Parisdə parklanma problemi necə həll edilib? - Araşdırma - FOTO
Bakıda parklama məsələsi illərdir müzakirə predmetidir. Bu işin şəhərin əksər hissəsində düzgün təşkil edilməməsi göz qabağındadır. Hətta vaxtilə parkmetrlərin olduğu ərazidə əlavə işçilər də xidmət aparırdı. Bəs başqa ölkələrdə vəziyyət necədir?
Avtosfer.az məsələni Parisin nümunəsində araşdırıb. Hərəkət intensivliyi ilə seçilən bu şəhərdə ilk parkmetrlər ötən əsrin 70-ci illərində quraşdırılıb. Məqsəd şəhərin mərkəzi hissəsini boşaltmaq, ictimai nəqliyyatın işini asanlaşdırmaq idi. Buna müəyyən qədər nail olunub.
Parisdə yaşı 15-dən az olan 620 000 avtomobil qeydiyyatda olsa da, park yerlərinin sayı təxminən 250 mindir. Əhalinin 55%-nin şəxsi avtomobili yoxdur. Şəxsi evlərdə (bizim təsnifatda həyət evi) park yerlərinin sayı 525 mini ötür. Parkinqlərin cəmi 0,9%-i hər zaman pulsuzdur.
Bəs necə olur ki, parkinq yeri az, maşın çox olda da heç kim səkidə park etmir?
Statistikaya baxaq: Paris əhalisinin yarıxı yaxın məsafəyə piyada gedir. Aktiv əhalinin 32%-i ictimai nəqliyyatdan, 10%-i avtomobildən, 5%-i isə velosipeddən istifadə edir. Əsas nəqliyyat növü olan metroda dəqiqlik göstəricisi 98%-ə çatır.
Parklanma yerlərinə gəlincə, burada qiymətlər zonaya, yaşayış yerinə və digər parametrlərə görə dəyişir. Bütün ödənişli dayanacaqlarda saat 09.00 – 20.00 arası parklama pulludur. İstirahət və bayram günləri, həmçinin avqust ayında parklamaya görə ödəniş tələb olunmur.
Qiymətlər isə qonaq, sakin və yük avtomobili kateqoriyalarına bölünür. Parislilər yaşadıqları ünvana yaxın ərazidə avtomobili park etmək üçün gündəlik 1,5 avro, həftəlik isə 9 avro ödəyirlər. Ekoloji təmiz avtomobillərə (elektromobil, hidrogen) parklama pulsuzdur.
Qonaq statusunda parklama
Yük avtomobilləri (3,5 tondan yuxarı) üçün parklama
Bundan başqa, ticarət obyektləri və iş adamları üçün illik endirimli parklama qiymətləri mövcuddur ki, bunun da təffərüatına varmaq lüzumsuzdur. Əksər idman komplekslərinin ətrafında parklama pulsuzdur. Şəhərin büdcəsinə parklamadan ildə təxminən 380 milyon avro daxil olur.
Parklama qaydalarını pozmağa görə də ciddi cərimə tətbiq edilir. Şəhərin mərkəzində qayda pozuntusu 75, kənarda isə 50 avro cərimə ilə cəzalandırılır.
Bəs nəzarət?
Parisdə ictimai nəqliyyatın işini və parklamanı təşkili bələdiyyənin səlahiyyətindədir. Qanunsuz parklamanı polis rəsmiləşdirir. Ödənişlər isə həm onlayn, həm də parkmetrlədir. “Parkovşik” peşəsi mövcud deyil.
Doğrudur, Parisdə də parklama ilə bağlı narazılıq və problemlər mövcuddur. Lakin yanaşma fərqlidir. İş elə qurulub ki, şəxsi avtomobildən gündəlik istifadə zərurəti minimuma enib. İctimai nəqliyyat kifayət qədər yaxşı işlədiyi üçün şəxsi avtomobillə hər gün yola çıxmağa ehtiyac qalmır.
Bir sözlə, ölkədən asılı olmayaraq, istənilən şəhərdə nəqliyyatın hərəkətini asanlaşdırmaq üçün ilk növbədə ictimai nəqliyyatın işini düşgün təşkil etmək lazımdır. Həftə sonları ictimai nəqliyyatın işləmədiyi dövrdə Bakıda yaranan xaos uzaq tarix deyil.
Vüqar Yaşaroğlu