Paytaxtın tıxaclara səbəb olan işıqfor “dərdi” - Ekspert şərh edir - FOTO
Hazırda paytaxtın nəqliyyat sahəsindəki ən böyük problemi tıxacdır. Əvvəllər daha az yaranan tıxaclara indi demək olar ki, şəhərin istənilən yerində və saatında rast gəlmək olur. Belə tıxaclar bütün iri şəhərlərdə həm nəqliyyat təhlükəsizliyinə, həm də ekoloji vəziyyətə mənfi təsir göstərir. Xüsusilə gün boyu gərgin iş qrafikində işləyən insanların psixoloji durumu saatlarla davam edən tıxaclar zamanı daha da korlanır. Hazırda paytaxtın bəzi küçə və prospektlərində quraşdırılan işıqforların vaxt nizamlayıcısı düzgün tətbiq olunmadığı üçün bu amil yollarda tıxac yaradan səbəblərdən birinə çevrilir.
Mövzunu nəqliyyat eksperti Elməddin Muradlı 525.az-a şərh edib.
Ekspert bildirib ki, işıqforların iş rejimi Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən müəyyənləşdirilir:
“Eyni zamanda, burada dövlət yol polisinin də rəyi alınmalıdır. Təəssüf ki, bəzən bu rəylər üst-üstə düşməsə də, əsas qurum öz bildiyi kimi bir qərar qəbul edir. Dəfələrlə olub ki, vətəndaşlar bu narazılıqları ilə bağlı müraciət ediblər. Bəzən təcrübəsiz sürücü işıqforda ən öndə dayanır və mobil telefona başı qarışır. Bu zaman 20 saniyəlik yaşıl işıq müddətinin 10 saniyəsini ləngidir və cəmi 2-3 avtomobil keçə bilir. Sonra yenə keçid olunur qırmızı işığa, vəssalam.
Əslində, bəzi küçələrdə buna ehtiyac var, çünki hərəkət axınına görə qırmızı işığın tətbiqi müəyyənləşdirilir. Yəni hansı tərəfdə avtomobillər daha çox hərəkət edirsə, yaşıl işıq oraya verilir ki, həmin hissədə intensivlik artsın və nəqliyyat sıxlığlı yaşanmasın. Onu Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi vasitəsilə edirlər. Əslində, bu mərkəz hələ tam olaraq oturuşmayıb, amma tam fəaliyyət göstərsə, kamera bu xronometrajı insan müdaxiləsi olmadan özü müşahidə apararaq ərazini çəkər və qeydə alar ki, hansı küçədə daha çox sıxlıq var. Ola bilsin ki, 20 saniyə yaşıl işıq tətbiq edilən yol hissəsindən daha çox nəqliyyat vasitəsi keçir və avtomatik rejim dəyişir. Bu zaman 20 saniyəlik yaşıl işıq dalğası 70 və ya 90 saniyəyə keçir, amma əks tərəfdə azaldılır, yəni onlar gözləyir. İntellektual İdarəetmə budur. Texnologiyaların imkanlarından istifadə edərək iş görmək bundan ibarətdir.
Təəssüflər olsun ki, keçmiş Nəqliyyat naziri Ziya Məmmədov milyonlarla vəsaiti İntellektual İdarəetmə Mərkəzi adı ilə yeyib dağıtdı. Amma məlum oldu ki, əslində, orada düşündüyümüz texnologiyalar qurulmayıb. Yalnız vizual görüntü yaradılıb, amma mərkəzin fəaliyyəti hələlik tam olaraq formalaşmayıb. Düşünürəm ki, İntellektual İdarəetmə Mərkəzi dediyimiz qaydalara cavab verərsə, gələcəkdə işıqforların iş qrafikinin müəyyənləşdirilməsi avtomatik rejimdə həyata keçiriləcək”.
“İndi bu rəqəmlər əllə quraşdırılır, yəni ərazidə xidmət edən yol polisi əməkdaşları BNA və ya İİM-də yerləşən əməkdaşa məlumat ötürürlər ki, məsələn, filan küçədə olan yaşıl işıq müddətini artırmaq lazımdır”, - deyə Elməddin Muradlı bildirib. Ekspert əlavə edib ki, İntellektual İdarəetmə Mərkəzində həm Bakı Nəqliyyat Agentliyi, həm də yol polisi tərəfindən idarə oluna bilər:
“Qeyd edim ki, yol polisi əməkdaşları oraya ezam olunurlar və xidmət aparırlar. İşıqforlarda problemlər yarananda yol polisi BNA-ya saatlarla xahiş edirdi ki, filan yerdə yaşıl işıq müddətini artırın, filan nöqtədə qırmızını azaldın və s. İndi artıq əməkdaşlar orada əyləşdiyinə görə tez həll edirlər. Radioqəbuledici vasitəsilə efirə çıxıb məlumat vermək kifayətdir ki, həmin küçəni kamera ilə nəzarətə götürüb və dərhal məsələni həll etsinlər. Amma bəzi küçələr var ki orada kamera yoxdur, əməkdaşlar orada xidmət aparmır, ya da yanından keçir, reaksiya vermir. Beləliklə, bu problem insanları aylar, illərlə narahat edir və vətəndaşlar 7-8 dəqiqəsini o işıqforda keçirir.
Fikrimcə, bütün yollar yol polisi və BNA əməkdaşlarının birgə komissiyası tərəfindən daim müşahidə edilməli, ərazidəki problemlər aradan qaldırılmalıdır. Ən yaxşı halda ərazidə xidmət edən əməkdaşlara gündəlik təlimat zamanı göstəriş vermək lazımdır ki, ərazidə bu cür nöqsanlar aşkarlandıqda axşam raport şəklində bunu rəhbərliyə təqdim etsin. Bunu demək lazım deyil, çünki Yol Patrul Xidməti haqqında təlimatda yol polisi əməkdaşının vəzifələrində günün axırı ərazidəki problemləri raport şəklində təqdim etməli olduğu qeyd olunub. Bəziləri buna əməl edir, bəziləri etmir. Amma hamısı etsə, daha yaxşı olar”.