çıxış yolu

 

Azərbaycanda ictimai nəqliyyatda yaranmış problemləri aradan qaldırmağın bir üsulu var. Bu xidmət sahələrini özəl şirkətlərdən alıb bələdiyyələrin, icra hakimiyyətlərinin balansında olan qeyri-kommersiya qurumlarına tapşırmaq olar. Həmin qurumlara sürücülərin işə götürülməsi zamanı dünya təcrübəsində qəbul olunmuş meyarlar tətbiq etmək mümkündür. Bundan başqa, ictimai nəqliyyatda çalışmaq istəyən insanlar üçün xüsusi təhsil ocaqları yaradıla və həmin məktəblərdə sürücülərə etik davranış qaydaları, yol hərəkəti qaydaları, avtomobillərin texniki xüsusiyyətləri və digər biliklərlə bağlı xüsusi kurslar keçirilə bilər.

İctimai nəqliyyat probleminin aradan qaldırılması ölkə iqtisadiyyatı üçün daha faydalı olardı. Bundan başqa, vətəndaş rahat ictimai nəqliyyatı qoyub daha çox xərc tələb edən (yanacaq, təmir, dayanacaq pulu və s.) şəxsi avtomobillərlə işə getməzdi.

 

 

milli.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh