“O, şəhid olub ki, sən şəhərdə at oynadasan?!” - “Bu nə biabırçılıqdır?”
“Birincisi, bu mənəvi məsələdir. Nəzərə almaq lazımdır ki, maşının şüşəsindəki şəkil şəhid şəklidir. Şəhid bacısının verdiyi açıqlamadan belə başa düşdük ki, polis əməkdaşı bir qədər kobud formada şəkli qoparıb. Məncə, bu məsələni yumşaq formada həll eləmək olardı”. Bu sözləri Yenisabah.az-a nəqliyyat eksperti Elməddin Muradlı deyib. Ötən gün metronun “Sahil” stansiyasının yaxınlığında yol polisi əməkdaşı Aysel Süleymanovanın idarə etdiyi avtomobili saxlayaraq şəhid qardaşı Fərhad Babayevin şəklini qoparması barədə danışan ekspert bu məsələnin mütləq bir yolla tənzimlənməli olduğunu bildirib: “Bizim qanunvericiliyə görə, avtomobillərin üzərində şəkillər, müxtəlif stikerlər yapışdırmaq nəzərdə tutumur. Yəni nə qadağan deyil, nə də icazə verilməyib, boş qalan bir məsələdir. Sadəcə olaraq yol polisi belə hesab edir ki, bəzi insanlar bundan sui-istifadə edir. Heç yaxını olmaya-olmaya bəzi sürücülər şəhid şəkillərini maşınına vurur və bundan istifadə edir.
Bunu hansısa formada qaydalarla tənzimləmək yaxşı olardı. Ancaq indiki halda məsələ bir az nizamsız şəkildə həll olunur. Düşünürəm ki, bunu təbliğat vasitəsilə həll etmək daha yaxşı olardı. Amma mən səmimi şəkildə deyirəm ki, bəzi insanlar bundan “səmərəli” şəkildə öz mənfəətləri üçün, qayda pozuntularına don geyindirmək, məsuliyyətdən yayınmaq üçün istifadə edirlər. Bu, yolverilməzdir. Belə olan halda tək-tük insanlar da onların əziyyətini çəkir. Düşünürəm ki, bunu hansısa formada tənzimləmək lazımdır. İndiyə kimi çox xəbərdarlıq olunub, deyilib. Bəziləri bunu nəzərə alır, bəziləri isə yox.
Dünən şəhid bacısı da bildirdi ki, polis əməkdaşı bunu mənə yumşaq formada desəydi, mən özüm gedib evdə o şəkli sökərdim. Yəni insanlar bunu sivil qaydada başa düşürlər. Zorakı, kobud formada davranmağın heç bir əhəmiyyəti yoxdur. Bu həssas mövzudur”.
Ekspertin sözlərinə görə, bəzi insanlar şəhid şəkillərini avtomobillərinə vuraraq bundan sui-istifadə edirlər: “İnsanlar özləri də bunu nəzərə almalıdırlar. Qarşıdan qış gəlir. O şəkli yapışdırırlar, bir də görürsünüz, üstündə bir ton toz var, palçıq, su olur, günəş şüalarından solub elə vəziyyətə düşür ki, nə ad oxunur, nə də bayraq görünür. Bu da doğru yanaşma deyil. Bir çox ölkələrdə müharibə olur, şəhid verilir, amma heç bir ölkədə görməzsiniz ki, maşınların üstünə şəhid şəkli yapışdırsınlar, görüntü nümayiş etdirsinlər. Şəxsən mənim bir vətəndaş kimi mövqeyim odur ki, şəhid bizim ürəyimizdə yaşamalıdır, o bizim vicdanımızda, şəhid ailəsinə qarşı olan davranışımızdadır. Şəhidin şəklini maşının üstünə vurmaq, mağazaları bəzəmək və s. lazım deyil. Başa düşürəm, bu hörmətdən, ehtiramdan irəli gəlir, amma onu qoruyub-saxlamaq da lazımdır. Onu təmiz saxlaya bilmirlər, üstü-başı batır, rəngi solur, bərbad vəziyyətə düşür. Və çox təəssüflər olsun ki, bundan öz mənfəətləri xətrinə istifadə edənlər var. Mən dəfələrlə rast gəlmişəm, bundan sui-istifadə edənlərin sayı dəhşət çoxdur. Baxırsan ki, adam avtoxuliqanlıq edir, kəmər taxmır, hər oyundan çıxır, polis saxlayanda da ilk sözü bu olur: “Mənə hörmət eləmirsən, heç olmasa, şəhidə hörmət elə”. Həmin oğul səndən ötrü gedib şəhid oldu ki, sən şəhərdə at oynadasan?! Bu nə biabırçılıqdır?”.