Banner

Piyada keçidindən necə gəldi keçmək olmaz – QANUNDA BELƏDİR

Yazarlar 11 Mart 2015 17:39 Oxunub 7097
Piyada keçidindən necə gəldi keçmək olmaz – QANUNDA BELƏDİR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyada yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onun sürətini qiymətləndirdikdən sonra keçidə çixa bilər

Piyada intizamsızlığı yollarda ən ciddi təhlükələrdən biri olaraq qalır. Son zamanlar keçidlərdə piyadaya yol verməyən sürücülərin cərimələməsi hallarının artması və bunun geniş təbliği piyada intizamsızlığını bir az da artırıb. Bu məlumatı eşidən əksər piyadalar elə düşünürlər ki, piyada keçidi varsa, oradan hər bir halda və necə gəldi keçmək olar. Bu zaman sürücülər necə olursa-olsun, yol verməlidirlər. Bəri başdan qeyd edək ki, bu yanlış və çox təhlükəli yanaşmadır. Çünki yol hərəkəti qaydalarında bu məsələ kifayət qədər aydın şəkildə tənzimlənir, özü də heç də piyadaların düşündükləri kimi yox.

“Yol hərəkəti haqqında” Qanunun 40-cı maddəsinin 2-ci hissəsində deyilir: Piyada nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək MƏSAFƏNI, onların SÜRƏTINI qiymətləndirdikdən və yolu keçməyin onlar üçün TƏHLÜKƏSIZ OLACAĞINI YƏQIN ETDIKDƏN SONRA çıxa bilər. Bu norma onu ifadə edir ki, piyada nizamlanmayan (yəni svetoforsuz) piyada keçidində nəqliyyat vasitələrinə mane olmamaq və öz təhlükəsizliyini qorumaq şərti ilə yolu keçə bilər. 

Bu qayda tətbiq edilərkən sadə texniki göstəricilər nəzərə alınmalıdır. Məsələn, orta göstəricilərə malik insanın piyada hərəkət sürəti 4-5 km/saat (≈1,1-1,4 m/s) olduğunu hər kəs bilir. Belə piyadaya eni 7-10 m olan hərəkət hissəsini keçmək üçün 6-9 saniyə vaxt lazımdır. Bu müddət ərzində avtomobil yaşayış məntəqəsində təqribən 100-150 m (sürəti 60 km/saat götürməklə) məsafə qət edə bilər. Deməli, yolun hərəkət hissəsini təhlükəsiz və rahat keçmək istəyən piyada hər iki istiqamətdə həmin məsafədən (yəni yaşayış məntəqəsində 100-150 m) yaxında avtomobil olarkən svetoforsuz keçidə çıxırsa, risk edir. Düzdür, qeyd etdiyim göstərici yaşayış məntəqəsi üçün maksimal sürətdir. Ona görə də avtomobilin sürəti daha aşağı olanda daha yaxında avtomobil olsa da, piyada zebr kimi tanıdığımız keçidə çıxa bilər

Piyada və avtomobilin qarşılıqlı münasibətinə dair “Yol hərəkəti haqqında” Qanunun 54-cü maddəsinin I hissəsində də norma var. Həmin norma sürücüdən tələb edir ki, piyada keçidinə yaxınlaşarkən sürəti azaltmaqla və lazım olduqda dayanmaqla yolu keçməyə başlamış (yəni piyada keçidinə daxil olmuş) və ya piyada keçidinə daxil olmaqda olan (yəni hələ yolun hərəkət hissəsinə daxil olmasa da, ayağının heç olmasa birini keçidə qoymuş) piyadaya yolu keçməyə imkan versin. Qaydalarda belə bir normanın olması nəqliyyat vasitələrinin və piyadanın hərəkətinin xarakteri arasında olan fərqdən, habelə piyadaların yol şəraitini qiymətləndirməsindəki qeyri-dəqiqlikdən irəli gəlir. Ümumiyyətlə, yol hərəkəti qaydaları intizamsızlıq edərək, hərəkət qaydalarını pozaraq yola çıxan piyadanı sürücü üçün maneə hesab edir. Qanunun 50-ci maddəsi sürücüdən tələb edir ki, maneəni gördükdə, yol-nəqliyyat hadisəsinin (yəni piyadanın vurulmasının) qarşısını almaq üçün sürəti azaltsın, lazım gəldikdə, hətta dayansın. Amma bu norma piyada intizamsızlığına rəvac vermək üçün deyil. Bu norma, daha çox fiziki və ya psixi qüsurları səbəbindən, azyaşlı olması səbəbindən, yaxud başqa obyektiv və ya subyektiv səbəbdən, o cümlədən kobud intizamsızlığı səbəbindən qaydaları pozaraq, yolun hərəkət hissəsinə çıxmaqla avtomobillər üçün maneə yaradan piyadaları aşkar riskdən qorumağa yönəlib. Ona görə də piyada bu  normadan sui-istifadə etməməlidir. Sui-istifadə edənlər isə istisnasız olaraq sərt şəkildə cəzalandırılmalıdırlar. 

Beləliklə, nizamlanmayan piyada keçidini keçmək istəyən piyada yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafənin, onların sürətinin yolu təhlükəsiz keçməyə imkan verməyəcəyini (yəni nəqliyyat vasitəsinin tormozlanma edəcəyini, istiqamətini dəyişəcəyini, başqa təhlükəli manevr edəcəyini, yolu keçməyə başlayarsa qəza şəraiti yaranacağını) gördükdə yolu keçməyə başlamamalıdır. Bu, piyadanın istisnasız vəzifəsidir. Bu vəzifəyə riayət etməyən piyada cəzalanmalıdır.

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert

ŞƏRH YAZ
Ad

E-mail

Şərh