Özünü ölümə, sürücüləri həbsxanaya aparanlar - VİDEO
2017-ci il ərzində piyada vurulması halları Bakı şəhəri üzrə ötən il baş vermiş yol-nəqliyyat hadisələrinin yarıdan çoxunu təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. V.Əsədov bildirib ki, ötən il qəzaların sayında azalma müşahidə edilir, ancaq piyadaların vurulması ümumi hadisələrin yarıdan çoxunu təşkil etdiyindən narahatlıq doğurur: "Yenə də piyadaların vurulmasının piyada keçidlərinin yaxınlığında baş verməsinin şahidi oluruq. Bu da təbliğat işlərinin daha da gücləndirilməsinə, eyni zamanda praktiki tədbirlərin keçirilməsinə zərurət yaradır. Təbliğat işinin gücləndirilməsində mətbuat da öz dəstəyini əsirgəməməlidir. Piyadalar da sürücülər kimi svetoforun işıqlarının tələblərinə əməl etməlidirlər. Piyadalar yolu keçərkən yaxınlaşmaqda olan nəqliyyat vasitəsinə diqqət yetirməli, xüsusilə günün qaranlıq vaxtları, həmçinin işıqlanmayan ərazilərdə daha diqqətli olmalıdırlar. Piyada zolaqları ilə avtomobil yollarının kəsişməsində süni sıxlığın yaşanmamağı üçün piyadalar ən azı nəqliyyat vasitəsinin tam dayandığını yəqin etdikdən sonra hərəkət etməlidirlər. Piyadalar unutmasınlar ki, yaxınlaşmaqda olan avtomobil texniki cəhətdən nasaz ola bilər, əyləc sistemi işləməyə və ya sürücü diqqətsiz ola bilər. Piyadaları nizam-intizama, sürücüləri sükan arxasında olarkən diqqətli olmağa dəvət edirəm, eyni zamanda, mətbuatı bu istiqamətdə maarifləndirmə işini gücləndirməyə çağırıram”.
V.Əsədov əlavə edib ki, ötən il ərzində 88 minə yaxın piyada inzibati məsuliyyətə cəlb edilib. Həqiqətən də, piyadaların səbəb olduğu yol-qəza hadisələrinin sayının azalmaması, əksinə, ümumi nisbətdə artması ciddi narahatlıq doğuran haldır. Şəhərdə kifayət qədər yeraltı və yerüstü keçidlərin olmasına baxmayaraq, piyadalarla bağlı qəzalar azalmır. Üstəlik elə həmin piyada keçidlərinin yaxınlığında baş verən qəzalar da az deyil. Biz də piyadalarla bağlı qəzaların səbəblərini və səhlənkarlıqların qarşısının alması üçün hansı işlərin görülə biləcəyini öyrənməyə çalışdıq.
Piyada dərk etmir ki...
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyir ki, bu barədə mətbuat yazır, insanlar oxuyur və yol qəzasına səbəb olmuş piyadanı qınayır. Amma yola çıxanda həmin səhvi özü edir: "Hər gün şahid olduğum hadisədən bir misal çəkim. Bizim redaksiyanın yaxınlığında yerüstü piyada keçidi var. Fikir vermişəm demək olar ki, əksəriyyət insan 5 metr qabağa gedib, həmin keçiddən keçmir. Elə olduğu yerdən yolu keçməyə çalışır. Bu zaman sürücü piyadanı vurmamaq üçün arxadakı maşını nəzərə almadan qəfil əyləci basır. Həmin an istər-istəməz qəza şəraiti yaranır. İnsan məsuliyyətsizliyi böyük bir hadisəyə səbəb olur. Piyada dərk etmir ki, onu vuran sürücü sonra nələr çəkəcək. Psixoloji sarsıntıdan tutmuş maddi və mənəvi ziyana qədər problemlər yaşayacaq. Sürücünü tutmasalar belə, onun yaşadığı psixoloji sarsıntı, bir ömür əzab çəkməsi ən böyük cəzadır”.
E.Muradlı deyir ki, belə qəzaların azalması üçün DYP ilə KİV birgə çalışmalıdır: "Bu mövzuda DYP daha çox işlər görməlidir. Əyani şəkildə insanlara bu qəzaların nə ilə nəticələnə biləcəyini izah etməlidirlər. Sosial video çarxların, animasiya filmlərin hazırlanmasında maraqlı olmalıdırlar. Çəkilən videolar kütləvi informasiya vasitələrində yayımlanmalıdır. Xüsusilə də, insanların televiziyaya daha çox baxdıqları vaxtlarda bu sosial çarxlar efirə verilməlidir. Misal olaraq qonşu Türkiyəni göstərmək olar. Qardaş ölkədə çox sanballı, maarifləndirici videolar hazırlayırlar. Orada bu cür qəzaları törədənlərə "trafik canavarı” deyirlər. Onların çox gözəl devizi var. "Trafik kurallarına uyalım, uymayanları uyaralım”. Bu deviz mənim beynimə həkk olunub. Məncə, bu kimi təbliğat işlər bizdə də görülməlidir”.
Həm öz ölümünə, həm də sürücünün həbsinə səbəb olanlar
Sağlam Cəmiyyət İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı deyir ki, piyadaların günahı ucbatından yol qəzaları hər gün çoxalır. "Təəssüf ki, şəhərimizin bir çox yerində rastlaşdığım vəziyyətdir. 50 metr yaxınlıqdakı piyada keçidindən keçməyib yüksək sürətli avtomobillərin hərəkət etdiyi yola çıxan, həm öz həyatını təhlükəyə atan, həm də sürücülərə qəza şəraiti yaradan piyadalarımız çoxdur. Piyada keçidlərindən az sayda vətəndaşımız istifadə edir. Anlamıram, keçiddən istifadə edib yolu maneəsiz və təhlükəsiz keçmək var ikən insan niyə həyatını riskə atmalıdır? Bir də görürsən qara qiyafəli bir piyada qəfil yol kənarındakı ağacın, kolun arxasından yola çıxır. Sürət həddi saatda 100-110 km olan, alaqaranlıq yolda hərəkət edən avtomobilin əyləc sistemi 10-15 metr qabaqdakı piyadanı vurmamaq üçün fövqəl gücə malik deyil. Bu zaman qəza və ölüm hadisəsi qaçılmazdır. Həm öz ölümünə, həm də sürücünün həbsinə səbəb olan piyada o yola atılmamışdan qabaq nə düşünür bilmirəm. Bildiyim odur ki, piyadaların günahı ucbatından yol qəzaları çoxalır”.
Öz başlarına gələ biləcəyini düşünmürlər
Sosioloq deyir ki, bəlkə də cərimələr artırılmalıdır: "Piyadaların cərimələnməsi də bir işə yaramadı. Ya piyadamızın pulu çoxdur, ya da cərimə miqdarı az təyin olunub. Əgər bircə dəfə 20 manat cərimə eləsələr, bu, mənə dərs olar. Qətiyyən bir də bu səhvimi təkrarlamaram. Bütün bunlardan sonra yenə də piyadalar avtomobil yoluna atılırlarsa, demək ki, nə isə düzgün edilmir. Nəhayətində bu problemin bir həlli yolu olmalıdır”.
Müsahibimiz maariflənmə məsələsinə də toxundu: "Məsələ bundadır ki, vətəndaşlar maariflənmək istəmir. Sizcə, hər axşam efirlərdə göstərilən avtomobil qəzalarını, sayt və qəzetlərdən əskik olmayan piyada səhlənkarlığı səbəbindən baş vermiş dəhşətli qəza fotolarını onlar görmür? Əlbəttə görürlər. Sadəcə, "eh, mənə nə!” deyib öz başlarına gələ biləcəyini düşünmürlər. Siz də, biz də, aidiyyəti qurumlar da bu qəzalardan sığortalanmaq üçün piyadalara keçiddən istifadə etməyi, işıqforda gözləməyi xatırladırıq, DYP-nin telekanallarda proqramları da var, orada lazımı qədər xəbərdarlıq da edilir. Amma faydası yoxdur. Əvvəl yol qəzasında həlak olmuş vətəndaşların şəkillərinin mediada açıq verilməsinə qarşı idim. Amma indi fikirləşirəm ki, bu fotoşəkillər, kadrlar açıq verildiyi halda vətəndaş dərs götürmür, bağlansa, ümumiyyətlə heç kim vecinə almaz. Bizim əlimizdən maksimum məlumatlandırmaqdan başqa heç nə gəlmir. Yenə iş lazımı orqanın üzərinə düşür”.
20 manat cərimə
Vəkillər Kollegiyasının üzvü Xəyal Bəşirov qeyd edir ki, bu qədər yol qəzalarının baş verməsinə baxmayaraq, insanlarımız məsələyə yenə də laqeyd yanaşırlar: "Piyadalar unutmamalıdırlar ki, onlar da yol hərəkətinin iştirakçılarıdırlar və digərləri kimi hərəkət qaydalarına ciddi əməl etməlidirlər. Bu, həm onların, həm də yol hərəkətinin digər iştirakçılarının həyatı və təhlükəsizliyi baxımından zəruridir. Eyni zamanda qanunun imperativ tələbidir. Qanunda müvafiq inzibati məsuliyyət tədbirləri də nəzərdə tutulub. Bu tədbirlər insanları bu qàyda pozuntularından mümkün qədər çəkindirməyə xidmət edir. Belə ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində inzibati məsuliyyət tədbiri qeyd olunub. Həmin maddənin tələblərinə görə, piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni işıqforun və ya nizamlayıcının işarələrinə riayət edilməməyinə, yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmağına, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməyinə görə 20 manat məbləğində cərimə inzibati tənbeh tədbiri nəzərdə tutulub. Bundan başqa, piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə də 20 manat məbləğində cərimə müəyyən edilib”.
"Kaspi" qəzeti