Piyada keçidindən keçən itlər, siçovulu çəkən əcnəbi – ŞƏKİ QEYDLƏRİ - FOTOLAR

Yazarlar 15 Avqust 2022 20:32 Oxunub 1276
Piyada keçidindən keçən itlər, siçovulu çəkən əcnəbi – ŞƏKİ QEYDLƏRİ - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İlk baxışdan oxucuda belə bir sual yarana bilər: axı bir şəhərdə kommunal təsərrüfatın və ya bələdiyyənin pis işləməsinin ixtisaslaşmış avtomobil saytına nə aidiyyatı ola bilər?
Sual haqlıdır, amma söhbət ümumi, ölkənin maraqlarına toxunan problemlərdən gedirsə, onda məsələyə istənilən media platformasından münasibət bildirmək mümkündür və lazımdır. Burada söhbət hər hansı bir kiçik rayondan deyil, dünya mədəni irsinin yerləşdiyi ərazidən gedir. Digər tərəfdən, avtosfer.az saytında qaldırılan problemlərin həll edildiyinə dəfələrlə şahidlik etmişik.

Avtosfer.az xatırladır ki, 7 iyul 2019-cu ildə Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Bu sətirlərin müəllifi bu işin arxasında nə qədər gərgin əməyin, siyasi iradənin və əzmkarlğın dayandığının canlı şahididir. Buna görə də, yerlərdə gördüyüm vəziyyət məni narahat etməyə bilməz.

Problemlərdən biri – taksi xidməti barədə ayrıca yazdığlım üçün bu məsələyə toxunmayacam. Qalan problemləri gördüyüm qədəri təsvir etməyə çalışacam. Əvvəla başlayaq işin müsbət tərəfindən.
Son 1 ildə edilən ən yaxşı dəyişiklik Yuxarı Baş ərazisindəki binaların üzərində məlumat lövhələrinin yerləşdirilməsidir. Bu addım birmənalı şəkildə təqdir edilməlidir. Lakin iş bununla bitmir. 
Axundov prospekti boyunca uzanan və qədim körpüləri ilə seçilən Qurcana çayında sanitar vəziyyət bərbaddır. Ötən ildəkindən fərqli olaraq bu dəfə çayda heyvan cəmdəyi görməsən də, bir əcnəbi turistin bahalı fotokamera ilə çaydakı siçovulları yaxın planda çəkməsinin yaratdığı peşimanlıq hissini hələ də üzərimdən ata bilməmişəm. Sosial şəbəkədə palyaşılacaq bu videonun nəticəsini düşündükdə rahatlıq tapa bilmirəm. Mənim telefonumun texniki imkanı 7-8 metrdən siçovulu çəkməyə imkan vermədiyi üçün çəkib göstərə bilmirəm. Çaydakı qamışlıq, polietilen paketlər və kanalizasiya sularının axıdılması da ayrı problemdir. 


Lakin qaldığım otelin pəncərəsindən və küçədə sürü ilə gəzişən itləri çəkmək imkanı oldu. Poçtun qarşısındakı it sürüsünü (fotoda düz xəttin yanından keçən) çəkib avtobusa minərkən sürücü bildirdi ki, bu, ən kiçik sürüdür. Kombinat tərəfdəki sürüdə azı 20 it var. 
Qaldığım otelin pəncərəsindən də səhər saatlarında baxanda it sürüsünün sərbəst var-gəl etdiyini gördüm. Həm də, ən qorxulusu budur ki, itlər sürü ilə piyada keçidindən (zebra) keçirlər. Təzə bazar tərəfdə də oxşar vəziyyət hökm sürür. 
Başqa bir problem, muzeylərin kolleksiyasının yenilənməməsidir. Şəki Tarix-Diyarşünaslıq Muzeyinin ipəkçilik bölməsi hələ də hazırlanıb başa çatmayıb. Çar ordusunun kazarmasında yerləşən muzeyin eksponatları maraqlı olsa da, özünün ciddi təmirə ehtiyacı var. İpəkçilik muzeyi isə ümumiyyətlə burda yox, keçmiş İpək Kombinatının indi istifadə olunmayan binalarından birində yerləşməlidir. 


Beləcə, gəlib çıxdıq, qədim qala divarları tərəfə. Burada Xan sarayı, Rəsm Qalareyası və 2 muzey yerləşir. Şlaqbaum qoyulmasına rəğmən ötən ilədək hamı “hörmət edərək” qala ərazisinə  maşınla daxil ola bilirdi. İndi bu biabırlığın yığışdırılmasını yalnız alqışlamaq olar. Problem təkcə bu olsaydı, ümumiyyətlə heç nə yazmazdım.
Yuxarı Baş qoruğunda ən böyük biabırlıq bilet satışı ilə bağlıdır. Ərazi UNESCO-nun siyahısına düşənədək hər muzey bileti özü satırdı. Lakin indi vahid kassa tətbiq edilir ki, bu da muzeylərin ziyarətçi sayının kəskin azalması ilə nəticələnib. Problem budur ki, əhalinin axını nəzərə alınaraq kassa Xan sarayının qarşısında qurulub. Kimsə Tarix muzeyinə, Rəsm qalereyasına baş çəkmək istəyrsə 300 metr yoxuş qalxmalı, uzun-uzadı növbədə duraraq bilet alıb geri qayıtmalıdır. 30 dərəcəni keçən istidə və ya qılınc kimi kəsən şaxtada bunu yalnız entuziast edə ilər. Halbuki kassanı qalanın giriş qapısı tərəfdə yerləşdirərək problemi həll etmək mümkündür. Dünyanın heç bir mədəniyyət müəssisəsində kassa çıxışda olmur. 

Bəs problemin həlli mümkündürmü? Bu sualın birmənalı və qəti cavabı var: bəli mümkündür. Həm də bunun üçün dağa-daşa düşməyə, böyük pul tökərək xarici təcrübəni öyrənməyə (əslində pis olmaz, amma pandemiya dövründə bu, tələsik deyil) çox da yoxdur. Ölkəmizdə çox gözəl Naxçıvan nümunəsi var. Muxtar Respublikada son 30 ildə maraqlı muzeylər təşkil edilib. Xalça muzeyi, Milli dəyərlər muzeyi, Duz muzeyi regionun reallığını çox gözəl əks etdirir. Blokada şəraitində yaşayan Naxçıvanda Duz Muzeyi olduğu halda, nə üçün çoxəsrlik ənənəsi olan Şəkidə ipəkçilik muzeyi olmasın?
Gördüklərim əsasında, heç bir mübaliğə olmadan deyə bilərəm ki, Şəkidə 5 evdə olan əşyaları toplayıb etnoqrafiya muzeyi qurmaq olar. Yeni muzeylərin yaradılması həm də yeni iş yerləri deməkdir.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh