Banner

Paytaxtda natəmiz avtobuslar

Yazarlar 20 May 2015 19:35 Oxunub 1694
Paytaxtda natəmiz avtobuslar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Natiq Ələkbərli: «Günah paytaxtın təmir bitməyən yollarında olan vəziyyətdədir»

 

Namiq Həsənov: «Texniki müayinədən keçən avtobusların hamısı qarajlardan yuyulub çıxarılır»

 

Bakıda keçiriləcək Avropa oyunlarına saylı günlər qalır. Ölkəmiz Avropa oyunlarını yüksək səviyyədə təşkil etmək üçün bir çox işlər görüb. İstər paytaxt, istərsə də bölgələrdə böyük abadlıq-quruculuq işləri aparılıb. Yeni yollar çəkilib, əksər küçə və prospektlərdə təmir işləri aparılıb. Ölkəmizə gələn qonaqların qarşılanması və təhlükəsiz hərəkəti üçün yeni avtobuslar gətirilərək bir sıra istiqamətlərdə sərnişinlərin istifadəsinə verilib. Amma bu gün də paytaxtda sərnişindaşıma ilə məşğul olan bir sıra avtobuslarda vəziyyət ürəkaçan deyil. Bakıətrafı qəsəbələrə işləyən avtobuslarda vəziyyət isə daha pisdir. Bu ərazilərə işləyən avtobusların bir hissəsi yenilənsə də, xidmətin səviyyəsini tam yüksəltmək mümkün olmayıb. Xüsusilə də, sürücülərin sərnişinlərlə davranışında, avtobusların təmizlik məsələsində problemlər daha çoxdur. Xarici ölkələrdə sərnişin avtobuslarına hər gün baxış keçirilir. Hətta xarici natəmiz vəziyyətdə olan bu nəqliyyat vasitələrinin ümumiyyətlə xəttə buraxılması qadağan olunur. Amma Bakıətrafı qəsəbələrə işləyən avtobusların nəinki xarici, hətta içərisi də natəmizlik mənbəyidir. Bunun üçün sadəcə nəqliyyat vasitələrinin pəncərələrinə, qapılarına belə nəzər salmaq yetər. Oturacaqların bəzisində isə oturmaq belə mümkün olmur. 

Masazır sakini Vüqar Ədilov deyir ki, şəhərətrafı qəsəbələrə işləyən avtobuslarda vəziyyət daha acınacaqlıdır: «hər gün 142 saylı marşrutdan istifadə etmək məcbuiyyətindəym. Avtobusların 30 dəqiqədən bir işləməsi bir yana, çirk-çirkab sərnişinləri bezdirir. Pəncərələrin kənarını toz-torpaq bürüyüb. Avtobuslar hərəkət edərkən toz-torpaqdan nəfəs almaq olmur. Halbuki avtobus çirklidirsə, onun xəttə çıxmasına icazə verilməməlidir. Avtobuslarda olan bu vəziyyətə etiraz etdikdə isə deyirlər, «istəmirsən, düş get». Sürücülər sərnişinləri heç cür nəzərə almırlar».

Sərnişinlər bu məsələdə sürücüləri günahlandırsa da, sürücülər də natəmizliyin yaranmasında sərnişinləri günahkar bilir. Sürücülər bildirir ki, hər gün səhər avtobuslar yuyulub təmizlənir. Onların sözlərinə görə, bunun əsas səbəbi sərnişinlərin təmizlik qaydalarına riayət etməməsidir. 

Məsələyə münasibət bildirən Müstəqil Nəqliyyatçıların İctimai Birliyinin sədri Natiq Ələkbərli bildirir ki, avtobusların salonlarında hökm sürən natəmizliyə görə sürücülərin günahlandırmaq düzgün deyil: «Günah paytaxtın təmir bitməyən yollarında olan vəziyyətdədir. Avtobusların çirkli olmasında sürücüləri günahlandırmağı düzgün hesab etmirəm. Paytaxt küçələri palçıq içərisindədir. Sərnişin ayaqqabısı palçıqlı halda marşuruta minir, bu zaman zir-zibil salonda qalmalı olur. Başa düşmürəm, sürücü avtomobili idarəetməlidi, yoxsa təmizlik işləri ilə məşqul olmalıdır?».

Ekspertlər isə hesab edir ki, avtobuslardakı natəmizlik, normal sərnişin-sürücü münasibətlərinin olmaması və digər problemlərin əsas səbəbi nəqliyyat sektorunda azad rəqabətin olmaması ilə əlaqədardır. Hazırda əksər istiqamətdə sərnişindaşıma xidməti yalnız bir şirkət tərəfindən həyata keçirilir. Həmin sahələrdə digər sahibkarların işləməsinə imkan verilmir. Belə olan halda isə xidmətin keyfiyyətindən danışmağa dəyməz. Amma rəqabət olarsa şirkətlər xidmətlərini daha da inkişaf etdirməyə meyl edirlər. Dünyanın  inkişaf  etmiş ölkələrinin hamısında sərnişin daşımanın keyfiyyəti  bu cür yüksəlir.

Nəqliyyat Nazirliy Katibliyinin müdiri Namiq Həsənov isə deyir ki, ictimai nəqliyyatda istifadə olunan avtobus parkının yenilənməsi prosesi gedir: «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair tədbirlər planı”na uyğun olaraq paytaxta daha 500 ədəd yeni “London taksisi" gətirilib. Həmin taksilər Avropa Oyunları zamanı sərnişinlərin xidmətində olacaq.  Ölkəyə bu il ərzində 65 ədəd orta və iritutumlu müasir avtobus gətirilib. Yaxın günlərdə daha 300 ədəd “İveco” markalı iritutumlu avtobus gətiriləcək. Həmin avtobuslar istismar üçün marşurut şəbəkəsinə daxil ediləcək. Qaydalara görə isə  avtobusun istismar müddəti başa çatmayıbsa, ehtiyac yaranan ərazilərdə xəttə buraxılır. Nisbətən köhnə avtobuslar istər şəhərətrafı, istərsə də bölgələrdə istismara verilir. Əgər avtobusun istismar müddəti başa çatıb və sərnişin daşımağa yarasızdırsa, utilizasiyaya (təkrar emal) göndərilir. Utilizasiya prosesi avtobusa ekspert rəyi verildikdən və Dövlət Yol Polisinin qeydiyyatından çıxarıldıqdan sonra baş verir. Bizdə belə avtobuslar yox dərəcəsindədir. Çox nadir hallarda tam yararsız avtobuslar olur, bunlar da qəza zamanı deformasiyaya uğrayanlardır».

Namiq Həsənovun sözlərinə görə, yuyulub təmizlənməyən avtobuslar xəttə buraxılmır: «Avtobuslar hər gün səhər saat 6-da qarajlarda yuyulub xəttə buraxılır. Texniki müayinədən keçən avtobusların hamısı qarajlardan yuyulub çıxarılır. Bunanla yanaşı avtobuslarda mütəmadi olaraq reydlər aparılır. Əgər belə vəziyyət aşkarlanarsa, avtobus xətdən çıxarılır, xəttin sahibinə xəbərdarlıq edilir».

 

 

Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh