Reklam

Piyada işıqforları ilə bağlı vəziyyət - Ciddi nəzarət mexanizminə ehtiyac var

Yazarlar 12 İyul 2021 18:43 Oxunub 1632
Piyada işıqforları ilə bağlı vəziyyət - Ciddi nəzarət mexanizminə ehtiyac var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yəqin ki, hər kəs xüsusilə günün müəyyən saatlarında bir dəfə də olsa tıxacda qalır. Tez-tez tıxac yaranmasının səbəblərindən biri bəzi yerlərdə işıqforların düzgün işləməməsidir. Vacib məqamlardan biri də odur ki, piyadalar üçün quraşdırılmış ağıllı işıqforların piyadaların istifadə edə bilməsi üçün düyməsi yoxdur. Bu da həm tıxac yaradır, həm də piyadaları çaş-baş salır. Mövzu ilə bağlı bakıvaxtı.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, işıqforların sıradan çıxmaması üçün işi etibarlı və möhkəm qurmaq lazımdır:

“İşıqforlarla bağlı problem zaman-zaman ortaya çıxır, yəni hər gün bu problemlə üzləşdiyimizi deyə bilmərik. Düşünürəm ki, işıqforların işi ilə bağlı xüsusi bir qrup məşğul olmalı və vətəndaşların işıqforların fəaliyyəti ilə bağlı müraciət edə biləcəyi bir onlayn xidmət olmalıdır. Vətəndaşlarla ünsiyyətdə olmaq, gələn siqnalları dərhal qəbul edib tədbir görmək lazımdır. İndi işıqforlar əvvəlki kimi sadə bir dirəkdən ibarət deyil. Orda böyük mexanizm var, çiplər yerləşdirilir. Sadəcə onların qorunması bir az problem yaradır, tam qorumaq mümkün deyil. Bir az yağış, su dəyən kimi naqillər sıradan çıxır. Amma elə bir sistem qurmaq olar ki, bunlar baş verməsin. Bu da işi sıfırdan etibarlı və möhkəm görmək deməkdir. Onda artıq işıqforlar belə tez-tez sıradan çıxmaz.”

Ekspert qanunvericilikdə müəyyən dəyişiklər etməyin vacibliyini də vurğulayıb:

“Piyada işıqforları ilə bağlı, doğrudan da, vəziyyət bir az acınacaqlıdır. Çünki piyadaların əksəriyyəti hələ o işıqforlardan necə istifadə edəcəyini bilmir. Orda hansısa xronometraj qoyulmalıdır, çünki elə hər piyada yaxınlaşanda o düyməni basıb qırmızı işığa keçirə bilməz, orda sürücülərin də rolu var. Yəni, tutaq ki, avtomobillərə, 2, 3, 5 dəqiqə hərəkət intensivliyi verilsə, 5 dəqiqə piyada üçün qırmızı işıq yansın deyə vaxt verilə bilməz axı. Amma ola bilər ki, hansısa yoldan saatlarla piyada keçmir, ondan ötrü işıqforu işlək vəziyyətdə qoymaq sadəcə vaxt itkisidir, sürücülərin hərəkətinə mane olur. Düzdür, mexanizm bir az bahadır, ancaq, düşünürəm ki, gələcəkdə işıqforlardan istifadə qaydaları müəyyənləşdirilməli, qanunvericilikdə bununla bağlı dəyişikliklər edilməlidir. Piyadalar da başa düşməlidir ki, onlar kefləri istəyən kimi yaxınlaşıb düyməni basıb işıqforu qırmızıya keçirə bilməz. Bir çox ölkələrdə də olduğu kimi, piyada yaxınlaşıb ətrafa göz gəzdirməlidir ki, 4-5 nəfər əlavə insan da varsa, onları gözləyib birlikdə hərəkət esin. Amma çox təəssüf ki, bizdə bəzi yerlərdə görürəm ki, piyada üçün nəzərdə tutulan işıqforlarda vəziyyət tamam başqa cürdür. Məsələn, qırmızı işıq yanır, piyada keçir, 15-20 maşın hərəkət edən kimi o tərəfdən də biri düyməni basıb keçir. Və yaxud da heç düyməni basmadan da keçənlər var. Belə vəziyyətlərlə çox üzləşirik. Ona görə də, bu sahədə bir ciddi nəzarət mexanizminə ehtiyac var, həm də qanunvericilikdə müəyyən təkmilləşdirmə işi aparılmalıdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh