Banner

Ölümə məcburən gedən piyadalar – ESKALATOR YOXDUR

Yazarlar 24 Fevral 2015 21:41 Oxunub 1963
Ölümə məcburən gedən piyadalar – ESKALATOR YOXDUR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Piyada keçidlərində eskalator yoxdur deyə yolu keçmək düzgün yanaşma deyil»

 

Kamran Əliyev: «Bir çox hallarda sürətli yollarda yaşlı insanlar dəmir çəpərlərin üstündən belə keçməkdən çəkinmir»

 

Son illər paytaxtda onlarla yeraltı və yerüstü keçidlər tikilib. Gözlənilirdi ki, həmin keçidlərin istifadəsindən sonra yol qəzasında həyatını itirən piyadaların sayı azalacaq. Amma yol qəzasının qurbanı olan piyadalar barədə hər gün məlumatlar oxuyuruq. Bir çox qəzalar isə məhz, yeraltı və yerüstü keçidlərin yaxınlığında baş verir. Elə ötən gün də Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Seyid Seyidov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Vəfa Sadıqovanı və qızı Fərqanəni vurub. Nəticədə xəsarət alan piyadalar xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq V.Sadıqovanın həyatını xilas etmək mümkün olmayıb. Maraqlıdır, insanlar nədən bu keçidlərdən istifadə etməyərək öz həyatlarını təhlükəyə atırlar? 

Paytaxt sakini Əntiqə Həsənova deyir ki, hadisənin baş verdiyi ərazidə yerüstü piyada keçidi olsa da, ondan istifadə edə bilmir: «Yaşlı adamam. Düz yolda güclə yeriyirəm. Həmin keçid isə elə tikilib ki, ora qalxmağa gücüm yetmir. Bu keçidlər tikilərkən hər kəs nəzərə alınmalı idi. Bəzi keçidlərdə eskalator olsa da, əksər vaxtlarda işləmir. Keçidlərdə yaradılan eskalatorlar insanların rahatlığını təmin etmək məqsədi daşısa da, bəzən bu eksalatorların işləməməsi insanlar üçün əməlli-başlı çətinlik yaradır. Belə olan halda sakinlər eskalatorların pilləkənlərindən piyada düşüb-qalxmaq məcburiyytəində qalırlar. Buna görə də insanlar həyatları bahasına olsa da, yolu keçməyə məcbur olurlar». 

Hüquqşünas Ərşad Hüseynov deyir ki, piyada keçidlərində eskalator yoxdu deyə yolu keçmək düzgün yanaşma deyil: «Hazırda sürətli yolların əksəriyyətində piyada keçidləri quraşdırılıb. İstər ykrüstü, istərsə də yeraltı keçidlərin hündürlüyü o qədər də yüksək deyil. İstənilən piyada 10-15 addımlıq həmin pilləkənləri qalxa bilər. Düzdür müəyyən əngəlli insanlar üçün xüsusi liflərlərin və eskalatorların quraşdırılması zəruridir. Amma insanın 10-15 pilləkən qalxmayaraq həyatını təhlükəyə atması o deməkdir ki, o adam yaşamaq istəmir. Bununla da həm öz həyatını itirir, həm də başqa bir nəfərin həyatını məhv edir».

Ə.Hüseynov baş verən qəzalarda sürücülərin də günahsız olmadığı qənaətindədir: «Sürətli yollar olsa da, sürücü hər zaman təhlükə ilə rastlaşacağını nəzərə almalıdır. Çünki hətta piyada yolun qadağan olunan ərazisindən keçdiyi halda da sürücü ona yol verməli və onun həyatını təhlükəyə atmamalıdır. Amma elə sürücülərimiz var ki, adi yollarda da ən yüksək sürət həddini seçirlər. Sanki bizim ölkədə hər kəs harasa tələsir. Bu da sonra belə hadisələrin yaşanmasına səbəb olur». 

Məsələyə münasibət bildirən Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli isə deyir ki, yeraltı və yerüstü keçidlərin əksəriyyətindəki pantuslar əlillərin istifadəsi üçün yararsızdır: «Çünki indiyədək standartlar yox idi və hər kəs bu işləri istədiyi formada edirdi. Bununla bağlı standartlar hazırlayaraq 2012-ci ildə Nazirlər Kabinetinə göndərdik. Bu günlərdə cavab aldıq ki, həmin sənədin üzərində işlənilir və yaxın vaxtlarda qəbul ediləcək. Qanunvericilikdə nəzərdə tutulan bu kimi işlərin indiyədək yerinə yetirilməməsi məmurların işlərinə səhlənkarlıqla yanaşması ilə bağlı olub. Bəzi yeraltı keçidlərdə görüntü xatirinə pantuslar qoyulsa da, onların əksəriyyəti standartlara cavab vermir. Halbuki bu, ciddi maliyyə tutumlu iş deyil. Hökumət istəsə, bunu qısa vaxtda həyata keçirə bilər. Sadəcə problemin həlli üçün cəmiyyətlə məmurların istəyi üst-üstə düşməli və kompleks yanaşma tətbiq edilməlidir».

Məsələyə münasibət bildirən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, bu tədbirlərlə piyadalar yol hərəkəti qaydalarına əməl etməyə sövq edilir: «Dövlət Yol Polisi piyada keçidlərinin inşası ilə məşğul olmasa da, bu sahədə vəziyyəti araşdırıb əlaqədar qurumlar qarşısında məsələ qaldırır. Amma hazırda tələb olunan zəruri yerlərdə piyada keçidləri tikilib. Amma piyadalar bu keçidlərdən də istifadə etmir. Baş verən qəzaların da bir çoxu məhz piyada keçidlərinin yaxınlığında baş verir. Həmin ərazilərdə yolu keçən piyadalar saxlanıldıqda müxtəlif bəhanələr gətirir. Bu insanlar sanki öz həyatlarının qəsdinə durub. Bir çox hallarda sürətli yollarda yaşlı insanlar dəmir çəpərlərin üstündən belə keçməkdən çəkirmir. Onlar nəzərə almır ki, saatda 110-120 kilometr gedən avtomobili saxlamaq o qədər də asan deyil. Çox əfsuslar olsun ki, bu qədər maarifləndirmə işlərinə, insanların məsuliyyətə cəlb edilməsinə baxmayaraq piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması halları azalmır. İstər sürətli yollarda, istərsə də şəhəri mərkəzində piyadalar tərəfindən qaydaların pozulması hallarına yol verilir. Amma hər bir piyada başa düşməlidir ki, piyadanın yola çıxması həm öz, həm də digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradır. Elə hadisələr olur ki, sürücü piyadanı vurmamaq üçün avtomobili yayındırması digər günahsız bir hərəkət iştirakçısının faciəsinə səbəb olur. Bu səbəbdən ilk növbədə bu insanar özləri öz həyatlarının qayğısına qalmalıdır». 

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunun tələbinə görə, piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Yol hərəkəti qaydasını pozan piyada barəsində yerində protokol tərtib edilir. Yol hərəkəti qaydalarını pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq 20 manat cərimələnir.

 

Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh