Banner

Piyadaların ölümündə kimdir günahkar: Sürücülər, piyadalar, yoxsa ...? - III YAZI

Yazarlar 2 Aprel 2024 10:26 Oxunub 3218
Piyadaların ölümündə kimdir günahkar:  Sürücülər, piyadalar, yoxsa ...? - III YAZI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Uşaqlara yolu yalnız işıqforun yaşıl işığı yandıqda və yalnız piyada keçidində təhlükəsiz keçmək üçün əsas qaydaları öyrətmək vacibdir. Uşaqlara təkcə yolu düzgün keçməyi deyil, həm də avtomobillərin kəsişmələrdə hansı prinsiplərlə hərəkət edəcəyini və onlardan nə gözləyə biləcəyini başa salmaq lazımdır.

Bu, ilk növbədə, gecə saatlarında yollarda avtomobillərin sayının, nəqliyyatın sıxlığının azalması və bir çox sürücülərin sürəti artırmağa başlaması ilə bağlıdır ki, bu da piyada ilə toqquşmanın nəticələrinin daha ağır olması deməkdir. Bu nümunə ümumi qəza statistikası ilə təsdiqlənir. Yol-nəqliyyat hadisələrinin əksəriyyəti - demək olar ki, 30 faizi saat 9-dan gecə saat 2-yə qədər baş verir.

Piyada silueti gecə vaxtı aydın görünməyə bilər ki, nəticədə sürücü bağışlanmayan səhvə yol verə bilər.Buna görə də gecə saatlarında yol-nəqliyyat hadisələrinin qurbanına çevrilməmək üçün bir sıra elementar tələblərə əməl etmək son dərəcə vacibdir. Bu effektə nail olmağın ən təsirli yolu - işıqqaytarıcı elementləri olan paltar geyinmək, həmçinin işıqqaytarıcı aksessuarlardan istifadə etməkdir.

Gecə saatlarında piyadaların işıqqaytarıcı elementlərdən istifadə etməməsi də yol-nəqliyyat hadisələri üçün ilkin şərait yaradan ciddi amil olaraq qalır.

Hər bir piyada yolda diqqətli olmalıdır. Yolda ehtiyatlı davranmaq həm sürücülər, həm də piyadalar üçün çox vacibdir. Təhlükəsizliyi təmin etməyin ən təsirli yollarından biri gecə, eləcə də pis hava şəraitində piyadaların yolda görünməsini təmin edən işıqqaytarıcı elementləri olan geyimlərdən istifadə etməkdir.

Bir çox piyadalar, bəlkə də Azərbaycanda piyadaların 90-95 faizi işıqqaytarıcı elementlərdən istifadə etmirlər, bununla da özlərini təhlükəyə məruz qoyurlar, çünki sürücü piyadanı və velosipedçini yalnız avtomobilin faraları ilə işıqlandırıldığı anda çox gec görmüş olur. İşıqqaytarıcı elementlər üst paltarlara, kürək çantalarına, adi çantalara və uşaq arabalarına yerləşdirilməlidir. Bütün bunlar Avropa ölkələrində çoxdan istifadə olunur.Statistikaya görə, gecə vaxtı işıqqaytarıcı elementlərdən istifadə etmək piyadanın yol-nəqliyyat hadisəsinə düşmə riskini 6,5 dəfə azaldır.

Bəli, piyada istədiyi kimi geyinməkdə azaddır, ancaq işıqqaytarıcı elementləri olmadan qaranlıq şosse ilə getsə, nəinki öz həyatını, hətta onu görə bilməyən sürücünün həyatını təhlükə altına qoya bilər.

Məsələn, Finlandiya qanunları piyadalardan yaşayış məntəqələrində, hətta işıqlı küçələrdə bir qayda olaraq işıqqaytarıcı elementlərdən istifadə etməyi tələb edir. Əvvəllər bu qayda yalnız işıqlı olmayan küçələrə şamil edilirdi.

İnzibati Xətalar Məcəlləsinin 338.5.3-cü maddəsində işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Təəssüf ki,Məcəllədə işıqqaytarıcı elementlərdən istifadə etmək vəzifəsi piyadanın üzərinə qoyulmamışdır. Yaşayış məntəqələrində, eyni zamanda işıqlı küçələrdə işıqqaytarıcı elementlərdən istifadə etməyi bir tələb kimi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununda və İnzibati Xətalar Məcəlləsində də nəzərdə tutulması fikrimizcə, piyada ölümlərinin qarşısını almış olardı.

Piyada keçidləri məsələsinə gəldikdə, qeyd etmək yerinə düşərdi ki,Azərbaycan Respublikasının qanunvericiliyi piyada keçidini yolun hərəkət hissəsindəpiyadaların yolu keçməsiüçün nəzərdətutulan sahə, yaxud mühəndis qurğusu kimi xarakterizə edir.Avtomobil yollarında piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsinə dair tələblər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsində öz əksini tapmışdır.

Ən təhlükəsiz keçid yeraltı və ya yerüstü keçidlərdir. Bu keçidlər yolu keçmək üçün ən təhlükəsiz yerlərdir, çünki bu cür keçidlərdə nəqliyyat və piyada axınları kəsişmir. Ona görə də yolun hərəkət hissəsində yolu yalnız piyada keçidlərindən keçmək töfsiyə olunur. Onlar olmadıqda isə səkilər və ya səkilərin bordürləri boyunca kəsişmələrdə yolu keçmək olar. Hazırda ölkə ərazisinin avtomobil yollarında kifayət qədər yeraltı və yerüstü keçidlər mövcuddur, lakin elə yollar vardır ki, onların da belə keçidlərlə təmin olunması neçə-neçə piyada həyatının qorunması deməkdir.

Azərbaycanda avtomobil yollarının uzunluğu 18.799 km. təşkil edir. Onlardan 4577 kilometri respublika əhəmiyyətli yollardır. Əldə etdiyimiz məlumata görə indiyədək Bakı şəhərində 113 (onlardan 41-i yerüstü, 72-si yeraltı piyadakeçidi), respublika əhəmiyyətli magistral yollarda isə 64 gözoxşayan, müasir tipli yeraltı və yerüstü piyada keçidi tikilərək istifadəyə verilmişdir.

Bu qədər yerüstü və yeraltı keçidlərinin mövcudluğuna baxmayaraq hələ də bu keçidlərin qıtlığı hiss olunmaqdadır.Avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlərin quraşdırılmaması həm sürücülər, həm də piyadalar üçün problemlər yaradır. Misal üçün Bakı-Qazax istiqamətində Qaradağ, Kürdəmir, Goranboy rayonlarının ərazilərini misal çəkmək olar. Gəncə, Sumqayıt kimi şəhərlərdə də oxşar vəziyyətdir.

Yol təhlükəsizliyi həm piyadaların, həm də sürücülərin ortaq məsuliyyətidir. Hər iki tərəfin diqqətli və ehtiyatlı olması vacibdir, çünki bir sürücünün səhvi digərinin tez reaksiyası ilə düzəldilə bilər. Hər ikisi diqqətsizdirsə, qəza riski qaçılmazdır.

Təcrübədən məlum olur ki, piyadaların avtomobil təkərlərinin altına düşməsinin əsas səbəblərindən biri piyadaların smartfonlardan istifadə edərək hər iki tərəfə baxmadan və hərəkətlərinin təhlükəsizliyinə əmin olmadan yolu keçməsi hallarıdır. İkincisi, sadəcə olaraq yolusürücünün piyada ilə qarşılaşacağını gözləmədiyi yerdə keçirlər. Üçüncüsü, sözün əsl mənasında dayanmış avtomobillərin, dayanacaqlarda dayanan avtobusların, hətta ağacların və kolların arxasından yola atılırlar ki, bu da sürücülər üçün piyadanın görünməsini məhdudlaşdırır, nəticədə ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzaları baş verir.

Şəxsi müşahidələr onu deməyə əsas verir ki, bir çox hallarda keçid (“zebra”) piyadadan 5-10 metrlik aralı məsafədə olmasına baxmayaraq o, nəqliyyat axınına, onun sıxlığına fikir vermədən, saymazlıq göstərərək, qulaqcıqlar qulağında, smartfonla danışa-danışa, nəqliyyat vasitəsinin hansı istiqamətdə hərəkət etməsinə əhəmiyyət vermədən yolu istədiyi yerdən keçir, hətta bir çox hallarda nəqliyyat vasitəsi tərəfə deyil, əks tərəfə baxır, bununla da qəza vəziyyəti yaradır və sonda ağır yol qəzası baş verir.

2019-cu ildə çinli alimlər pik saatlarında nizamlanan yolayrıcında 4196 piyadanın davranışını tədqiq etmişlər. Onların apardıqları araşdırma zamanı məlum olmuşdur ki, smartfon istifadəçiləri smartfonu olmayanlarla müqayisədə piyada zolağını keçmə qaydalarını iki dəfə çox pozurlar, smartfonu olan hər beşinci piyada keçidini gec keçməyə başlayır və nəticədə keçidi vaxtında başa vura bilmir. Smartfonlu piyadaların 12 faizi yaşıl işıqda keçidi başa vura bilmirlər və daha çox gözləməli olurlar, smartfonlu piyadaların 61 faizi hərəkətə başlamazdan əvvəl ətrafa baxmır, smartfonsuz piyadalar arasında isə bu rəqəm 31 faiz təşkil edir, smartfonu olan piyadalar belə cihazları olmayan piyadalardan fərqli olaraq nəzərəçarpacaq dərəcədə yavaş hərəkət edirlər. Tədqiqatçılar birmənalı nəticəyə gəlmişlər ki, piyadaların mobil telefondan istifadə etməsi qəzalı vəziyyətin yaranması riskini xeyli artırır.

Müxtəlif ölkələrdə hakimiyyət orqanları smartfonların yolda piyadalara vura biləcəyi zərərlərə diqqət yetirməyə başlayır. Belə ki, 2019-cu ildə Çinin Szyasin şəhərində yolu keçərkən mobil telefondan istifadəyə, oyun və zarafatlara görə 50 yuana qədər cərimə tətbiq edilmişdir. Litvada 2018-ci ildən etibarən piyadalar yolu keçərkən hər hansı diqqəti yayındıran hərəkətlərdən çəkinməli, o cümlədən mobil telefonlardan istifadə etməməli olmalarına dair qanun qüvvədədir - bu pozuntuya görə cərimə 20 avrodan 40 avroya qədərdir.

Oxşar cərimələr ABŞ-ın bəzi şəhərlərində də tətbiq edilir. 2017-ci ildə Havay adalarının Honolulu şəhərində yolu keçərkən smartfon və planşetdən istifadəyə görə ilkin qayda pozuntusuna görə 15-35 dollar, sonrakı pozuntulara görə isə 99 dollara qədər cərimə tətbiq edilir. Kaliforniyanın Montkler şəhərində 2018-ci ildən bəri ilk pozuntuya görə 100 dollar, sonrakı pozuntulara görə isə 500 dollara qədər cərimə müəyyən edilmişdir.

 

Nə edilməlidir ki, yollarımızda piyada keçidlərində bədbəxt hadisələr baş verməsin, yol hərəkətinin ən müdafiəsiz iştirakçılarıuşaqlar, əlilliyi olan şəxslər, velosipedçilər və yaşlılar həyatla vidalaşmalı olmasınlar? Nəzəri cəhətdən hər piyada keçidinin qarşısında bir videokamera quraşdırılmalıdır ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almaq mümkün olsun. Praktiki cəhətdən isə bu mümkün məsələ deyil. Hər şeyi isə bir vəzifə kimi yol polisinin üzərinə qoymaq düzgün olmazdı. Burada yol polisindən əlavə vətəndaşların, vətəndaş cəmiyyətinin rolu əhəmiyyətli dərəcədə artırılmalı və kütləvi informasiya vasitələri bu məsələdə əvəzsiz rol oynamalıdırlar.

Əgər sürücü piyadaya xəsarət yetirməsinin qarşısını almaq istəyirsə, ilk növbədə piyadanın davranışını qiymətləndirməlidir və unutmamalıdır ki, piyada da səhv etməyə meyilli insandır. Sürücü həmişə, xüsusən də manevr edərkən diqqətli və ehtiyatlı olmalı, gözləri hər an piyadanı axtarmalıdır. Diqqəti cəlb etmək və ya piyada özünə “problem yaratmasın” deyə piyadanın diqqətini özünə çəkmək üçün sürücü səs siqnalından istifadə etməlidir.

Baş vermiş qəzaların statistikası göstərir ki, yol qəzalarının üstünlük təşkil edən növü piyadaların vurulmasıdır. Piyadaların vurulmasının bir çox səbəbləri var: yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti piyadalarınməsuliyyətsizliyi, öz vəzifələrini yerinə yetirməmələri, yollarda təhlükəsiz davranışa dair məlumatlarının olmaması və ya az olması, sürücülərin diqqətsizliyi və səriştəsizliyi ucbatından baş verir.

Piyadanın qəzanın günahkarı olması üçün onun yol hərəkəti qaydalarından birini pozması kifayətdir. Məs., piyadanın işıqforun qırmızı işığında yolu keçməsi, yolu keçiddən kənarda keçməsi və s. və i.a.

Azərbaycan Respublikası Statistika Komitəsinin məlumatına görə 2022-ci ildə 1668 (məkana görə 257 yol-nəqliyyat hadisəsi magistral avtomobil yollarında, 1411 yol-nəqliyyat hadisəsi yaşayış məntəqələrində) və ya 2021-ci illə müqayisədə 1,2 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 6,1 faiz artaraq 2290 nəfər olmuşdur. Onlardan 834 nəfər həlak olmuş, 1456-sı isə yaralanmışdır. Hadisələrin 45 faizi gündüz, 37,9 faizi gecə, 17,1 faizi isə toran vaxtı baş vermişdir. Yol-nəqliyyat vasitələrinin 84,6 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 6,3 faiz artaraq 588 nəfər, yaralananların sayı isə 2,5 faiz azalaraq 1330 nəfər olmuşdur. Bütün yol-nəqliyyat hadisələrinin 41 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş vermişdir.

Əvvəlki yazı: BURADA

ardı var...

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə  "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Eldar Əsgərov (Şəkibəyov),

hüquqşünas, Dövlət qulluğunun baş müşaviri

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh