Reklam

Parkinq probleminin həlli üçün bu təklifləri də NƏZƏRDƏN KEÇİRİN

Yazarlar 25 Fevral 2022 18:28 Oxunub 1412
Parkinq probleminin həlli üçün bu təklifləri də NƏZƏRDƏN KEÇİRİN
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunları tapdalayıb Bakını sökə-sökə tikənlər yol şəbəkəsini dağıtdı

Parklanma ilə bağlı vəziyyətimiz heç də yaxşı deyil. Ona görə ki, Bakıda xaotik tikinti bumu gedib və gedir də. Özünü qanunlardan üstün sayan məmur-oliqarxlar öz bildiyini edib və proses davam edir.

Bu gün çoxları elə bilir ki, bu sahədə qayda-qanun yoxdur. Amma var. Qanun da var, qayda da. Məsələn, Şəhərsalma Məcəlləsi, Bakınln Baş Planı və nəhayət, çoxlarının xəbərsiz olduğu Yol hərəkəti haqqında qanun. Qanunun 31-ci maddəsində açıq-aydın yazılıb ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları:

1) yaşayış məntəqələrinin layihələşdirilməsi zamanı nəqliyyat vasitələri duracaqlarının, habelə qarajlarının yollara bitişik ərazilərdə yerləşdirilməsini planlaşdırmalıdırlar;

2) qarajların və ya duracaqların tikintisi üçün torpaq sahələrini bu barədə müraciət etmiş şəxslərin olduqları ərazinin və ya onların yaşadığı binaların yaxınlığında ayırmalıdırlar.

Amma gözünü pul tutmuş icra başçıları, FHN-nin özü, onun ayrı-ayrı strukturları, bir sözlə, tikintiyə icazə verən 30-a yaxın dövlət qurumu hər şeyə göz yumdu, axırda da kim harada gəldi bina tikdi, parklanma yerləri zəbt olundu, səkilər zəbt olundu, qanun bir kənarda qaldı, pul hər şeyi həll etdi. Yəni, bina tikənlərə "parklanma üçün şərait yarat" deyən olmadı. Və bu da nəticəsi.

İndi Bakıda nəfəs almaq olmur. Hamımız yol polisini, Bakı Nəqliyyat Agentliyini asıb-kəsirik, tələb edirik. Amma nəzərə almaq lazımdır ki, bəzən onları da saya salmayan məmur-oliqarxlar var ki, bildiyini edir.

Bəlkə də Azərbaycan yeganə ölkədir ki, hündürmərtəbəli binanın təməli səkidə qoyulur, səkidə kafe-restoran açılır. Bəli, o dərəcədə bərbad yol infrastrukturumuz var ki, həll etmək çətindir. Lakin çıxış yolu var. O da ictimai nəqliyyatı gücləndirmək. Beləcə, gündəlik avtomobildən istifadə edənlərin sayı azalacaq. Şəhərimizdə maşınların sayı azaldıqca yollar boşalacaq, rahat nəfəs alacağıq.

Bəs maşını olanlar nə edəcək? Bəli, ən qəliz sual da elə budur. Nə olur olsun sahibkarlar arasında təbliğat aparmaq lazımdır. Ki, otel, restoran, əyləncə mərkəzi, avtoservis, gözəllik salonu tikdiniz, yetər. Parkinq yerləri də tikmək lazımdır. Çoxmərtəbəli parkinq yerləri tikmək üçün sahibkarları bu sahəyə təşviq etmək lazımdır. Mümkün olduqda dövlət özü də bu sahəyə investisiya qoya bilər. Amma hazırkı şəraitdə sahibkarlara yol açmaq daha məntiqlidir. Bunu üçün ciddi işlər görmək lazımdır. Sahibkarlar üçün elə cəlbedici şərtlər qoymaq lazımdır ki, onlar bu işə yatırım qoymağa maraq göstərsinlər. Bürokratik əngəllər olmasın, rüşvət olmasın. Əgər sahibkar bilsə ki, ona dəyib-dolaşan olmayacaq, yəni, FHN tikintiyə rəy vermək üçün bir milyon "şapka" istəməyəcək, icra başçısı aylıq "tas" qoymayacaq, polis müdaxilə etməyəcək, o zaman rahat şəkildə bu işə girişəcəklər.

Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi bu istiqamətdə yol polisi və Bakı Nəqliyyat Agentliyi ilə işləməlidir. Əminəm ki, müsbət nəticə olacaq. Hər tində bir otel-restoran tikən sahibkarın gözünü açmaq lazımdır ki, parkinq işi də pul gətirir...

Yetənə yetib, yetməyənə də bir daş atıb cərimə yazmaq vəziyyətdən çıxış yolu deyil. Bu yanaşma gündəlik çörəkpulu üçün işə gedib-gələn birinin davranışına bənzəyir. Yəni, sistemli, proqmatik yanaşması, inkişaf planı olmayan nəqliyyat siyasəti inkişaf etməlidir. Yoxsa, "bu gün 100, sabah 150 nəfəri cərimələdik" deyən qurumun sonu bəllidir.

Cənab Prezident İlham Əliyev dedi və nəticə gözlədi. Dedi ki, parklanma ilə əvvəlcə şərait yaratmaq, sonra cərimələmək lazımdır. Amma bəzi qurumlar şəraiti unudub cəriməni üstün tutdu. Elə buna görə də, yeni fərman imzalandı, yeni yanaşma tələbi ortaya çıxdı. Bu prosesə sistemli yanaşma olmayana qədər vəziyyət dəyişməyəcək...

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh