Reklam

Piyadalar niyə yol hərəkəti qaydalarına əməl etmir?

Yazarlar 5 İyun 2016 15:59 Oxunub 5076
Piyadalar niyə yol hərəkəti qaydalarına əməl etmir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadalar bilməlidir ki, "Yol hərəkəti haqqında" qanun və bu qanundan irəli gələn tələblər təkcə sürücülərə aid deyil

Xarici ölkələrə səfərdən dönənlərin çoxunun bölüşdüyü təəssüratın biri də piyadaların yol hərəkəti qaydalarına riayət etməkdə nə dərəcədə məsuliyyətli olmaları ilə bağlı olur. Hətta yol nə qədər boş olsa da, piyadalar üçün yaşıl işıq yanmasa, bir nəfər də yolu keçməyə cəhd etmir.

Bir də baxaq, bizdəki "28 Mall” ticarət mərkəzinin qarşısındakı yola. Son bir neçə aydır ki, nəqliyyat vasitələrinin və piyadaların hərəkətini tənzimləmək və təhlükəsizliyini təmin etmək üçün həmin yolda işıqfor qoyulub. Amma bu neçə ay ərzində hər dəfə ticarət mərkəzinin yanından keçəndə, piyadaların bir çoxunun işıqfora əhəmiyyət vermədiyini görürük. Əminliklə demək olar ki, əhəmiyyət verənlərin də çoxu cərimələnməmək üçün gözləyənlərdir. Yoxsa 20 manatlıq cərimə olmasa, bütün həyatlarını riskə atıb yolu keçirlər.

Öz həyatını fikirləşməyənlər, niyə heç olmasa özünü maşınının qarşısına atdığı sürücünü, onun ailəsini, uşaqlarını düşünmürlər? Niyə axı bizdə də bu qaydanı polislər güclə həyata keçirməyə çalışırlar? Axı polis bütün yollarda durub hamıya işıqfordan keçmə qaydasını öyrədə bilməz. Niyə yeraltı və yerüstü piyada keçidləri, işıqforlar olduğu halda, biz qaydalara əməl etmirik? Piyada mədəniyyətinin formalaşması üçün nə etmək olar? 

Piyadalar yol hərəkəti qaydalarını öyrənməlidir
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov qəzetimizə açıqlamasında bildirdi ki, Bakı şəhəri üzrə qeydə alınan yol nəqliyyat hadisələrinin təhlilinə nəzər saldıqda, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələr bütün göstəricilərinə görə aşağı düşüb: "Təkcə sürət həddinin aşılması ilə bağlı qeydə alınan hadisələr ümumi hadisələrin 41 faizidir. Piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin təxminən 50 faizini təşkil edir. Təhlükəli manevr etmə, yol ayrıclarını keçmə qaydalarının pozulması isə ümumi hadisələrin 22 faizini təşkil edir. Məhz bu hadisələrin qarşısını almaq üçün mütəmadi tədbirlər həyata keçiririk”.
V.Əsədov deyir ki, hər yerdə insanları yol polisi hadisələrdən qoruya bilməz. Hər kəs yol hərəkəti qaydalarını öyrənməyə çalışmalıdır: "Hər yerdə polis əməkdaşının köməyi ilə yolu keçiriksə, bu artıq özümüzü sərbəst idarə edə bilmədiyimiz anlamına gəlir. Yaşımızdan, tutduğumuz mövqeyimizdən asılı olmayaraq, yol hərəkəti qaydalarını öyrənməli və yerinə yetirməliyik. Piyadaların qayda pozuntusunun qarşısını almaq üçün piyada mədəniyyəti formalaşdırılmalıdır. Mədəniyyətin formalaşması təkcə yol polisindən asılı olmamalıdır. Evlərdə valideynlər, məktəblərdə müəllimlər, küçə və yollarda isə biz böyüklərin üzərinə məsuliyyət düşür. Biz onsuz da pol polisi olaraq funksional vəzifəmizi hadisələrin sayını azaltmağa yönəltmişik. Hərəkəti təşkil edirik, təbliğat aparırıq, yol-hərəkəti qaydalarını pozanları inzibati məsuliyyətə cəlb edirik ki, törədilən xətaların sayı azalsın və yol nəqliyyat hadisələri baş verməsin. Amma tək polislə iş olmaz.
Bakı şəhərində süni sıxlığın, tıxacların yaranmaması üçün bir neçə postlarımız var və daim həmin ərazilərdə əməkdaşlarımız xidmət aparır. Strateji əhəmiyyətə malik küçə və prospektlər üzrə təhlükəsizliyin tam təmin edilməsi üçün öz funksional vəzifəmizi həyata keçiririk. Amma elə yerlər var ki, nə işıqfor var, nə də polis. Bu o demək deyil ki, orada hökmən yol-nəqliyyat hadisəsi baş verməlidir. Vəziyyətə, şəraitə uyğun kimliyimizdən asılı olmayaraq hərəkət etməyi bacarmalıyıq. Yol hərəkəti haqqında qanunu və bu qanundan irəli gələn tələbləri bilməliyik”. 
V.Əsədovun sözlərinə görə, yol nəqliyyat hadisələrinin baş verməsinə əsas səbəb sürücü səhlənkarlığı və piyada diqqətsizliyidir: "Ümumiyyətlə, baş verən hadisələrin 98 faizi yol hərəkəti qaydalarının pozulmasından yaranır. Amma inanıram ki, bu istiqamətdə təbliğatın davam etdirilməsi yol hərəkətində mədəniyyət səviyyəsini yüksəldəcək”.
 
Piyada keçidə ayağını qoyanda...
 
"Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, insanlarımız çox vaxt piyadaların vəzifələri haqqında məlumatlardan xəbərsiz olurlar: "Müstəqilliyin bərpasından sonra bir çox məsələlər kimi piyada mədəniyyəti də bir az unudulmuşdı. Bu gün isə ağır nəticəsini görürük. İnsanlar düşünürlər ki, istədikləri yerdə yolu keçmək mümkündür. Bəzi piyadalar vəzifələri haqqında çox səhv xəbərdar olurlar. Məlumatı hardan alırlarsa, o cür də yadda saxlayırlar. Məsələn, deyirlər ki, piyada ayağını yola atdısa, sürücü harada olmasından asılı olmayaraq, saxlayıb yol verməlidir. Qanunların təbliği zəif aparıldığı üçün bu cür problemlər ortaya çıxır. Yol hərəkəti haqqında qanunun 40-cı maddəsində piyadaların vəzifələri sadalanır. Piyadaya deyilir ki, siz piyada keçidinə daxil olmazdan əvvəl sağa-sola baxmalısınız, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin olub-olmamasına fikir verməlisiniz, onun təxmini sürət həddini hesablamalısınız ki, mən ayağımı piyada keçidinə qoysam, sürücü əyləci basmaqla maşını saxlaya biləcəkmi, yoxsa məni vuracaq. Eləcə də digər vəzifələr”.
E.Muradlı deyir ki, sürücülər qaydaları bilirlər, çünki avtomobil idarə etmək üçün imtahan verib sənəd alırlar. Amma piyadalar heç bir imtahan vermirlər: "Son bir neçə ildə piyada mədəniyyəti deyilən fikir formalaşmağa başlayıb. Piyadalar məsuliyyətləri olduğunu cərimələr yazılmağa başladığında bildirlər. Piyadaların məsuliyyəti hamısı qanunda yazılıb. Amma bunu orta, ali məktəblərdə təbliğ edə bilmədiyimizə görə bu gün bu problemlər yaranıb. Artıq orta məktəblərdə bu cür təbliğat işlərinə başlanılıb. Yaxın müddətdə Təhsil Nazirliyi yol hərəkəti qaydalarını tədris prosesinə daxil etməyi nəzərdə tutur. Bu gün təməli qoyulan məsələ 10-15 ildən sonra nəticəsini verəcək”. 
 
"Piyada mədəniyyətində 15 faiz dəyişiklik var”
 
Ekspertin sözlərinə görə, piyadalar özlərinin və sürücülərin həyatlarını təhlükəyə atıb, yol hərəkəti qaydalarını pozsalar da, daha çox cərimə haqqında düşünürlər. Bu cərimədən xilas olmaq üçün isə polisə gətirmədikləri bəhanə qalmır. Müsahibimiz deyir ki, buna görə də maarifləndirmə tədbirlərinə geniş yer ayırmaq lazımdır: "Qanun-qaydaların təbliği bizdə çox aşağı səviyyədədir. Hardasa kütləvi tədbir keçirməklə, televiziyada 2-3 dəqiqəlik süjet verməklə təbliğat işini qurmuş sayılmırıq. Təbliğatın aparılması hər birimizin işidir. 
Ancaq DYP-nin, Təhsil Nazirliyinin, Nəqliyyat Nazirliyinin, nəqliyyat sferasına aid olan bütün suturkturların burada marağı olmalıdır. Yol hərəkəti qaydaları haqda piyadaların maarifəndirilməsi ilə bağlı sosial çarxlar hazırlanıb cəmiyyətə aşılanmalıdır. Şou, yemək verilişlərinin yerinə təbliğat xarakterli məlumatlar yayılması daha məqsədəuyğun olardı. Çünki buna daha çox ehtiyacımız var. Amma təəssüf ki, televiziylar bu cür məsələlərdə maraqlı olmurlar”.
E.Muradlı bildirdi ki, piyada mədəniyyətinin formalaşmaması yollarda günün pik saatlarında sıxlıq yaranmasına gətirib çıxarır: "Piyada keçidlərindən düzgün istifadə edilməməsi şəhərdə sıxlıq yaradır. Piyada keçidi olan yerdə hamı bir-bir yolu keçir, sürücülər də məcbur olub gözləyirlər ki, hamı keçsin. Amma xarici ölkələrdə belə bir təcrübə var ki, bir neçə nəfər yığıldıqdan sonra piyada keçidindən istifadə edilir. Bu, qanunvericilikdə yoxdur. Bu, təfəkkürdə formalaşmış mədəniyyət nəticəsində yaranmalıdır. Əvvəlki illərlə müqayisədə piyada mədəniyyətində 15 faiz dəyişiklik var”. 
 
Keçidlərimizin problemləri də az deyil
 
Ekspert deyir ki, piyada keçidlərimiz də hər kəsin istifadə edəcəyi səviyyədə deyil: "Elə yerüstü keçidlər var ki, eskalator yoxdur. Dərnəgül yolunda, Ziya Bünyadov prospektində avtomobil yolunu keçən yaşlı xanıma yaxında keçidin olduğunu dedim. Bildirdi ki, eskalator yoxdur, ayaqlarım ağrıyır deyə qalxa bilmirəm. Bu cür keçidlər bərbəzəkli düzəldilsə də, əlillərin rahat istifadə etmələri mümkün deyil. Keçidlərdə eskalatorların işləməməyi bir çox insanların bu keçidlərdən istifadəsində problem yaradır”.
E.Muradlı qeyd etdi ki, piyadaları çaşdıran daha bir məqam yol nişanları ilə bağlı şəhərdə olan problemlərdir: "Son vaxtlar bir material tapıblar ki, piyada keçidlərindəki "zebra”larda ondan istifadə edirlər. Asfalt çəkiləndə onu bir dəfə vururlar və o sonra getmir. Boya deyil, asfaltın tam canına oturmuş materialdır. Əvvəllər Mətbuat prospektindən 20 Yanvara gedən yolda iki piyada keçidini yan-yana tikmişdilər. Aralarında 20 metr məsafə yox idi. Yeni qanunvericiliyə görə, piyada keçidləri arasındakı məsafə şəhər içində 150-300 metr, avtomagistrallarda 300-800 metr olmalıdır. Yeni qanun çıxandan sonra keçidlərin bəziləri silinməlidir. Amma "zebra”nın birini həmin materialdan ediblər deyə nə qədər təmizləsələr də tam silinməyib. Neçə illərdir də ki, hamı ondan istifadə edir. Amma keçid deyil. Sürücü kimi problem yaranır ki, orada piyadanı vursa, necə müəyyənləşdiriləcək ki, bura keçiddir, yoxsa yox?
Bizim keçidlərin əksəriyyətini o vaxtlar məişətdə işlətidiyimiz boyalarla çəkirdilər. Rəngi getmiş, alabəzək keçidləri artıq hamı keçid kimi qəbul edir. Piyada keçidlərinin yanında nişan olmalıdır. Bakıda əksər yollarda "zebra” var, nişan yoxdur, yaxud da nişan var, "zebra” yoxdur. Dövlət Yol Polisinin cərimələrdən il ərzində yığdığı vəsaitin miqdarı 60-70 milyon manatdır. Bu pulla Bakıda nişanlarla bağlı zəviyyəti çox yaxşı həll etmək olar. Ən çox da bu problemi Bakı Şəhər İcra Hakimiyyətinin çəkdiyi yollarda görürük”.
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh