Banner

Payız-qış aylarında qəzadan qorunmağın QIZIL QAYDALARI

Yazarlar 8 Yanvar 2015 13:11 Oxunub 2488
Payız-qış aylarında qəzadan qorunmağın QIZIL QAYDALARI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol-nəqliyyat hadisələrinin 60, piyadavurmaların isə 70 faizi payız-qış mövsümündə baş verir

İlin fəsillərinin və meteoroloji şəraitin yol hərəkəti təhlükəsizliyinə ciddi təsir etdiyi hər kəsə bəllidir. Amma təəssüf ki, çoxumuz bu amilləri gündəlik həyatımızda lazımınca nəzərə almırıq. Bunun ağır nəticəsini isə quru statistika göstərir: yol-nəqliyyat hadisələrinin təxminən 60 faizi payız-qış mövsümündə baş verir, piyada vurulmalarının isə hətta 70 faizi bu mövsümün payına düşür. Bəs nə edək ki, belə olmasın? Avtosfer.az saytında bununla bağlı sürücülər və digər yol hərəkəti iştirakçıları ilə fikirlərimi bölüşmək istərdim.

Payız-qış mövsümündə yollarımızı daha təhlükəli edən, qəza riskini artıran iki başlıca amil var: 1) sutkanın işıqlı vaxtının azalması və hərəkətin pik saatlarının qaranlıq vaxtına düşməsi; 2) yağışın-suyun, duman-çiskinin, qar-buzun yol hərəkəti şəraitini pisləşdirməsi. Aydındır ki, hər iki amil təbiətlə bağlıdır, obyektiv xarakterlidir və insanların onları aradan qaldırması mümkünsüzdür. Deməli, yeganə çıxış yolu sükan arxasında olarkən onları yetərincə nəzərə almaq və şəraitə uyğun təhlükəsizlik tədbirlərini görməkdir. 

Birinci amil onda ifadə olunur ki, yay vaxtından fərqli olaraq, payızın sonu və qışda səhər tezdən işə gedərkən, habelə axşam işdən qayıdarkən artıq tam qaranlıq olur. Qaranlıq vaxtı isə hətta ən yaxşı işıqlandırılan küçələrdə də görmə gündüzkündən pis olur. Küçə və yollarda süni işıqlandırma olmadıqda isə əməlli-başlı görmə problemi yaranır. 

Bəzi sürücülər düşünürlər ki, avtomobilin yaxın və uzaq işıq faraları var və deməli, heç bir qorxu yoxdur. Lakin belə deyil. Yaxın və uzaq işıq faraları avtomobilin qabaq tərəfində konkret məhdud sektoru işıqlandırır və bu sektordan kənarda olan və özünün işığı olmayan hər kəs və hər şey sürücü üçün görünməzdir. Hərəkət trayektoriyası sizin avtomobilinizin yolu ilə kəsişən piyada, heyvan, velosipedçi, hətta məsuliyyətsiz sürücü tərəfindən idarə edilən və işıq cihazları olmayan nəqliyyat vasitəsi yalnız avtomobilinizin qarşısında həmin işıqlanan sektora daxil olanda siz onu görə bilirsiniz. Bəzi hallarda isə belə görmə gecikmiş olur və labüd qəza baş verir. 

Digər tərəfdən, hazırda küçə və yollarımızın avtomobillərlə dolu olduğu, hətta bəzən uzaq rayonlara gedən yollarda gecə yarısı da intensiv hərəkət olduğu hər kəsə məlumdur. Belə şəraitdə əks istiqamətlərdə hərəkət edən avtomobillərin işıq faraları çox mürəkkəb və çətin bir işıqlanma şəraiti yaradır. Hətta faralarının uzaq işıqları ilə hərəkəti davam etdirən ayrı-ayrı kobud sürücüləri nəzərə almasaq, yaxın işıq faraları da belə halda elə bir şərait yaradır ki, bəzən sürücü öz avtomobilinin qabağında işıqlanan sahədəki maneələri də normal görə bilmir. Bu şəraitdə tünd geyimdə olan piyadalar, işıqqaytarıcısı olmayan başqa maneələr (məsələn, yola düşmüş kənar əşya, daş-çınqıl qalağı, köndələninə dayanan avtomobil və s.) son dərəcə təhlükəlidir, çünki az qala tam görünməzdir. 

Odur ki, hörmətli sürücülər, avtomobilinizin işıq cihazlarını daim saz vəziyyətdə saxlayın. Qaranlıq vaxtı isə mütləq sürəti azaldın və son dərəcə diqqətli olun.

Şəhərdən kənar intensiv hərəkət olan yolda qaranlıq vaxtı başqa bir təhlükə də mövcud olur. Belə şəraitdə heç kəs faranın uzaq işıqları ilə hərəkət edə bilmir (qaydalar da bunu qadağan edir). Əks təqdirdə qarşıdan gələnlərin gözlərini qamaşdıraraq onların sizinlə toqquşmasına səbəb ola bilərsiniz. Yaxın işıq faraları isə orta hesabla 40-45 metr məsafəni işıqlandırır. Amma məsələn, 90 km/saat sürətlə gedən avtomobilin rahat (sərt tormozlanma olmadan) dayandırılması üçün minimal məsafə təxminən 150 metrdir. Deməli, yaxın işıq faraları ilə süni işıqlanma olmayan yolda hərəkət edərkən sürəti mütləq azaltmalısınız. Məlumat üçün qeyd edim ki, yaxın işıq faralarının işıqlandırdığı 40-45 metr məsafədə 90 km/saat sürətlə hərəkət edən və ən yaxşı tormoz sistemi olan avtomobili sərt tormozlama ilə də dayandırmaq praktiki olaraq mümkün deyil. Deməli, yaxın işıqla 90 km/saat sürətlə hərəkət edərkən işıqlanma məsafəsində gördüyümüz gözlənilməz maneələri vurmaq qaçılmazdır.

Nəzərə alın ki, payız-qış mövsümünün əvvəlində uzun müddət işıqlı vaxtda maşın sürəndən sonra gecə vaxtı maşın sürmə, habelə axşam və səhər alatoranı daha risklidir, çünki bütövlükdə orqanizmimizin, o cümlədən də gözlərimizin belə keçidə adaptasiyası üçün müəyyən zaman lazımdır. Səhər alatoranı həm də insanın yuxusunun daha çox gəldiyi vaxtdır. 

Payız-qış mövsümü üçün xarakterik olan ikinci amil də kifayət qədər təhlükəlidir. Yağış, çiskin, qar, duman bir tərəfdən, görünməni məhdudlaşdırır və yazının əvvəlində qeyd etdiyimə oxşar olaraq sizin yoldakı müxtəlif maneələri (piyadanı, başqa avtomobili, kənar əşyanı və s.) sadəcə olaraq görməməyimizə səbəb ola bilər. Digər tərəfdən, belə meteoroloji şərait yolda ilişməni pisləşdirir. Bu nə deməkdir?

Qəfil tormozlanma ilə avtomobilin dayandırılma məsafəsini hesablamaq üçün düsturda «ilişmə əmsalı» adlanan kəmiyyətdən istifadə olunur. Bu əmsal təmiz quru asfalt-beton yol üçün 0,7-yə, təmiz yaş asfalt-beton yol üçün 0,4-ə, buz bağlamış yol üçün isə 0,1-ə bərabərdir. Deməli, yollarımız tər-təmiz olsa belə, sadəcə yolun yaş olması ilişməni pisləşdirir, yəni tormozlama vaxtı avtomobilin təkəri daha çox sürüşür, dayanma məsafəsi artır və quru yoldakı ilə müqayisədə daha uzaqda olan məneə ilə toqquşma qaçılmaz olur. Amma nəzərə alın ki, asfalt yollarımız təmiz olmur. Asfalta təkərlərdə palçıq gətirilir, toz tökülür və s. Bu kimi hallar ilişməni daha da pisləşdirir. 

Sürücülər quraqlıq havadan sonra ilk yağıntı düşərkən daha diqqətli olmalıdırlar. Məlumdur ki, asfaltın üstünə toz çökür. Yağış ilk yağmağa başlayarkən həmin narın toz islanır və olduqca sürüşkən nazik bir təbəqə əmələ gətirir. Yağış bir qədər güclənib həmin təbəqəni yuyub aparanadək yol örtüyü qarlı-buzlu yoldakına yaxın dərəcədə sürüşkən və təhlükəli olur. Azacıq sərt dönmə və tormozlanma avtomobilin sürüşməsinə səbəb olur. 

Yolda su gölməçələrinin olması da son dərəcə təhlükəlidir. Həmin gölməçələr bir neçə santimetr dərinliyində olsa da, bir qədər yüksək sürətlə belə gölməçəyə girən avtomobilin təkərləri ilə asfalt arasında su təbəqəsi qalır. Bu şərait avtomobilin təkərinin havada olması kimi bir şeydir və hətta heç bir dönmə olmayan şəraitdə avtomobilin bir tərəfindəki təkərlər gölməçəyə düşərək, digər tərəfdəki təkərlər gölməçədən kənarda qaldıqda avtomobilin istiqamətini qəfil dəyişərək aşmasına səbəb ola bilər. Digər tərəfdən, gölməçə elə dərin çala ola bilər ki, avtomobilimiz ora düşərkən zədələnə, hətta aşa bilər.

Yağıntılı havada piyadalara qarşı xüsusən diqqətli olmaq gərəkdir. Nəzərə alın ki, piyada da yoldakı gölməçələrə girməmək üçün ayaqlarının altına daha çox baxır və sizin avtomobilinizi sadəcə görməyə bilər. Bundan başqa, yağışın özünün səsi, habelə yaş yoldakı daha gur səs-küy piyadaların avtomobilin səsini eşitməsini də çətinləşdirir. Bəzən qulaqlarını şalla və ya papaqla örtən piyada isə hətta siqnal səsini də eşitməyə bilər. Odur ki, yolunuza çıxan piyadanın sızı gördüyünə və yol verəcəyinə əmin deyilsinizsə, dayanmaq lazımdır.  

Yağışda-qarda avtomobillərə də diqqətlə yanaşın, çünki yan şüşələrin və arxanı göstərən güzgülərin  üzərindəki su və qar sürücü üçün görünməni xeyli çətinləşdirir, hətta qeyri-mümkün edə bilər. Ona görə də yolunuza müxtəlif istiqamətlərdən çıxan avtomobilləri nəzarətdə saxlayın və sürücünün sizi gördüyünə əmin olmadıqda manevrdən çəkinin. 

Qarlı-buzlu yolların necə sürüşkən və təhlükəli olduğunu isə xüsusi izah etməyə lüzum yoxdur. Nəzərə alın ki, buzda sürüşməyən nəqliyyat vasitəsi yoxdur. Hətta zəncirlənmiş və ya tikanlı təkərlər də buzda asanca sürüşə bilər. Ona görə də belə şəraitdə ən minimal sürət, yüksək diqqət gərəkdir. Hətta sürücülərə tövsiyə edirəm ki, qarlı-buzlu havada imkan daxilində sükanla müvəqqəti vidalaşsınlar. 

Hörmətli sürücülər, bu yazımda payız-qış mövsümü ilə bağlı ən tipik problemləri diqqətinizə çatdırdım. Nəzərə alın ki, hər bir yol şəraiti bizim görə bilmədiyimiz sürprizləri də üzə çıxara bilər. Odur ki, hərəkət qaydalarına, təhlükəsizlik tələblərinə çox diqqətlə riayət edin. Nəzərə alın ki, elementar diqqətsizlik yaxınlarınızın və özünüzün həyat və sağlamlığınızı itirməyinizlə, yaxud başqasına belə zərər vuracağınız halda azadlığınızı itirməyinizlə nəticələnə bilər. 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh