Parklamalarla bağlı verilən təkliflər nəqliyyat sahəsinə necə təsir göstərəcək?
Bakı Nəqliyyat Agentliyi (BNA) Nazirlər Kabinetinə bir neçə təkliflər verib. Bu barədə BNA-nın yaydığı məlumatda nəzərdə tutulan təkliflərlə bağlı qeyd edilir ki, Bakının mərkəzindəki parkinqlərlə şəhər kənarındakılarda qiymət eyni olmayacaq. Bundan başqa, parklamaların gecə saatlarında ödənişsiz olması, gündüz isə 2 saatdan sonra ödənişli edilməsi nəzərdə tutulub.
Bəs bütün bu dəyişikliklər nəqliyyat sahəsinə necə təsir göstərəcək?
Məsələ ilə bağlı Azadinform-un suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu, uzun müddət həllini gözləyən məsələlərdəndir: “Çünki Bakı şəhərində dayanma-durma və parklama ilə bağlı vəziyyət heç də ürəkaçan səviyyədə deyil. İnsanlar arasında böyük narazılıq var. Bu da ondan irəli gəlir ki, Bakının küçə və prospektlərinin 60 faizində, bəlkə də artığında dayanma-durma, parklanma üçün yer nəzərdə tutulmayıb. Yəni birmənalı şəkildə qadağan edilib. Bu baxımdan sürücüləri aidiyyəti orqanlar anlamalı, xüsusən də taksi sürücülərinə qarşı bir az diqqət göstərməlidir. Çünki onlar gündəlik plan verir, əksəriyyəti avtomobillərini kreditə götürür, işsizlik və bu kimi səbəblərdən taksi xidməti ilə məşğul olurlar. Onların hamısı heç də təhsilsiz insan deyil, aralarında ziyalı, keçmiş polis əməkdaşı, hərbiçi, həmçinin öz işində ixtisara düşərək işsiz qalanlar da var ki, gəlib taksi kimi xidmət göstərirlər. BNA onlardan fərqlənmə nişanı üçün 18 manat rüsum alır, amma normal fəaliyyəti üçün şərait yaratmır. Bu isə doğru yanaşma deyil. Həmin şəxs vergi ödəyir, fərqlənmə nişanını alır və bütün bu prosedurlara əməl edirsə, ona sərnişini mindirib-düşürtməsi üçün şərait yaradılmalıdır. Onları hər yerdən qovsaq, o zaman bu adam necə dolanacaq, maşının pulunu, kreditini necə ödəyəcək, fərqlənmə nişanını növbəti ay necə alacaq kimi suallar meydana çıxır. Onlar üçün taksi duracaqları pulsuzdur, pulsuz da olmalıdır”.
Ekspert qeyd edib ki, gecə saatlarında pullu olacaq parkinq xidməti normal qarşılanmayacaq: “Çünki əhalinin güzəranı o səviyyədə deyil. İnsanların hər şeyə pul xərcləmək imkanı yoxdur. İllərlə parkinq problemi olmayan adama 60-80 manat aylıq parkinq pulu məsələsi ortaya çıxanda o adam bunu qəbul etmir. İnsanların öz yaşadıqları ərazidə parkinq xidməti pulsuz olması qanunda da nəzərdə tutulur. Amma bu prosedur hələ hazır deyil. Bunu tezləşdirmək lazımdır. Məsələn, Qış parkı altındakı parkinqdən ətrafdakı insanlar normal istifadə edə bilmir. Bəziləri 30 manatlıq paketlə günün yarı hissəsini yola verirdilər, onu da 60 manat etməklə insanlar bundan əziyyət çəkir. Hansı ki, bu pulsuz olmalıdır. Qiymət 2 dəfə artarsa insanlar narahat olacaq. Nəticədə insanlar yenə küçələrə qayıdacaq, harada gəldi maşın saxlayacaq, bu da sıxlıq yaradacaq. Buna görə də məsələlər mərhələli şəkildə həllini tapmalıdır”.
Təklifdə nəzərdə tutulan mərkəzlə şəhər ətrafındakı parkinq qiymətlərinin fərqindən danışan E. Muradlı vurğulayıb ki, bu proses əlbəttə, fərqli olmalıdır: “Bu, dünyanın bir çox dövlətlərində mövcud olan sistemdir. Hətta, mərkəzdəki qiymət kənardan 5-10 dəfə fərqli olanı da var. Hansı ki, bütün bunlar avtomobillərin şəhərə girişini məhdudlaşdırmaq anlamına gəlir. Neçə illərdir müzakirələr edilir, təkliflər səsləndirilir ki, Bakının mərkəzinə maşınlar buraxmayaq. Bu mümkün deyil. Lakin parkinq qiymətləri elə qoyulub ki, insanlar istər-istəməz maşınsız gəlir. Bu yavaş-yavaş həllini tapır. Bu baxımdan düşünürəm ki, qiymətləri fərqli etmək olar. Amma çox fərq qoymaq olmaz. Çünki Bakının mərkəzinə maşınla gələn insanların hamısı kefə, istirahətə gəlmir. Həkimə, qohum-əqrəba yanına, iş üçün müraciət etməyə gələnlər də var. Hər kəsə eyni gözlə baxmaq olmaz. Aylıq 300-400 manata işləyən adamlar var. Bunlar gündəlik 5-6 manat duracaq pulu verməlidirmi? Hazırda insanların psixoloji durumu sərt qərarları qəbul etmək vəziyyətində deyil. Əlbəttə ki, etirazlar olacaq. Amma bütün bunları nəzərə alıb normal qiymət tətbiq etmək lazımdır. Birbaşa saatı 5 manata parkinq pulu olmaz. Hesab edirəm ki, Nazirlər Kabinetinin bu sahə ilə bağlı tez bir zamanda qərarı olmalıdır. Çünki gecikdikcə problemlər ortaya çıxır. Bakı şəhərində gündəlik 5000-6000 manat parkinqlərdən pul yığılır. Ona görə də bunlar öz həllini tapmalıdır ki, hazırda parkinqlərdə mülki şəxslər tərəfindən yığılan qanunsuz pullar dövlət büdcəsinə getsin. Qiymət məsələsi tənzimləndikcə insanlar üçün parklanma yerləri yaradılmalıdır. Harda gəldi nişan qoymaqla “biz Bakını tıxacdan azad edəcəyik” demək düzgün deyil. Tıxacın qarşısını almaq üçün müxtəlif yollar var. Düzdür, bir az əmək, zəhmət tələb edir. Hansı rahatdırsa ona qaçmaq da doğru deyil. Çünki, bu insanları narahat edir”.