Parkomatlardan uzaq qaçan sürücülər
Paytaxtın əksər küçələrində quraşdırılan parkomatlarda bəzən duracaq vaxtına görə ödənişlər düzgün edilmir. Nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov hesab edir ki, parkomatların fəaliyyətində problemlər çoxdur: "Bu sistem yaradılanda əlində çubuq duranlar yoldan qovuldu. Onları əvəzinə bahalı qurğular qoyuldu. Bu, çox yaxşı hal idi. Amma parkomatların yanında nişan qoyulmadı, haradan başlayıb haradan bitdiyini göstərmədilər. Heç bir normativ hüquqi akt qəbul olunmadı, Tarif Şurası qiymət müəyyən etmədi.
Ödənişlərin hansı formada həyata keçirilməsi, vaxta görə tariflərin necə olması haqqında hüquqi aktlar qəbul edilmədi. Hətta ödəniş etməyənin cəzası da göstərilməyib. Bunu aradan qaldırmaq üçün ora nəzarətçilər təyin etdilər. Deyilənlərə görə, nağdsız ödənişə keçiləcək. Yaxşıdır, amma nəzərə alaq ki, hər kəsdə kart yoxdur. Ancaq yenə də ödəniş etməyənin cəzası nəzərdə tutulmayıb”.
"Qanunsuz parklamalara qarşı mübarizə” ictimai hərəkatının rəhbəri İskəndər Quliyev bildirir ki, baş verən yol-nəqliyyat hadisələrini, ölümlə nəticələnən qəzalarında əsas səbəb piyadaların və sürücülərin yol mədəniyyətsizliyidir: Sizcə, yolun düz ortasında avtomobil saxlayıb marketə alış-verişə gedən şəxs yaxınlıqda parkomatın olmasından xəbərsizdir? Yaxud da yolu qadağan olunmuş yerdə keçən piyada bir neçə metr aralıda piyada keçidinin olduğunu bilmir? Əlbəttə ki, bilir. Sadəcə, bu insanlarda yol mədəniyyəti formalaşmayıb.
Bu gün işə gedən hər bir vətəndaşı narahat edən məsələ avtomobilini harada park edəcəyi ilə bağlıdır. Bu nöqteyi-nəzərdən Bakıda parklama prosesinin təkmilləşdirilməsi çərçivsində parkomatların quraşdırılması vaxtında verilmiş düzgün qərardır. Bakı şəhər İcra Hakimiyyəti ilə Dövlət yol Polis İdarəsinin birgə həyata keçirdiyi bu yenilik sayəsində paytaxtın bir sıra mərkəzi küçələrində qanunsuz parklama ilə bağlı problem aradan qalxıb. Dövlət proqramları və Prezidentin sərəncamları ilə paytaxt yollarının yenidən qurulması, təmiri və genişlənməsinə böyük vəsait sərf olunur, mövcud problemləri aradan qaldırmaq üçün lazımi addımlar atılır. Bakı küçələrində müasir standartlara cavab verən yeraltı və yerüstü avtomobil dayanacaqlarının inşa olunması, xüsusi parkomatların quraşdırılması bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir. Şəhərin küçə və prospektlərində nə qədər çox park yerləri olsa, yol-nəqliyyat hadisələrinin sayı da bir o qədər azalar. Nəticədə biz vətəndaşların da avtomobil park etməklə bağlı qayğısı azalmış olar. Odur ki, bu sahədə işlər davam etdirilməlidir.
Parkomatların quraşdırılmasından sonra bəzi mərkəzi küçələrdə tıxacların aradan qalxdığını biz öz gözlərimizlə gördük. İndi bizim üzərimizə düşən iş qanunsuz parklamalara qarşı mübarizə aparmaq, bəzi sürücüləri bu istiqamətdə maarifləndirmək və tərbiyələndirməkdən ibarətdir. Yol hərəkəti qaydlarına riayət etmək hər bir sürücünün borcudur”.
İskəndər Quliyev əlavə etdi ki, dövlət yol hərəkəti iştirakçıları üçün hər cür şərait yaradıb: "Lakin qaydaları pozanların sayı qətiyyən azalmır. Bəziləri qanuna tabe olmur və avtomobillərini qadağan olunmuş yerlərdə saxlamağa davam edirlər. Bundan əlavə, park yerlərində avtomobil saxlayan bəzi sürücülər xidmət haqqını tam ödəmirlər və ya ümumiyyətlə, ödəniş etmirlər. Əslində bu, kobud qayda pozuntusudur. Hər bir sürücü öz hərəkətinə görə cavab verməlidir. Fikrimcə, belə hallar əsasən sürücülük mədəniyyətinin aşağı səviyyədə olması ilə bağlıdır. Hərənin davranışı onun mədəni səviyyəsini göstərir. Düzdür bəzən iddia edirlər ki, yollarda təhlükəsizliyə görə yol polisi məsuliyyət daşıyır, qayda pozanlar barədə protokolu onlar tərtib edirlər və park xidmətinə görə ödəniş etməyən sürücülərlə bağlı da yol polisi tədbir görməlidir. Amma yol polisi özünü ictimai yerdə, o cümlədən də yolda sükan arxasında apara bilməyən şəxsə nə edə bilər? Belələrinin cəzalandırılmaqla yanaşı, həm də tərbiyələnməyə, maariflənməyə ehtiyacları var.
Paytaxtın bütün küçə və səkilərini gecə-gündüz canlı nəzarətdə saxlamaq, təbii ki, mümkün deyil. Mədəniyyətsiz sürücülərin sayı bu gün yol polislərinin sayından dəfələrlə çoxdur. Mövcud problemi aradan qaldırmaq üçün Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi yol polisi ilə birgə daha sıx çalışmalıdır. Yollarda yaşanan hərcmərcliyi yalnız onların birgə səyi nəticəsində həll etmək olar. Əgər qaydanı pozan hər bir sürücü nümayiş etdirdiyi davranışa görə yerindəcə cərimə olunsa, həm avtonəqliyyat idarəsinin əməkdaşlarına, həm yol polisinə, həm də yol hərəkəti qaydalarına daha hörmətlə yanaşar”.
Ekspert onu da qeyd etdi ki, bu gün paytaxt yollarında yaşanan rəzalət təkcə yol polisinin problemi deyil: "Bizim hər birimiz yol hərəkəti iştirakçısı olduğumuz üçün məsələyə birbaşa aidiyyətimiz var. Odur ki, problemin həllində bir vətəndaş olaraq yaxından iştirak etməli, əlimizdən gələni əsirgəməməliyik. Bu məsələyə qətiyyən biganə qalmamalıyıq. Yaranmış vəziyyətin həllində yalnız yol polisinin məsuliyyət daşıdığını düşünməməliyik”.
movqe.az