“O qədər siqnala basdılar, qaydanı pozdum...” - Ərşad Hüseynov
“Digesta” hüquq mərkəzinin rəhbəri, yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynovun “Qafqazinfo” ya müsahibəsi:
- Son illərin ən çox danışılan mövzularından biri də sürücülərin polislər tərəfindən tez-tez cərimələnməsidir. Qeyd olunur ki, bu yolla da büdcəyə xeyli vəsait daxil olur. Bu günlərdə isə belə bir xəbər yayıldı ki, qayda pozuntularına görə büdcə 100 milyon manat itirib. Bu paradoksallığı necə izah edərdiniz?
- Bu 100 milyon məsələsini bir rusdilli media qurumunda mən də oxudum, diqqətimi cəlb etdi. Söhbət ondan getmirdi ki, sürücülər cərimə olunur, amma vəsait büdcəyə daxil olmur deyə büdcə 100 milyon itir. Məsələ o idi ki, polis daha çox cərimə yazmalıdır. Bundan əlavə isə, polisin qayda pozuntularını qeydə ala bilməməsi vurğulanırdı. Bu həm təhlükəli yanaşmadır, həm də cinayət məsələsidir. Əgər cərimə rəsmiləşibsə, dövlət büdcəsində müəyyən olunan bir yerə oturacaq. 2015-ci ildə apardığım araşdırma nəticəsində məlum oldu ki, Dövlət Yol Polisinin yol hərəkəti qayda pozuntusuna görə tətbiq etdiyi cərimələrin məbləği 125 milyon manatdır. Ola bilər ki, bu il vəsait daha çox olsun. Çünki bəzi cərimələrin məbləği də artırılıb. Ancaq mən tam məsuliyyətimlə deyirəm ki, sürücülərin bütün qayda pozuntuları qeydə alınsa, dövlət büdcəsinə 1 milyard manat vəsait daxil ola bilər. Azərbaycanda elə qayda pozuntuları var ki, ona görə heç kimi məsuliyyətə cəlb etmirlər. Üstəgəl, bu nə yanaşmadır ki, dövlət büdcəsi itirir? İtirmək o deməkdir ki, var idi, yoxa çıxdı. Bu yazıyla onu demək olardı ki, sürücülər daha intizamlı olsun, cərimələr olmasın.
Avropa İttifaqı dövlətləri üçün qəbul olunmuş ümumi bir proqram var. O proqramda deyilir ki, Avropa dövlətlərinin hər biri öz ərazisində baş vermiş yol-nəqliyyat hadisəsindəki hər ölüm faktına görə 1 milyon avronu təkcə yol hərəkəti sahəsində təbliğat, təşviqat, infrastruktur layihələrinə xərcləməlidir. Tutaq ki, Belçikada 1 il ərzində 300 adam ölürsə, Belçika hökuməti 1 il ərzində təkcə 300 milyon avro pulu təbliğat və təşviqat işlərinə xərcləməlidir. Bu elə-belə vəsait deyil. Görürsünüz, orada pul xərcləyirlər ki, adamlar ölməsin. Bizdə isə kimsə düşünürsə ki, sürücüləri çox cərimələyək və büdcə artsın, bu, çox təhlükəli yanaşmadır. İqtisadi , hüquqi, məntiqi əsası yoxdur. Dünyanın heç bir normal dövləti öz gəlirlərini hesablayanda cərimələrdən daxil olan vəsaitin miqdarını nəzərə almır. Çünki ola bilər ki, heç insanlar qaydaları pozmasınlar.
Maraqlı bir məqamı da deyim. Cərimələrdən daxil olan vəsait dövlət büdcəsindən tamam başqa bir hesaba köçürülür. Hətta Vergilər Nazirliyinin də nəzarət etmədiyi bir hesaba daxil olur. Nazirlər Kabinetinin yol hərəkəti qayda pozuntularına görə daxil olan cərimələrdən istifadə qaydaları ilə bağlı qərarı var. O da dövlət büdcəsinin tərkib hissəsi deyil. Həmin vəsaitlərin idarə olunması Daxili İşlər Nazirliyinin səlahiyyətindədir.
- Daxili İşlər Nazirliyi bu pulları, yəni 125 milyon manatı hansı istiqamətlərə xərcləyir?
- Qanuna uyğun olaraq həmin vəsaitin 25 faizi dövlət yol polisinin əməkhaqqısına əlavə olunur. Qalan pullar yol hərəkəti sahəsində təbliğat-təşviqat işinə, yol nişanları və yol hərəkətini tənzimləyən texniki vasitələrin lazımi vəziyyətdə saxlanılmasına, nişanlanma xətlərinin çəkilməsinə, dəftərxana ləvazimatlarının, avtomobillərin, onların ehtiyyat hissələrinin, yanacağın alınmasına xərclənir. Məsuliyyətə cəlb etmə ilə bağlı prosedurlar, protokol bankından tutmuş texniki məsələlərin həllinə qədər müxtəlif istiqamətlərə pullar yönəlir. 125 milyon manat az pul deyil. O pulla nə qədər işlər görmək olar.
- Bu vəsaitə görə, az iş görülürmü?
- Təbii. Məsələn, bir fakt deyim. Bu dəqiqə Azərbaycanın elə bir yeri yoxdur ki, orada nişan çatışmazlığı olmasın. Son illər sürətlə ölkədə avtomobilləşmə prosesi getdi. 2013- cü ildə Azərbaycana 105 minə yaxın avtomobil gətirilmişdi. Bu rekord göstərici idi. Ancaq svetaforların sayı indi Sovet dövründə olduğundan bir qədər çoxdur. Bu artıq çox ciddi problemdir. Hazırda əminliklə deyirəm ki, Azərbaycanın bəzi kəndlərinə də svetafor qoymağa ehtiyac var, nəinki Bakının bütün yolayrıcılarına. Hardakı yolayrıcı var, orada mütləq svetafor olmalıdır. Yoxdursa, sürücülər yol hərəkəti qaydalarını pozacaqlar. Elə yol ayırıcılar var ki orada mütləq qaydaları pozmalısan, yoxsa 3-4 saat yolda qalarsan . Problemin qarşısını almaq üçün isə svetafor quraşdırmalısan.
- Sizcə, vəsait aidiyyatı üzrə xərclənirmi?
- Mən iqtisadçı deyiləm. Ona görə hesablamamışam ki, il ərzində məsələn, yol nişanlarının, svetaforların bərpasına nə qədər pul xərclənir. Elə bir audit aparmağa imkanımız da yoxdur. Ancaq inanmıram ki, kimsə həmin vəsaiti ordan götürüb cibinə qoysun. Ola bilsin ki, şişirtmələrə yol verilir. Məsələn, Bakı şəhərində piyada keçidi tikilir, dəm-dəsgahlı mərmərlə bəzədilir. Və yaxud da ən müasir eskalatorlar qoyulur. Əslində isə insana şərait yaratmaq lazımdır ki, o kalorisini əritsin. Əgər biz düşünürüksə ki, kiminsə sağlamlığında problem var, o zaman bir sual meydana çıxır. Axı piyada keçidi kiminsə evinin qarşısında deyil. Həmin adam evindən piyada keçidinə kimi gələ bilibsə, deməli, 3 metr aşağı da düşə bilər. Əlillər üçün isə panduslar olmalıdır ki, əlil arabasında olan adam kiminsə köməyi olmadan qalxsın və ensin. Heç eskalatorlarda əlillər hərəkət edə bilmir, bundan əlavə, bəzən də işləmirlər. Deməli, hardasa bu vəsaitləri xərcləyib şişirtmək lazım idi.
- Deyirsiniz ki, elə qayda pozuntuları var ki, heç polis onları qeydə almır. Söhbət hansı qaydalardan gedir?
- Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilməsi ilə bağlı qayda var. Məsələn, Mətbuat prospektinə çıxın, müşahidə aparın. Orada üç hərəkət zolağı, aralarında da qırıq-qırıq xətlər var. Yol hərəkəti qaydaları bizə deyir ki, o qırıq xətlərin arasından getmək lazımdır. Bir xəttin arasından bir maşın gedə bilər. Bizim sürücülər isə ilan trayektoriyası üzrə hərəkət edirlər. Bir balaca sıxlıq olan kimi üç zolaqlı yoldan 4 zolaqlı şəklində hərəkət edirlər. Baxın, bu cür hərəkət edənlərin hamısını cərimələmək olar. Əgər Azərbaycanda kimsə desə ki, yol hərəkəti qaydalarını pozmur, o adam səmimi deyil. O zəmində qaydaları pozmayan adam yoxdur. Bilirəm ki, ona görə heç kəsi məsuliyyətə cəlb etmirlər. Mən də bəzən məcbur olub o dəstəyə qoşuluram. Qoşulmayanda arxadan məni siqnala basırlar. Deyirlər ki, görəsən bu hansı avamdır? Ömründə birinci dəfəmi sükan arxasına keçib? Kənddən gəlib, yəqin, şəhərdən xəbəri yoxdur. Axırıncı dəfə bunu Bakı- Sumqayıt yolunda sınaqdan keçirtdim. İki zolaqdır, maşınlar elə dayanıb ki, birdən maşını saxlasan, qapını açıb düşmək mümkün deyil. Bir sınaq apardım, ancaq tək zolaqla getdim, o zolaqda ancaq mən oldum. İnanırsınız, heç 100 metr gedə bilmədim. O qədər siqnala basdılar ki, mən də dəstəyə qoşulmağa məcbur oldum. Qoşulmağıma görə qanunu tətbiq etsək, 40 manat cərimə ödəməliyəm.
- Özünüz buradan səslənirsiniz ki, qaydanı pozmuşam, gəlin cərimələyin...
- Yol polisi özü də bu qaydanı pozur. Hüquqda buna susmaqla mövcud şəraiti qəbul etmək deyirlər. Yəni, bilirəm ki, bu qanunsuzdur, sadəcə başqa variantım yoxdur. Qanunda yazılıb ki, operativ nəqliyyat vasitəsi üstün keçid hüququndan istifadə etmək istəyirsə, ən son zolaqdakı yolla getməlidir və oradan özünə üstün hüquq tələb etməlidir. Bəs bizim polislər neynirlər? Sağdan girirlər, çünki bilirlər ki, soldan ona kimsə yol verən deyil. Çünki qapını açmağa da yer yoxdur. Sağdan girərək sıxırlar, o qalır, sən gedirsən. Sürücülərimiz bunu peşəkarlıqdan deyil, pis vərdişdən edirlər. Maraqlıdır ki, polis də bu pis vərdişdən məharətlə istifadə edir. Halbuki miqalkanı, sayrışan siqnalı, səs siqnalını qoşmalısan.
Sonra manevrlər vaxtı dönmə siqnalını vermirik. Qabaqda avtobus dayanıb, sol zolağa yerdəyişmə etməliyəm. Bu zaman dönmə siqnalını vermirəm. Yüzlərlə, minlərlə belə sürücü var. Hər dönmə siqnalı verməməyin 40 manat cəriməsi var. Hər gün yola çıxıb bir neçə kilometr qət edən sürücümüz ən azı bir 40 manatlıq cəriməyə məruz qalır.
- Azərbaycanda bir sıra sahələrdə problemlər var. Ancaq yol polisi ilə bağlı məsələlər daim ictimaiyyətin diqqət mərkəzində olur, çoxlu tənqidlərə məruz qalırlar. Ancaq bu bitmək bilmir. Bu o deməkdir ki, yol polisi üçün tənqidin əhəmiyyəti yoxdur?
- Mən onunla razı deyiləm ki, yol polisi ictimai qınağa tam biganə yanaşır. Sosial şəbəkədə, mediada yayılan informasiyalara kifayət qədər reaksiyalar olur. Ola bilsin ki, hər dəfə adekvat olmur. Konkret əməkdaşlar cəzalandırılır, töhmət verilir, işdən qovulur. Dövlət yol polisinin fəaliyyəti həmişə ictimaiyyətin gözü qarşısındadır. İstənilən ölkənin hamı üçün ən açıq olan yeri yoldur. Piyada da, sürücü də, sərnişin də, yol polisi də hamısı yoldadır. Hamı görür, hətta evinin balkonundan da görür. Nə qədər faktlar ki kimsə balkona çıxıb polisin nə etdiyini çəkir. Cəmiyyətin xoşuna gəlməyən bir fakt dərhal araşdırılmalı və cəzalandırılma olmalıdır yanaşması da bir qədər düzgün deyil.
- Yol polisinin də yuxarıda qeyd etdiyiniz kimi qaydaları pozması halları olur. Onlara qarşı nə tədbirlər görülür? Ümumiyyətlə, polis bilərəkdən qaydanı pozmalıdırmı?
- Polis özü patrul avtomobilində qaydaları pozursa, o da adi sürücülər kimi cərimə olunur. Yol hərəkəti qaydalarının 74- cü maddəsində belə bir cümlə var. “Operativ nəqliyyat vasitələrinin sürücüləri xidməti zərurətlə bağlıdırsa və yol hərəkəti təhlükəsizliyini təmin etmək şərti ilə bu qanunun bütün normalarından kənara çıxa bilərlər” Bircə polis əməkdaşı hərəkəti tənzimləyən digər polis əməkdaşlarının əmrindən çıxa bilməz. Sən qırmızı işıqdan keçə bilərsən. Amma görsən ki, yaşıl işıqdan gələn sürücü sənə yol vermir, o zaman dayanmalısan, yoxsa qəza olacaq. Bu zaman ölüm ola bilər və bu da heç kimə lazım deyil. Qanun deyir ki, yol hərəkətinin təhlükəsizliyi təmin olunmalıdır. Yol verməyən onsuz da 100 manat cərimə ilə cəzalanacaq. Amma yol nəqliyyat hadisəsi olsa, o zaman polis də məsuliyyətə cəlb oluna bilər.
- Siz polislərlə yəqin çox ünsiyyətdə olursunuz, polis dostlarınız da olmamış olmaz...
- Bəli, kifayət qədər çox ünsiyyətdə oluram. Son illər silsilə tədbirlər, görüşlər olur. Təxminən treninq mahiyyətli polislərə təlimatlar keçirik. Əlaqə saxlayıb məsləhətlər alırlar. Çavuşdan başlamış ən yuxarı səviyyələrə qədər tanışlar var. Bu da normal haldır. Kimsə mütəxəssisdirsə, ondan istifadə etmək lazımdır. Çox az polis əməkdaşı ola bilər ki, kitabım onda olmasın.
- Bu sualı həm də ona görə verdim ki, polislərlə ünsiyyətdə çox olan biri kimi bilmək istəyirəm, niyə polislərimiz öz üzərlərində az işləyirlər? Az qala bir sürücüyə yaxınlaşıb ona vəziyyəti qanuni və mədəni şəkildə izah edən bir polis əməkdaşını görəndə təəccüblənməyə bilmirsən...
- Mən özüm bu məsələni araşdırmışam. Səbəblərdən birincisi odur ki, dövlət yol polisi əməkdaşları sadəcə buna vaxt tapa bilmir. Deyirlər ki, səhər saat 7-də işə gedib axşam saat 10-da evə gəlirlər. Nə vaxt kitab oxuyaq sualını verirlər? Bunu nəzərə alıb Dövlət Yol Polisində işlər görməyə başlayıblar. Baş Dövlət Yol Polis İdarəsində hər gün virtual təlimatlar keçirirlər. Baş İdarədəki rəis Yevlaxda olan idarənin əməkdaşlarına virtual təlimlər keçir. Amma hamını kameranın qabağına yığmaq olmur. Çünki xidmətdə olanlar da var. Vaxtaşırı gəncləri ixtisas artırma kurslarına cəlb edirlər. Hər gün sıra baxışı zamanı bir sıra məsələlərə də toxunulur.
İkincisi, burada eqoizm məsələsi var, o da psixolojidir. İstənilən polis əməkdaşı siz dediyiniz qaydaları bilir. Yaxınlaşmalıyam, əsgəri salam verməliyəm, özümü təqdim etməliyəm, sonra deməliyəm ki, filan qaydanı pozmusunuz. Zəhmət olmasa, sənədlərinizi təqdim edin. Bilirlər, amma etmirlər. Psixolojidir, fikirləşir ki, əşi cavan uşaqdır, üzü də saqqallı, niyə ona yaxınlaşım? Bunları etməyəndə artıq gərginlik yaranır. Bunu etməmək üçün eqoizm kənara qoyulmalı, psixoloji baryerlər aşılmalıdır.
İstənilən yol polis əməkdaşı sürücüdən bir neçə qat yüksəkdə olmalıdır. Məsələn, siz Türkiyə polisini aldada bilməzsiniz. Çünki hazırlıq səviyyəsi ona imkan vermir. Məsələn, Lüksemburqda 20 ildir ki, bir dostum yaşayır. Soruşuram ki, orada qırmızı işıqdan keçməyin cəriməsi nədir, deyir ki, bilmir. Polis yaxınlaşanda özü cəriməni yazıb gedir. Polis 80 avro yazırsa deməli, 80 avrodur, çünki polisə inanırlar. Ona görə də Avropada sürücünün polisdən şikayət vermə hallarına çox nadir halda rast gələ bilərsiniz. Bu metodu Azərbaycana gətirmək lazımdır.
- 3-4 il əvvəl siz statuslarınızda polislə bağlı daha sərt idiniz, indi isə belə deyil. Problemlər həll olunub, yoxsa polis dostların sayı artıb deyə belədirmi?
- Bu mənim özümlə bağlıdır. Ola bilər ki, əvvəllər məsuliyyətsiz yanaşırdım. Ancaq indi bilirəm ki, deyəcəyim söz bu mövzuda ictimai əhəmiyyət daşıya bilər. Ancaq problemlər yenə həminki kimi qalıb. 3 il bundan qabaq nə görmüşdüksə, yenə də eynidir, hətta məzmun da dəyişib. 3 il bundan qabaq çılğın reaksiya verirdik.
Polislə ünsiyyətin çoxalmasına isə aidiyyatı yoxdur. Çünki yüksək səviyyəli şəxslərlə münasibət yaranandan sonra görəndə ki onları yenə tənqid edirəm, məndən inciməyə başlayırlar. Bundan qabaq mənimlə heç bir münasibəti yox idi. Münasibət yarandı, ondan sonra tənqid edəndə isə az qala mənə düşmən olur. Bu həm də itkidir.
- Sürücülər qədər qaydaları pozan piyadaların da cərimə olunması təbii hadisədir. Amma biz piyadaların cərimələnmə yerlərinin demək olar ki eyni məkanlar olduğunu görürük. Məqsəd yol polisi tərəfindən piyadaların təhlükəsizliyini qorumaqdırsa , niyə başqa təhlükəli yerlərdə polislər görünmür?
- Mən sizə maraqlı bir şey deyim. Piyadaları cərimələyənlər əslində yol polis əməkdaşları deyil. Dövlət Yol Polisinin hazırkı say ştatı piyadalarla məşğul olmağa imkan vermir. Mən bununla rəsmi şəkildə maraqlanmışam. Daxili işlər naziri öz əmri ilə Bakı şəhərinin ərazisində polisin digər xidməti olan Post Patrul Xidmətindən 100 nəfəri Yol Patrul Xidmətinə ezam edib. Piyadalarla məşğul olan həmin 100 nəfərdir. Onunla belə yenə hər yerdə yoxdurlar. Burada hər şey qanunidir. Əgər yol polis əməkdaşları piyadalarla məşğul olsalar, nəqliyyat məsələləri ilə məşğul olmaq kənarda qalar. Bizim ölkədə ümumi piyadaların intizamsızlığı məsələsi var. İctimai qaydalar nə üçündür yanaşması yoxdur. Çox az adam dərk edir ki, yol hərəkəti qaydaları evdən sağ çıxıb salamat qayıtmaq üçündür. Azərbaycan piyadası kifayət qədər intizamsızdır. Polis də piyadaların kütləvi şəkildə qayda pozduqları yerdə hərəkət edir. Ancaq polisin xidməti elə görünür ki, orada cərimə yazmaq üçün dayanıb. Kaş hamı elə bilərdi ki, polisin dayandığı yerdə nəzarət var. Qayda pozsalar, cərimələnəcəklər. Xidmət yerləri də dəyişsə, yaxşı olar. Arada bir Ziya Bünyadova, Tbilisi prospektinə də dəysinlər. Polisin işi nəzarətdir, sadəcə olaraq qaydalardan kənara çıxanları qanunla cərimələməlidir. Bu görüntünü yaratmaq lazımdır.
- Elə təhlükəli yerlər də var ki, orada piyada keçidlərinin quraşdırılması zəruridir. Çünki orada qəzalar çox olur. Məsələn, Nobel prospekti. Ancaq Nazirlər Kabineti də bunun üçün bir sıra tələblərin olduğunu vurğulayır. Əgər burada piyadaların həyatı üçün təhlükə varsa, o qərarı dəyişmək çətin məsələdirmi?
- Heç qərarı da dəyişməyə ehtiyac yoxdur. Ora elə piyada keçidini quraşdırmağa imkan verən bir yerdir. Ancaq hər kəsin istədiyi yerdən də keçid qoymaq olmaz. Qəzalı nöqtənin 200 metr kənarında piyada keçidi quraşdırmaq normal bir şeydir. Məhz qəza baş verən yerə keçid qoyulması düzgün deyil. Oradan keçid təhlükəli olacaq, çünki orada piyada vuruldu. Bu o deməkdir ki, keçid olsa da vurula bilər, çünki risk var. Nobel prospektində 6 zolaq var. Bu qədər zolaqlı yolda eyni səviyyəli svetaforsuz piyada keçidi ayrıca bir təhlükə mənbəyidir. Hər şeyi hər yerdə əldə etmək olmaz. Piyada bu 6 zolağın altısını da keçməlidir. Yəni 18 metr məsafəni keçməlidir. Piyadanın sürəti ilə avtomobilin sürəti arasında neçə metrlərlə fərq var. Bu 18 metri keçənə kimi 200 metrdə olan maşın gəlib onu vura bilər. Orada digər variantlar tapılmalıdır. Hərəkət elə təşkil olunmalıdır ki, sürət bir az da aşağı ensin.
Piyada keçidlərinin qurulması pul tələb edən məsələdir. Vəsaitlər son vaxtlar azdır. Dövlət maliyyə sıxıntıları çəkir. Pul çox olanda mərmər keçidləri tikdilər. Hansı ki ikisinin yerinə üçünü tikmək olardı.
- Bizdə yollar gah bələdiyyənin, gah “Azəravtoyol” un, gah da icra hakimiyyətinin balansındadır. Vətəndaş da hər hansı problem olanda kimə müraciət edəcəyini bilmir. Bu məsələ necə tənzimlənməlidir?
- “Avtomobil yolları haqqında” qanun var. O qanunla bağlı prezidentin fərmanı var, orada qeyd olunub ki, hansı yollar kimin balansındadır. Respublika əhəmiyyətli bütün yollar “Azəravtoyol”undur. Yalnız Bakı şəhərində problem var. Paytaxtın magistral əhəmiyyətli küçə və prospektləri “Azəravtoyol” undur, digər küçələr isə bələdiyyələrindir. Mənim qarşıma indiyə kimi hansısa bir küçənin, məsələn, Yasamal bələdiyyəsinə aid olduğu çıxmayıb. Bir müsbət məsələ olanda “Azəravtoyol” çox rahatlıqla deyir ki, məsələn, Hüseyn Cavid prospekti onların balansındadır. Amma ona paralel olan Ələsgər Ələkbərov küçəsinin kimə məxsus olduğunu soruşanda qaçıb gizlənirlər. Rayonlarda isə rayon əhəmiyyətli yollar icra hakimiyyətlərinindir. Məhəllədaxili yollar isə bələdiyyələrindir. Dəqiq bölgü yoxdur. Bələdiyyələrdə də bu barədə məlumat yoxdur.
- Qurum özü bilmirsə, vətəndaş o zaman nə etsin?
- Yol hərəkətinin təşkilində bir pərakəndəlik var. Bakı şəhərinin ,yaxud Göyçay şəhərinin hansısa ərazisində svetaforun kim tərəfindən qoyulması, xərcini kimin çəkməsi məlum deyil. Sadəcə yol təsərrüfatında deyil, yol hərəkətinin təşkilində də problemlər var. Məsələn, silinən xətti kim çəkməlidir? Kimin əlinə bir çəllək boya keçirsə, çəkir yola.
- 2016- cı ilin sonuna az qalıb. Ötən ilə nisbətən bu il qəzaların baş vermə sayında hansı tendensiya müşahidə olunur?
- 9 ayın statistikasını vermişdilər. Gördüm ki, 30 faiz yaxşılaşma var. Statistikanın nə qədər obyektiv olması ilə bağlı suala cavab verə bilmirəm. “Yol hərəkəti haqqında” qanunda bu statistikanın obyektivliyini şübhəyə alan məqam var. Qanunda yazılıb ki, yol-nəqliyat hadisəsi zamanı yerində və ya hadisədən 7 gün sonra ölüm baş verməyibsə, bu adam yol-nəqliyyat hadisəsində ölmüş yox, yaralanmış sayılır. Yəni kimsə 10 gündən sonra ölsə, statistikaya yaralı kimi düşür, ölü kimi yox. Tarlada kimsə maşını aşırıb ölübsə, bu yol-nəqliyyat hadisəsi sayılmır. Ancaq hər bir halda yaxşılaşma var. Bunun da iki səbəbi var. Doğrudan da sürücülərimiz, hərəkət iştirakçılarımız bir qədər mədəniləşiblər.
Digər tərəfdən son bir ildə baş verən maliyyə sıxıntıları yollara da təsir edib. Yol hərəkətinin intensivliyi aşağı düşüb. Yolda hərəkət çox olanda qəza da çox olur. Düzdür, tıxac olanda ağır qəzalar olmur. Bakı-Qazax yolunda keçən ilin bu vaxtı monitorinq aparsaydıq və bu il də aparsaydıq, görərdik ki, bu il həmin yoldan keçən maşınların sayı ötən ildəkindən əhəmiyyətli dərəcədə azdır. Yollarda tikinti işləri də azalıb.
- İcazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük maşının axşam saat 7:30- dən sonra şəhərdə hərəkətinə icazə verilmir. Amma bu günlərdə bir fakt paylaşmışdılar ki, “156” yük maşını axşam saatlarında şəhərdə hərəkət edir. Bu hərəkətə də ona görə icazə verildiyi qeyd olunmuşdu ki, taksi xidmətinin himayəçiliyi bu sahəyə məsul olan yüksək vəzifəli məmura məxsusdur...
- Mən də bunun bir məmura aid olduğunu eşitmişəm, amma əlimizdə fakt yoxdur. Bu yol hərəkəti təhlükəsizliyinə mane olan böyük problemlərdən biridir. İnhisarçılıq tək bu sahədə yoxdur, hər sahədə var. Sayrışan işıqlarla, miqalkalarla mübarizənin ən intensiv vaxtında yol polis əməkdaşları ilə söhbətimdə belə bir məqamı dedim. Öz əməkdaşlarınızın avtomobillərinə baxış keçirin. Görün nə qədər avtomobildə bu avadanlıqlardan çıxacaq. Bu himayəçilik hər yerdə qalır. Bir avtobus şirkətinin dalınca düşürsən, görürsən ki, arxasından kim çıxır. Ancaq bir dəfə küçəyə çıxın, beton daşıyan da var, “166” da var , “156” da var. Ən pis variant odur ki inzibati orqan inhisarçılıqda iştirak edir. Bu həm iqtisadi, həm hüquqi, həm də korrupsiya cinayətidir.
- Yol hərəkətinin təhlükəsizliyi sahəsində tanınmış tək ekspertlərdənsiniz. Niyə məhz hüquqda bu sahə üzrə ixtisaslaşmanı seçdiniz?
- 20 ildir ki, hüquqşünasam. Stajımın çox ilini hüququn nəzəriyyəsinə sərf etmişəm. Paralel olaraq 10 il pedaqoji fəaliyyətlə məşğul olmuşam. Hüququn müxtəlif sahələri üzrə kitablarım var. Bu kitablar hazırda hakimlərin, vəkillərin , prokurorların stollarının üstündə var. İlk kitabım 2000- ci ildə çıxıb. 2007-ci ildə Bakı şəhərində sürətlə avtomobilləşmə getdi. Tıxaclar yaranmağa başladı. Gördüm ki, nə sürücülərin, nə polisin, nə hakimin məlumatı var. Məsələn, hakimin əlində cinayət xarakterli iş var, amma bu adam qaydaları nə cür tətbiq etməli olduğunu bilmir. Sürücü piyadanı vurur, hər bir halda sürücü məsuliyyət daşıyır. Niyə? Harada yazılıb bu? Səbəb odur ki , hakim yol hərəkəti qaydaları üzrə qanunu bilmir. Müstəntiq və vəkil də bilmir. Ona görə də bu sahə ilə məşğul olmağa başladım. 2008- ci ildə yol hərəkətinin təhlükəsizliyi ilə bağlı kitabım çıxdı. Sonra isə bu sahə ilə bağlı təbliğat işinə başladım.