Reklam

"Ona görə neçə il yüzlərlə avtobus BNA-nın həyətində yatıb qaldı ki..." - AÇIQLAMA

Yazarlar 18 May 2022 14:18 Oxunub 4498
"Ona görə neçə il yüzlərlə avtobus BNA-nın həyətində yatıb qaldı ki..." - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İki il bundan öncə Bakı Nəqliyyat Agentliyi 2022-ci il yanvarın 1-dən şəhər nəqliyyatında elektrikli və sıxılmış təbii qaz mühərrikli avtobusların istismara buraxılacağı barədə açıqlama yaymışdı.

2022-ci ilin may ayındayıq və hələ də Bakıda elektrikli avtobuslar yoxdur. Bu proses nə yerdədir? Bakıya elektrikli avtobuslar nə zaman gətiriləcək?

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Redaktor.az-a bildirdi ki, bu məsələ ilə bağlı mühüm işlər həyata keçirilir: “Elektrikli avtobusların gətirilməsi ilə bağlı iş gedir. Yaxın gələcəkdə gətirilə bilər. Bununla bağlı bir neçə istiqamətdə iş aparılır. Dünyanın elektrikli avtobus istehsalı sahəsində aparıcı şirkətləri var, onlarla danışıqlar aparılır. Burada söhbət təkcə avtobusların gətirilməsindən getmir. Gətirdikdən sonra onlara xidmət göstərəcək, eyni zamanda onların normal fəaliyyət göstərməsi üçün infrastruktur qurulması lazımdır. Bu infrastrukturun qurulması ilə bağlı da hələ ki, müəyyən müzakirələr, müəyyən işlər görülməkdədir”.

BNA rəsmisi elektrikli avtobusların akkumulyatorlarının doldurma məntəqələri barədə də məlumat verdi.

“Təbii ki, elektrikli avtobusların da özlərinin ayrıca akkumulyatorların doldurma məntəqələri olmalıdır. Bu məntəqələr istehsalat bazalarının özlərində olmalıdır. Çünki avtobuslarla bağlı tələblərdə göstərilib ki, yanacaq və enerji ilə təminat avtobusların istehsalat bazalarında olmalıdır. Bütün bunlar hamısı kompleks yanaşma tələb edir. Bu istiqamətdə də işlər görülür”, - deyə Mais Ağayev bildirdi.

Nəqliyyat eksperti Elməddin Muradlı da qeyd etdi ki, Azərbaycanda elektrikli avtobuslar əslində 2022-ci il üçün nəzərdə tutulurdu:

“Yəni bu il üçün ki, Bakı şəhərinə dizel mühərrikli avtobusların gətirilməsi və istismarı dayandırılsın. Yalnız elektrikli və qazla işləyən avtobuslar gətirilsin. Amma Baş nazir bu qərarı bir il də uzatdı. 2022-ci il ərzində də, gələn ildən də sıxılmış qazla işləyən avtobuslar və elektrikli avtobuslar gətirilə bilər”.

Ekspert bildirdi ki, elektrikli avtobuslar üçün ölkəmizdə şərait yoxdur:

“Elektrikli avtobusların qiyməti təxminən yarım milyon manatdan çoxdur, bahadır. Azərbaycanda heç elektromobillər üçün düzgün infrastruktur qurulmadığı halda elektrikli avtobus üçün nə kimi imkanlar yaradacaqlar? Bu gün ən dəhşətlisi odur ki, heç sıxılmış qazla işləyən avtobuslar üçün normal şərait yoxdur. Bakı Nəqliyyat Agentliyi birdən-birə qazla işləyən avtobusları alıb gətirdi. Məlum oldu ki, qaz doldurma məntəqələri kifayət qədər deyil. Ona görə neçə il yüzlərlə avtobus elə Bakı Nəqliyyat Agentliyinin həyətində yatıb qaldı ki, doldurma məntəqələri kifayət etmir”.

Elməddin Muradlının sözlərinə görə, birdən-birə elektrik avtobuslarına keçid əlverişli deyil:

“Elektrikli avtobuslarla bağlı bir çox problemlər də ortaya çıxır. Məsələn, bu yaxınlarda Parisdə iki elektrikli avtobus ayrı-ayrı vaxtlarda yandı. Bununla bağlı Paris meriası qərar verib ki, həmin avtobusların istismarı dayandırılsın. Hələ birinci növbədə şəxsi minik avtomobillərinin elektrik mühərrikli olması arzuolunandır ki, bunun üçün infrstruktur yaradılsa, gələcəkdə ictimai nəqliyyatın digər növləri üçün də bu şərait yaradılar”.

Nəqliyyat eksperti qeyd etdi ki, bu avtobusları heç bir şirkət gətirə bilməz:

“Daşıyıcı şirkətlər neçə aydır müraciət edirlər ki, hər şeyin qiyməti qalxıb, gediş haqqını da qaldırın, biz çatdıra bilmirik, tənəzzülə gedirik, batırıq. Hələ onlar 200-250-300 min manat dəyərində avtobuslar gətirirlər. İndi biz onlara tələb qoysaq ki, get yarım milyon manatdan baha olan, biri 500-600 min manata olan elektrikli avtobus gətir, 30 qəpiyə sərnişin daşı, bu, artıq əndazələrə sığası bir şey deyil. Reallıqları da nəzərə almaq lazımdır. Durub bəzək üçün danışsaq ki, bu əladır, bunu edək, gətirək, bir-birimizi alqışlayaq deyək ki, əla, hə, gətirək. Bəs axı bunun digər tərəfini də nəzərə almaq lazımdır”.

Elməddin Muradlı bildirdi ki, zamanla bu avtobuslar gətirilə bilər:

“Bunu kim gətirəcək? Bunu gətirən adamın marağı nədir? Bunu dövlət gətirsə, dövlət üçün bu dəqiqə yük nə qədər desəniz var. İşğaldan azad olan torpaqların qurulması, infrastruktur və s. məsələlər. Dövlət üçün bu dəqiqə hər qəpiyin dəyəri böyükdür. Daşıyıcı şirkətlərə, özəl sahibkarlıq fəaliyyətinə həvalə etmək lazımdırsa, sahibkarın da marağı odur ki, pul qazansın. Sahibkar gedib yarım milyona, 600 min manata elektrikli avtobus alıb gətirəcək, doldurma məntəqəsi yox, 30 qəpiyə də sərnişin daşımalıdır, o da ona sərf etmir. Ona görə reallıqdan bir az uzaqdır. Amma zamanla bu elektrikli avtobuslar da ola bilər. Olsa, yanacaqdoldurma məntəqələri də ayrı olacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh