Niyə piyada keçidlərindən keçə bilmirik?! – Şüurumuz hələ bunu dərk etmir?
Hər gün yolu 20 Yanvardan keçənlər oradakı tıxacdan xəbərsiz deyil. Artıq illərdir ki, Bakının girişindəki bu tıxac məsələsi yarı polislərin, yarı da tikinti-söküntü işlərinin sayəsində öz həllini tapmağa başlayıb. Lakin son zamanlar yollarda ciddi şəkildə tıxac yaradan səbəb piyadalardır. Piyadalar qadağan olunan yerlərdən tələsərək keçir, qaydanı pozur, amma cərimələnmir. Burada mövzunun maraqlı tərəfi başqadır. Belə ki, reyd keçirilən zaman qaydanı pozanlar cərimələnir, amma növbəti gün polis olmayan kimi yolu keçən piyada nəinki qaydanı pozur, hətta cərimədən kənarda qalır. Bəs, bu nə dərəcədə düzgündür? Niyə Azərbaycanda insanların əksəriyyəti qaydanı pozmağa meyillidir?
Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı sualımızı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədova ünvanladıq. O, piyadaların bu hərəkətini mentalitetimizdəki təhlükəli vərdişlərdən irəli gəldiyini vurğuladı.
“Mən hesab edirəm ki, bu sualın bir cavabı var. Məncə, hərəkət iştirakçıları mentalitetimizlə bağlı təhlükəli vərdişlərdən hələ də uzaqlaşmayıblar. Hələ də yol hərəkəti ilə bağlı biri-birimizin yolunu bilərəkdən və ya bilməyərəkdən kəsirik. Təbii ki, yol polisi yol hərəkətinin təhlükəsizliyi ilə bağlı təbliğat aparmalıdır. Eyni zamanda yol hərəkəti qaydalarını pozanların şüuruna təsir edəcək qaydada təbliğat aparılmalıdır ki, onlar bunu şüurlu qəbul eləsin. Mən cərimələnməyin əleyhinəyəm. İnanın, hər kəsin şüuruna yerləşsə ki, “burdan keçsə onun həyatı üçün təhlükəlidir, digər tərəfdən keçsə hər birimiz üçün rahatdır” dünyada ən nümunəvi hərəkət bizdə, xüsusilə də Bakıda olar. Amma çox təəssüf ki, biz yol hərəkətində bilərəkdən və ya bilməyərəkdən bir-birimizin yolunu kəsirik, buna adət etmişik. Və əlbəttə ki, cəzalandırılmamağımız bu hərəkətləri daha da artırır. Reyd keçirilən zaman “əşi nə oldu, oldu da, 1 dəqiqəyə keçirəm də, nə fərqi var?” deyənlərə çox rast gəlirik. Bax belə sözlər indiki dövrdə təhlükəsizliyimizə yad olan sözlərdir”.
Vaqif Əsədov piyada keçidləri ilə bağlı problemin də təhlükəsizlik kəmərlərində olduğu kimi zamanla həll olunacağını böyük ümidlə qeyd etdi:
“Vaxtilə sərxoş halda avtomobil idarə edənlər sinəsinə vururdu, mənəm-mənəm deyirdi, kiməsə arxalanırdı. Amma indi bilirlər ki, yol polisi heç kimə güzəştə getmir. Buna həmçinin təhlükəsizlik kəmərləri də aiddir. Bir vaxtlar təhlükəsizlik kəmərlərinin taxılması böyük problem olmuşdusa, indi sürücülərin əksəriyyəti kəmərsiz avtomobilini idarə etmir. Bu, çox sevindirici haldır.
Piyada, sürücü – biz həmişə bizi idarə edən qüvvəyə arxayınıq. Əgər bizi idarə edən qüvvə yoxdursa, biz istədiyimiz kimi hərəkət edirik ki, bu da ictimaiyyətə təsirsiz ötüşmür”.
Sonda problemin bəzi həlli yollarından danışan DYP İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, “Piyada yolunun avtomobil yolu ilə kəsişən hissəsində mütləq elə vasitələr olmalıdır ki, hərəkəti ləngitmədən nizamlamaq mümkün olsun. Məsələn, işıqforda piyadaların toplu şəkildə piyada zolağından tez keçməsi lazımdır. Piyadaların avtomobil yoluna çıxmasının qarşısını almaq üçün isə yerdən hündür dəmirlər qoyulmalıdır. Bu dəmir məhəccərlərin qoyulması isə şəhərin arxitekturasına və gözəlliyinə xələl gətirir. Gərək dəmirdən məhəccər qoyulsun ki, insanlar yoldan keçməsinlər!?”, – deyə fikirlərini səsləndirdi.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da bu məsələdə piyadaları qınadı və insanların bu mövzuda düşüncələrinin dəyişməsini məsləhət verdi.
“Ümumiyyətlə, ölkəmizdə hər yol pozuntusunu qeydə alıb onun qarşılığında cərimə tətbiq eləmək təcrübə olaraq mümkün deyil. Heç nəzəri cəhətdən də mümkün deyil. Təsəvvür edin ki, Azərbaycanda, Bakı şəhərində gün ərzində ən azı 1 milyondan çox piyada yol keçir və bunların hamısı da bu və ya digər cəhətdən qaydaları pozurlar. Bu insanların hamısını məsuliyyətə cəlb eləmək mümkün deyil axı! Heç olmasa polisin reyd keçirməsi yaxşı haldır ki, məsuliyyət var. Amma kimsə polis olmayanda qaydanı pozur və cərimədən kənarda qalırsa, bunu ədalətsizlik kimi dəyərləndirmək düzgün deyil. Təxminən bu, bilirsiniz nəyə bənzəyir? “Mən qanunu pozuram, ona görə pozuram ki, məndən qabaq pozanları cəzlandırmayıblar”. Bu düzgün yanaşma deyil! Sadəcə araşdırma aparmaq lazımdır ki, niyə polis olanda qayda pozulmur. Niyə polisin cəriməsi olmadan dolana bilmirik? Hətta kameralar vasitəsi ilə də yolu keçən piyadalara nəzarət eləmək mümkün deyil. Çünki kamera bilmir axı yolu keçən kimdir?! Sadəcə görür ki, adamdır, amma şəxsiyyətini təyin edə bilmir. Ümumiyyətlə, belə bir sistem yoxdur. Sadəcə düşüncələrimizi və həyata baxışımızı dəyişməklə problemin həllini tapa bilərik”.