Ölüm saçan TƏLİM MAŞINLARI – Bu avtomobillərin magistral yolda hərəkəti QANUNİDİRMİ?
Son vaxtlar paytaxt küçələrində təlim maşınlarına tez-tez rast gəlirik. Avtomobil sürməyi öyrənmək istəyənlər təlimçilərə üz tuturlar. Ancaq bəzi hallarda təlim maşınları yollarda digər avtomobillərin hərəkətinə əngəl törədir, yaxud ağır qəzaların baş verməsinə səbəb olurlar. Məlumatlara görə son vaxtlar təlim maşınları ilə törədilən qəzaların sayının artdığı bildirilir.
Belə ki, çox vaxt təlim maşınları tələbələri ilk dəfədən magistrral yola çıxarır. Bu isə yol hərəkəti qaydalarının pozulmasını və qəzaların baş verməsini qaçılmaz edir.
Ümumiyyətlə, təlim avtomobillərinin magistral yolda hərəkəti qanunidirmi? Yoxsa təlim maşınları üçün açıq, boş və kənar ərazilər olmalıdır?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, “Yol hərəkəti qaydaları haqqında” Qanunun tələblərindən biri də odur ki, təlim maşını ilə avtomagistralda hərəkət etmək olmaz:
“Bəzi sürücülər buna əməl etmirlər. Lakin gözdən pərdə asmağa çalışırlar ki, guya təlimçi özü sükan arxasındadır. Amma bəzən biz bunun əksini görürük və baxırıq ki, avtomagistrala çıxan şəxslər də var. Belə hallara yol vermək olmaz, təhlükəlidir və buna görə nəzarəti gücləndirmək lazımdır”.
Ekspert qəzaların sözsüz ki, qaçılmaz olduğunu vurğulayıb:
“Biz təlim maşınlarındakı əzikləri görəndə bilirik ki, vəziyyət heç də yaxşı deyil. Ona görə də avtomobil təlimi ciddi məsuliyyət tələb edir. Ümumiyyətlə, təlim prosesi ciddi nəzarət altında aparılmalıdır. Təlim ilkin mərhələdə qapalı zonada, sonra isə ümumi istifadədə olan yollarda aparıla bilər.
E.Muradlı təlimçilərin sertifkatlaşdırılması məsələsinin aktuallığından da söz açıb:
“Bu məsələ nə qədər vacib olsa da, təəssüf ki, hələ də həllini tapmır. İdeya belədir ki, təlimçilər özləri də təlimə cəlb olunsun və yoxlanılsınlar. Belə olan halda, insanlar da yanına getdiyi təlimçinin peşəkarlığından əmin olacaqlar”.
bizim.media