Nəqliyyatın bəlası BNA-dır: "Kart sisteminə görə gündəlik 5 faiz tutmaq ağırdır"
Bakıda və ətraf qəsəbələrdə fəaliyyət göstərən sərnişindaşıma şirkətləri İqtisadiyyat Nazirliyinə kollektiv müraciət ünvanlayaraq tariflərə baxılmasını, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər. Şirkətlər müraciətlərində bir çox problemlərə toxunublar. Şirkətlər onlara subsidiyaların verilməsini və ya qiymət artımı təkliflərini irəli sürüblər. Bundan başqa kart vasitəsilə ödənişlərdən 5 faiz tutulmasına qarşı da çıxıblar.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sərnişin daşımada qiymət artımı konkret hədəf deyil.
Elməddin Muradlı
“Daşıyıcı şirkətlərin təklifləri yalnız qiymət artımı ilə bağlı deyil. Təkliflər ondan ibarətdir ki, ya qiymətlər artırılsın, ya da daşıyıcı şirkətlərə subsidiyalar ayrılsın. İki variant var. Eyni zamanda kart sistemi ilə ödənişlərdən 5 faiz pul tutulur. Bu vəsait Bakı Nəqliyyat Agentliyi tərəfindən tutulur. Və belə əsaslandırılır ki, bu pul kart sisteminin təkmilləşdirilməsinə sərf edilir. Burada da qaranlıq məqamlar var ki, həmin pulların bir hissəsi hara gedir, kimlərə məxsusdur. Bunları da ciddi-ciddi araşdırmaq lazımdır. 5 faiz az məbləğ deyil. Təsəvvürn edin ki, 1 milyon manatın 5 faizi 50 min manatdır. Günə bir milyon yığılır və gündə 50 min manat köçürülür. 50 min manat böyük məbləğdir. 4 günün puluna bir avtobus almaq mümkündür. 200 min manata da elə avtobuslar var ki, alıb, xəttə buraxmaq olar. Bu məsələlərlə bağlı narazılıq var”,- deyən ekspert ümid edir ki, dövlət qiymət artımına getməyəcək.
Elməddin Muradlı inanır ki, dövlət qiymət artımına getsə də, bu məbləğ cüzi olar və dövlət subsidiya şəklində daşıyıcı şirkətlərə yardım edər. Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində vəziyyət belədir.
“Daşıyıcı şirkətlər özəl şirkətlər olur. Dövlət onlara sadəcə nəzarət edir, maddi dəstək göstərir. Dövlətin burada qazancı yoxdur. Dövlətin burada qazancı odur ki, insanlar işə gecikmir, şəhər xaos halını almır, ictimai nəqliyyat işləyir. Vətəndaşlar evə-işə vaxtında çatır. Bu da iqtisadiyyata, təhsil sahəsinə və digər sahələrə təsir göstərir. Şəhərdə sıxlıq olsa, ictimai yükü daşımasa, əlbəttə xaos yaranır. Bu məsələdə dövlətin qazancı budur. Bu xaosun qarşısını almaq üçün daşıyıcı şirkətlərə vəsait ayırır” - deyə ekspert əlavə edib.
Digər nəqliyyat eksperti Eldəniz Cəfər Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, bu daşıyıcı şirkətlərin artıq ikinci müraciətidir.
Eldəniz Cəfər
“Şirkətlərin birinci müraciəti yayda olmuşdu. Öəzl daşıyıcılar belə bir məlumat vermişdilər ki, onlar üçün belə bir vəziyyətdə çalışmaq rentabelli deyil. Bu gediş haqqı ilə onlar maliyyə problemləri yaşayırlar. Daha sonra sentyabr ayında İqtisadiyyat Nazirliyinə müraciət etdilər. Müraciətdə artıq qiymətlərin artırılması deyil, onların maliyyə problemi qabardılır. Özəl daşıyıcılar dövlətdən onlara müəyyən maliyyələr, subsidiyalar ayrılmasını istəyir” ,- deyən ekspert hesab edir ki, subsidiyaların ayrılması daha məqbuldur.
Eldəniz Cəfər qeyd edib ki, dövlət Metropolitenə və BakuBusa subsidiyalar ayırır. Eyni zamanda dizel mühərrikli avtobuslar üçün şirkətlərə dizel subsidiyaları ayrılır. Ekspert bildirib ki, özəl daşıyıcılara dövlət subsidiyalarının ayrılması yaxşı olar.
“İqtisadiyyat Nazirliyi həmin daşıyıcıların müraciətlərinə cavab verib. Qeyd edilib ki, daşıyıcıların müraciətlərinə baxılır və müvafiq qurumlara tapşırıq verilib ki, işçi qrupu yaradılsın və daşıyıcı şirkətlərin problemləri araşdırılıb həll edilsin. Bu ilin sonuna qədər həmin problemin həll olunacağı gözlənilir”,- deyə Eldəniz Cəfər əlavə edib. Onun sözlərinə görə, ictimai nəqliyyatda qiymətin artırılması sərnişindaşımada keyfiyyətin yüksəlməsinə gətirib çıxarmayacaq. Çünki ictmai nəqliyyatın bərbad olmasının səbəbi təkcə qiymətlər deyil, orada çox problemlər var. Bu problemlərin həll edilməsi isə, İqtisadiyyat Nazirliyinin verəcəyi qərardan asılıdır.