Ölümə göndərilən kamikadze moped sürücüləri; kimdir müqəssir və nə etməli?

Yazarlar 20 Aprel 2022 08:47 Oxunub 2188
Ölümə göndərilən kamikadze moped sürücüləri; kimdir müqəssir və nə etməli?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mopedçilərin yol hərəkəti qaydalarını kütləvi surətdə pozması heç kimə sirr deyil. Şəxsən mən hər gün saat 9.00 radələrində işə gələrkən Əzizbəyov heykəli deyilən ərazidə eyni moped sürücüsünün qoşa xətti tapdalayaraq geri döndüyünün şahidi oluram.
Bu yaxınıarda problemin həlli üçün moped sürücülərinə də Rusiyadakı kimi sürücülük vəsiqəsi verilməsi təklif edildi. Yaxşı ideyadır, lakin reallaşması üçün azı ilin sonunadək gözləmək lazımdır. Layihəni parlament müzakirə edib təsdiqləməli, sonra dövlət başçısına təqdim edilməlidir. Yəni, kifayət qədər uzun sürən proses olacaq. Bəs buna qədər nə etməli?
Ötən həftə yol polisi moped sürücülərini küçədə saxlayaraq təlimatlandırdı, müəyyən tövsiyələr verdi. Təqdirəlayiq işdir, lakin moped sürücülərini intizama dəvət etmək işini təkcə DYP-dən tələb etmək yanlışdır. Çünki bir çox məsələ sadəcə olaraq polisin səlahiyyətləri çərçivəsində deyil ki, bu da tamamilə normaldır.
Təcrübə göstərir ki, mopeddən nəqliyyat vasitəsi kimi istifadə edənlər qayda pozmağa çox da meylli deyillər. İntizamsız mopedçilər bir qayda olaraq kuryer xidməti göstərənlərdir. Bəs onları hər gün həyatlarını riskə atmağa nə vadar edir?
Restoranların elanlarına baxdıqda hər şey bəlli olur. Yəqin bu tip elanlar sosial şəbəkədə əksəriyyətin qarşısına çıxıb: 10 dəqiqəyə çatdırma, qaynar-qaynar çatdırma, ildırım sürəti ilə çatdırma və s. Bir sözlə, müştəri cəlb etmək üçün mümkün olan bütün variantlar tətbiq olunur. Hansısa restorana zəng edib sadə bir dönər sifariş etdikdə standart cavab belə olur: “10 dəqiqəyə qapınızdadı”. Bəs bu realdırmı? Əlbəttə, yox. 
Təsəvvür edin, Statistika dairəsinin yanındakı iş yerində 1 nəfər Elmlər Akademiyasına yaxın dönərxanadan 2 dönər, 2 ayran və 1 kola sifariş edir. Bu sifarişlərin təkcə hazırlanaraq mopedçiyə təhvil verilməsi üçün azı 5 dəqiqə tələb olunur. Yerdə qaldı maksimum 4 dəqiqə. Sürücü bu məsafəni 4 dəqiqəyə getməsi üçün qaydaları pozması mütləqdir. Nəzərə alaq ki, müştəri də 10 dəqiqə keçməmiş restorana təkrar zəng edəcək.  Beləcə moped sürücsü 2 seçimdən birini etməlidir: ya intizamla sürüb iş yerini itirmək, ya da həyatını riskə atmaq. 
Bəs problemi yoluna qoymaq mümkündürmü? Bəli, birmənalı şəkildə mümkündür. Həm də qısa vaxtda. 
Yuxarıda qeyd etdiyimiz kimi, bir çox məsələ DYP-nin səlahiyyətində deyil. Lakin digər qurumların problemi yoluna qoymaq üçün kifayət qədər səlahiyyətə malikdir. Məsələn, Dövlət Əmək Müfəttişliyi moped sürücülərinin əmək təhlükəsizliyinə  məhəl qoymayan iş yerlərinə qarşı qanun çərçivəsində tədbir görə bilər. Dövlət Reklam Agentliyi qeyri-real, işçilərin həyatını riskə atacaq reklamların yığışdırılmasını tələb edə bilər. İstehlak bazarına nəzarət edən qurumlar da 5 dəqiqəyə gəlirəm deyərək yarım saata gələn məhsula görə xidmət təqdim edəni cəzalandıra bilər. Həm də bu yolla haqsız rəqabətin qarşısı alınar. 3 qurum müəssisənin daxilində nizam yaratsa, küçədə xidmət aparanlara ağırlıq düşməz. 
Təbii ki, 3-cü dünya ölkələrində  tətbiq edilən inzibati metodlarla işləmək yolverilməzdir. Məsələn, təxminən 10 il əvvəl Tanzaniyada mopedlərlə törədilən qəzaların qarşısını almaq üçün kuryer xidməti qadağan edildi. Ölüm göstəricisi azalsa da, hökumət kütləvi işsizlik yaranmasın deyə 1 ay sonra mopedçilərə yenidən icazə verdi. Lakin sərt qayda özünü doğrultdu. 1 ay işsiz qalan kuryerlər artıq daha intizamlı idilər. İndi də bəzi Afrika ölkələrində moped sürücülərinə xəbərdarlıq etmək üçün qısa müddətə də olsa kuryer xidmətləri ləğv edilir. Təbii ki, bu cür. ruslar demişkən “balta yolu ilə” həll yolverilməzdir. Nəticəsi ciddi olsa da, qısamüddətlidir.

 

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh