Yenə də marşrut avtobusları qaçdı-qovdu oyunu oynayır...
Aprelin 8-də Bakının Nizami rayonu ərazisində, “Lotos” və “Diqlas” ticarət mərkəzlərinin qarşısında ölümlə nəticələnən yol qəzası bir daha Bakıdakı yol mədəniyyətsizliyinin sübutu oldu. Belə ki, 103 saylı marşrut xətti ilə hərəkət edən avtobus, yolun qadağan olunmuş hissəsindən keçən piyadaları vurduqdan sonra 30 saylı marşrutun avtobusuna çırpılması nəticəsində, nəticədə 60 yaşlı bir qadın öldü, 9 sərnişin xəsarət aldı. Hadisənin əsas günahkarı hərəkət qaydalarını pozan avtobus sürücüsü olsa da, yolun hərəkətin sıx olduğu hissəsindən yol keçməyə çalışan piyadaların da məsuliyyəti az olmadı.
Adətən normal cəmiyyətlərdə, hər hansı neqativ olay daha pis bədbəxt hadisələrin baş verməməsi üçün bir siqnal olur, həm insanlar, həm də dövlət qurumları həmin hadisənin təkrarlanmaması üçün üzərinə düşəni yerinə yetirir. Biz də bu ümidlə, qəzanın baş verdiyi yerdə qayda-qanunun bərpa edilməsi ümidi ilə hadisədən 2 gün sonra hadisə yerinə baş çəkdik. Lakin gördüklərimizi izah etməyə bir ifadə yetərli idi: köhnə hamam, köhnə tas.
“8-ci kilometr” bazarının qarşısında həyat heç nə olmamış kimi öz axarında davam edir. Yenə də, piyadalar yaxınlıqdakı yeraltı keçidi qoyub maşınların arası ilə yolu keçir, yenə də marşrut avtobusları qaçdı-qovdu oyunu oynayır, yenə sıxlıq, yenə tıxac və zilə qalxan siqnal səsləri...
Bazar əhli iki gün öncəki qəzanı unutmayıb
Qəza olan gün yaxınlıqda olan sürücülər qəzanın baş vermə anından danışarkən biz də qulaq müsafiri olduq.
Deyirlər ki, qəza 103 saylı marşrutun dar yolda ötmə əməliyyatını edərkən baş verdi. Sürücü bazarın yuxarı hissəsindən aşağıya doğru eniş yolda gələrkən, digər avtobusu keçməyə çalışdı. Ticarət mərkəzlərinin arasındakı yol ensiz olduğundan 103 saylı avtobus səkinin üzərinə çıxdı və idarəetməni itirdi. 30 saylı avtobus dayanacağa yaxınlaşıb saxlayan zaman ona çırpıldı. Xoşbəxlikdən yolu keçən piyadalar yoldan qaça bildilər. Əks halda onlarla insan həlak olacaqdı”.
Köhnə hamam, köhnə tas...
“8-ci kilometr” bazarı paytaxt Bakının ən sıx nöqtələrindən biri sayılır. Kənd təsərrüfatı məhsullarının topdan satış mərkəzinin, geyim satışı mağazalarının, eləcə də “Lotos” və “Diqlas” ticarət mərkəzlərinin burada yerləşməsi bu ərazini həm əhali, həm də nəqliyyat üçün cəlbedici edir. Bazarın önündə yol boyu taksilər düzülüb sərnişin gözləyir. Alış-verişə gələnlər şəxsi avtomobillərini yolun kənarında saxlayaraq, yolun bir zolağını zəbt ediblər. Marşrut avtobusları isə, bazardan çıxan piyadaları toplamaq uğrunda rəqabətə giriblər. Bu rəqabət dəfələrlə yüngülvari və ağır qəzalarla nəticələnib. Əksər hallarda avtobusların şüşələri, güzgüləri qırılıb, bəzən sərnişinlər xəsarət alıb. Ən dəhşətli qəza isə ötən gün 60 yaşlı bir qadının həlak olması ilə nəticələnən hadisə olub.
Bundan başqa, yolu keçməyə çalışan piyadaların maşınların arası ilə dolaşması da bu qarışıqlığı və xaosu daha dəhşətli edir. Lakin çıxışı tam olaraq bazarın girəcəyinə açılan yaxınlıqdakı yeraltı keçiddən istifadə edən yoxdur.
Əksər marşrut avtobuslarının yolu buradan olduğundan sürücülər arasında tez-tez mübahisələr olur. Sürücülər intervaldan çıxıb, bir birilərinin vaxtından oğurlayır və demək olar ki, burada hər gün dava düşür.
Ölüm gözlə-qaş arasında...
Ərazidə isə heç bir sivilizasiya elementi yoxdur, nə bir dayanacaq, nə qoruyucu bardyorlar var... Bazarın içi ilə yuxarıdan gələn avtomobillər, sərnişin avtobusları isə mənzərəni daha da acınacaqlı edir. Sürücülər həm təhlükə yaradırlar, həm də tıxaca səbəb olurlar. Bir neçə qəpik artıq qazanmaq üçün sürətlə dayanacağa girib sərnişin götürmək uğrunda qəza şəraiti də yaradırlar. Bir sözlə, “8-ci kilometr” bazarının önündə ölüm gözlə-qaş arasındadır.
Bazarın qarşısından keçən əsas magistral yoldan əlavə, “Lotos” ticarət mərkəzinin arxasında da dayanacaq. Burada vəziyyət daha təhlükəlidir. 214, 103, 20, 141 saylı marşrutlar avtobusları hərəkət xəttini buradan salıblar ki, bazardan çıxan sərnişinləri daha tez yolüstü götürsünlər. İnsanlar də bu “xidmət”ə müsbət reaksiya göstərərək, yolun harasında gəldi, avtobusu saxladıb minirlər. Avtobusların çətinliklə keçdiyi enişli yolda piyadalar da hərəkət edir. Bazardan keçib gedənlərlə avtobus arasında cəmi bir neçə santimetr məsafə olur. Bu isə nəqliyyat vasitələrinin insanların həyatına nə dərəcədə təhlükə yaratdığını göstərir.
Nizami rayonunda, “8-ci kilometr” bazarının qarşısındakı bu vəziyyəti təhlil edən nəqliyyat eksperti İlqar Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərin məsuliyyətini və cəzalarını artırmaq lazımdır: “Bakının bir çox ərazilərində yol infrastrukturunda yenidənqurma işlərinin aparılmasına ehtiyac var. Şəhərsalma prinsipləri belədir ki, öncədən əhalinin sıx olan yerlərində yeraltı keçidlər qurulur. Buna imkan yoxdursa, yerüstü keçidlər qurulur. “Azəravtoyol” ASC bunu diqqətdə saxlamalıdır. Daimi olaraq qəzaların olduğu ərazilərdə, bu qurumun hər hansı siyasəti olmalıdır, həmin ərazidə quruculuq işləri aparılmalıdır.
Məsələnin digər tərəfi isə bəzi vətəndaşların yol mədəniyyətinin olmamasıdır. Bununla bağlı, əhalinin maarifləndirilməsinə, yeraltı keçidlərdən istifadəyə təşviq edilməsinə ehtiyac var. Yol polisləri elə yerlərdə durub vətəndaşları cərimələyir ki, orada insan sıxlığı elə də çox deyil. Ancaq bu ərazidə, bazarın önündəki yolda polis məmurları dayanmalıdır. İnsanları stimullaşdırmalıdırlar ki, keçidlərdən istifadə etsinlər.
Digər bir səbəb odur ki, bu istiqamətdə hərəkət edən marşrut avtobuslarının sayı həddindən artıq çoxdur. Həmin avtobusların sürücüləri də daha çox sərnişin yığmaq üçün rəqabətə girir, sürət həddini aşırlar. Hətta işıqforun qırmızı işığında keçirlər. Nəticə etibarilə də bu cür qəzalar yaranır. Bu problemin həlli üçün ilk növbədə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərin məsuliyyətini və cəzalarını artırmaq lazımdır. Cəzasızlıq hökm sürdüyü yerdə biz bu qəzaların qarşısını ala bilməyəcəyik”.