Parklanma qanunvericiliyi: problemlər həll olunacaq, yoxsa?...
Bir neçə gün öncə “Yol hərəkəti haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə parklanma ilə bağlı dəyişikliklər edildi və həmin dəyişikliklər 1 iyul tarixindən qüvvəyə minəcək. Göstərilən dəyişikliklərdə xeyli qüsurlara yol verilib. Qüsurlar o qədər çoxdur ki, onların hamısını bir yazıda qeyd etmək mümkün deyil. Ona görə də yalnız həmin qüsurlardan birini xatırlatmaq istərdim.
“Yol hərəkəti haqqında” Qanunun yeni redaksiyada verilən 53-cü maddəsinin XXIII hissəsində deyilir ki, parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanması, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılması qadağandır.
Bu normanın qüsuru ondan ibarətdir ki, adi parklanma yerlərində sadəcə icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin deyil, minik avtomobillərinin bazasında istehsal olunan yük avtomobilləri (pikaplar və s.) istisna olmaqla istənilən yük avtomobilinin parklanması qadağandır. Bunun nə demək olduğunu anlamaq üçün təsəvvür edin ki, məsələn, “İnşaatçılar” metrosunun yanında “Qazel” markalı yük avtomobili səkiyə köndələn vəziyyətdə parklanıb (Qanunun mövcud redaksiyası buna yol verir). Ona görə də tonnajından asılı olmayaraq yük avtomobilləri yalnız onların da parklanması nəzərdə tutulan (yəni bir avtomobil üçün park yeri daha böyük olan və s.) və xüsusi işarələnmiş parklanma yerlərində parklana bilərlər. Bundan başqa, ən ciddi qüsur odur ki, nəzərdən keçirdiyimiz layihəni hazırlayanlar avtobusları ümumiyyətlə yaddan çıxarıblar. Lakin xüsusi işarələnmiş parklanma yerləri istisna olmaqla istənilən avtobusun da adi parklanma yerlərində parklanması qadağandır. Əgər bu norma hazırkı məzmununda qalarsa, məsələn, dördqapılı avtobus da parklanma yerində parklana bilər. Bunun necə bir eybəcər mənzərə yaradacağını təsəvvür etmək çətin deyil.
Bundan başqa, həmin normanın indiki məzmunu hətta traktorun da parklanma yerində duracağa qoyulmasına imkan yaradır.
Normada işlədilən “rezervasiya” sözünün də aydın və birmənalı anlaşılan ifadələrlə əvəzlənməsi mümkündür.
Hesab edirəm ki, bu kimi qüsurları aradan qaldırmaq üçün təhlil etdiyim hissə belə verilə bilər:
“XXIII. Müvafiq yol nişanları və nişanlanma xətləri ilə işarələnmiş yerlər istisna olmaqla, parklanma yerlərində avtobusların və yük avtomobillərinin (minik avtomobillərinin bazasında hazırlanmış yük avtomobilləri istisna olmaqla), habelə traktorların və onlara bərabər tutulan mexaniki nəqliyyat vasitələrinin parklanmasına, habelə parklanma yerlərinin ayrıca nəqliyyat vasitəsi və ya istifadəçi üçün ayrılmasına, yaxud digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına yol verilmir.”
İnzibati Xətalar Məcəlləsinin 346-1.4-cü maddəsi də təklif etdiyim redaksiyaya uyğunlaşdırılmalıdır. Əslində bu Məcəllənin əvvəlki məzmunundakı bəzi normalar yeni əlavə olunan 346.1-ci maddə ilə aşkar şəkildə toqquşur. Buna növbəti yazılarımda toxunmaq fikrindəyəm.
Hesab edirəm ki, 1 iyul 2017-ci ilədək, yəni bu dəyişikliklər qüvvəyə minənədək həmin qanunların bütün qüsur və çatışmazlıqları aradan qaldırılmalıdır.
Ərşad Hüseynov,
hüquqşünas