Banner

Ötmə zamanı edilən səhv bağışlanmır; ÖLÜM

Yazarlar 18 İyun 2014 17:11 Oxunub 4955
Ötmə zamanı edilən səhv bağışlanmır; ÖLÜM
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobili mövcud yol şəraitinə uyğun sürmək lazımdır

 

 

Ötmə əməliyyatı zamanı qəza törədənlərin hamısı «tələsirəm» sindromundan əziyyət çəkənlərdir

 

Ölkəmizin yollarında baş verən və ikidən çox (bəzən 5-dən də çox) adamın ölümü ilə nəticələnən ən ağır yol-nəqliyyat hadisələrinin mütləq əksəriyyəti  ötmə qaydalarının pozulmasından ibarətdir. Şəxsi qənaətimə görə, ötmə qaydalarının pozulması belə qəzaların ən azı 80 faizini təşkil edir. Belə faciəli göstərici həm yollarımızda avtomobil sıxlığının kifayət qədər olması və yolların konstruksiyasının buna uyğun olmaması ilə bağlıdır, həm də bəzi sürücülərin ötmənin elementar qaydalarına laqeyd yanaşmasının nəticəsidir. Birinci səbəb (avtomobil sıxlığı və yolların konstruksiyasının buna uyğun olmaması) bir qədər obyektiv xarakter daşıyır, yəni konkret sürücüdən asılı deyil. İkinci səbəb (ötmənin elementar qaydalarına riayət etməmə) isə birbaşa olaraq sürücülərlə bağlıdır. Özü də, hər bir sürücü çox sadə bir məntiqə istisnasız riayət etməlidir: avtomobili mövcud yol şəraitinə uyğun sürmək lazımdır. Yol şəraitinə uyğun olmayan sürət, manevrlər və s. qaçılmaz qəza deməkdir. 

Bəs sürücülərimiz ötmə ilə bağlı hansı səhvlərə yol verirlər? Bunlardan əsaslarını sadalayaq.

1. Əksər sürücülər, o cümlədən ötmə əməliyyatı zamanı qəza törədənlərin hamısı yalançı «tələsirəm» sindromundan əziyyət çəkənlərdir. Məsələn, Bakıdan Şamaxıya gedərkən hərəkət qaydalarına məhəl qoymayan, o cümlədən harada gəldi ötmə əməliyyatı edən sürücü hərəkət qaydalarına tam riayət etməklə hərəkət edən sürücüdən uzaqbaşı 15-20 dəqiqə tez mənzil başına çatır. Təsəvvür edin, həmin yolda «tələsənlərin» böyüuuml;k əksəriyyəti ya istirahət etməyə gedir, ya da istirahətdən qayıdır. Belə bir adam üçün yola 15-20 dəqiqə artıq vaxt sərf etməyin hansı problemi ola bilər? Əlbəttə, heç bir problem ola bilməz. Əksinə, bəzən həmin 15-20 dəqiqəni Sulutəpədən Şamaxinkaya qədər tıxacda itirə bilərsiniz. Digər tərəfdən, yolda törətdiyiniz kobud qayda pozuntularından birinə görə DYP əməkdaşı sizi saxlasa, həmin 15-20 dəqiqəni onunla çək-çevirə və sənədləşməyə sərf etməli olacaqsınız. Əlavə olaraq 60-100 manat civarında cərimə ödəməklə 3-4 cərimə balı da qazana bilərsiniz. Belə olan halda hər hansı «tələsirəm»dən söhbət gedə bilməz. 

2. Sürücülərimizin əksəriyyəti ötmə zamanı sürət rejimini pozurlar. Hər bir sürücü yadda saxlamalıdır ki, ötmə manevri istisnasız olaraq yolda mövcud olan sürət həddini aşmamaqla həyata keçirilməlidir. Deməli, məsələn, Bakı-Şamaxı yolunda 90 km/saat sürətlə hərəkət edən nəqliyyat vasitəsini ötmə hər bir halda qayda pozuntusu olacaq, çünki onu ötmək üçün sürəti 100 km/saat və daha yuxarı həddədək qaldırmaq qaçılmazdır. Ötmə qaydalarını pozaraq baş verən qəzaların ağır nəticəsinin əsas səbəbi də elə bu manevrin yüksək sürətlə edilməsi olur. 

3. Bəzi sürücülər sıx nəqliyyat axınında dözə bilməyib bütöv bir  avtomobil dəstəsini birdəfəyə ötmək qərarına gəlirlər. Lakin belə halda ötmə daha uzun müddət davam edir və əksər hallarda qarşıdan gələn avtomobil olduğundan həmin dəstənin ortasında öz dəstəsinə qayıtmaq zərurəti yaranır. Bəzən dəstədəki avtomobillər yaxın olduğundan onların arasına keçmək çox çətin olur. Bunun nəticəsində başı dəstənin arasında özünə yer tapmağa qarışan sürücü üz-üzə gələn avtomobili unudur və ağır toqquşma baş verir. Ona görə də qrup halında olan avtomobilləri ötmə məsələsinə son dərəcə diqqətlə yanaşmaq lazımdır. Gecə vaxtı isə buna yol verməmək ən yaxşı variantdır. 

4. Yollarda hər iki istiqamətdə çoxlu sayda avtomobil olduğundan ötmə zamanı sürücülərin yol verdiyi ən kobud səhv qarşıdan gələn avtomobillə bağlı düzgün hesablama aparmadan ötməyə başlama və ötməni başa çatdıra bilməyərək onunla üz-üzə toqquşmadır. Sadə bir hesablama aparaq. Minik avtomobili ilə hərəkət edirsiniz və qabaqda 90 km/saat sürətlə hərəkət edən minik avtomobilini ötmək istəyirsiniz. Bu zaman sürət rejimini kobud aşmamaq üçün hesab edək ki, ötməni 100 km/saat sürətlə həyata keçirəcəksiniz. Belə halda təhlükəsiz ötmə manevri minimum olaraq 16 saniyə davam edəcək. Həmin 16 saniyə müddətində sizin avtomobiliniz təxminən 440 m məsafə qət edəcək. Başqa sözlə, siz 440 m məsafədə ötmə vəziyyətində olacaqsınız. Bu zaman əks istiqamətdən də 90 km/saat sürətlə avtomobil gəlirsə, həmin avtomobil bu 16 saniyə ərzində sizə doğru daha 400 m yaxınlaşacaq. Deməli, göstərdiyimiz şəraitdə qarşıdan gələn avtomobillə aranızdakı məsafə 840 metrdən azdırsa, ötmə təhlükəlidir, hətta üz-üzə toqquşma da ola bilər. Həmin məsafə bundan əhəmiyyətli dərəcədə az olduqda isə üz-üzə toqquşma və faciə qaçılmazdır. Ona görə də ötmə zamanı yol şəraitini son dərəcə diqqətlə qiymətləndirmək və təhlükəsiz ötməyə əmin olduqdan sonra bu manevri etmək lazımdır. 

5. Bəzi sürücülər ötmə zamanı ötdükləri və sürdükləri avtomobillərin xüsusiyyətlərini nəzərə almırlar. Bu zaman nəzərə alınmalı olan əsas meyar ötdüyünüz avtomobilin sürəti və uzunluğu, idarə etdiyiniz avtomobilin sürəti və manevr qabiliyyətidir. Əgər avtomobiliniz ən qısa zamanda zəruri sürəti yığaraq ötmə üçün lazım olan sürətlər fərqini yarada bilmirsə, ötməyə girişməyin. Nəzərə alın ki, yol şəraitindən asılı olmayaraq sürətlər fərqi 10 km/saatdan az olduqda ötmə təhlükəlidir. Çünki belə ötmə çox uzun müddət davam edəcək. Uzun nəqliyyat vasitəsini də ötməyə diqqətlə yanaşmaq lazımdır. Məsələn, sürətləri eyni olan 20 metrlik qoşqulu avtomobili və minik avtomobilini ötmə müddətləri arasında 4-5 saniyə fərq ola bilər. Həmin 4-5 saniyə isə 100 km/saat sürətlə hərəkət edən avtomobil üçün təxminən 110-140 m məsafə deməkdir. Yəni uzun avtomobili ötərkən ötmə məsafəsi bu qədər artmış olur. 

6. Ötmənin ən çox pozulan qaydalarından biri də məhdud görünmə sahəsində ötmədir.  Yolun az bir hissəsinin göründüyü döngələrdə, aşırımlarda, meşə yollarında, xüsusən dumanda, çiskində son dərəcə diqqətli olmaq lazımdır. Sürücülər belə bir yazılmamış qaydanı yadda saxlamalıdırlar: əgər rahat ötməni başa çatdıracağınız məsafədən ən azı 2 dəfə artıq məsafədə yol görünmürsə, ötməyə qətiyyən yol verilə bilməz.  Bundan kiçik məsafədə ötmə manevrinə başlamaq qəflətən üz-üzə gələn avtomobillə toqquşma riski deməkdir.  

Sürücülər ötməyə dair hərəkət qaydalarının digər tələblərinə də ciddi riayət etməlidirlər. Yadda saxlamaq lazımdır ki, hər hansı mənasız mülahizədən yol verdiyiniz xırda bir qayda pozuntusu özünüzün və ya yaxınlarınızın həyatını itirməsinə, yaxud taleyinizi dəyişən ağır faciələrə gətirib çıxara bilər. Ona görə də son dərəcə intizamlı və diqqətli olun. 

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert

ŞƏRH YAZ
Ad

E-mail

Şərh