Polisimizdən örnək davranış - Generallarla görüşdən sonrakı TƏƏSSÜRAT

Yazarlar 11 Oktyabr 2018 13:30 Oxunub 2858
Polisimizdən örnək davranış - Generallarla görüşdən sonrakı TƏƏSSÜRAT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DİN ümumi ictimai problemlərin həllində vətəndaş dəstəyini belə qazanır

Bu yaxınlarda yazdığım bir yazı uyğun sahə görəvlilərinin diqqətini cəlb etdi və aramızda dialoqa səbəb oldu. Söhbət DYP postlarının ləğv edilməsinə çağırış məzmunlu “Sabit Azərbaycanda DYP postlarına gərək yoxdur” adlı yazımdan gedir.

Dostlar xatırlar, 28 sentyabrda şəxsi saytımda, ardından da bir neçə saytda (azinforum.az, azpress.az), o cümlədən həmkarım Elməddin Muradlının Avtosfer.az saytında dərc edilən yazı geniş əks-səda doğurdu. Ardından da Daxili İşlər Nazirliyinə dəvət edildik.

Biz jurnalistlərin Nazirlikdəki adamı – media ilə əlaqələrə məsul şəxs, polkovnik Ehsan Zahidov Elməddin Muradlıyla ikimizi dəvət etdi ki, buyurun, bir çayımızı için, məsələylə bağlı söhbət edək.

Əlbəttə, qəbul etdik dəvəti. Niyə də yox? Öz dövlətimiz, onun çox önəmli qurumlarından biri ictimailəşdirdiyimiz məsələylə bağlı dialoq təklif edirdi. Niyə bundan çəkinməli, qaçmalıydıq?

Beləliklə, oktyabrın 4-də nazirliyə gəldik, Ehsan Zahidov bizi nazir müavini, general-leytenant İsmət Əliyevin qəbuluna müşayiət etdi. Bu isə ondan xəbər verirdi ki, məsələyə ən yüksək səviyyədə diqqət var, bizi eşitmək istəyirlər, eyni zamanda bilgiləndirmək fikrindədirlər.

Bunu şəxsən özüm üçün bir fürsət bildim. Həm də əlavə olaraq sevindim ki, ölkəmin daxili güvənliyinə məsul olan ən yüksək qurumu bir jurnalistin xoş məramlı tənqid və təkliflərinə bu qədər həssas yanaşır.

Məsələ bununla da bitmədi. Oktyabrın 9-da DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov da bizi dəvət etdi, şəxsən vaxt ayırıb ümumilikdə yollar, yol mədəniyyəti, postlarla bağlı fikirlərini diqqətimizə çatdırdı. Burda da hiss etdim ki, məqsəd heç də tənqid yazan bir jurnalisti çəkindirmək deyil, əksinə, ümumi ictimai problemlərin həllində vətəndaş dəstəyi qazanmaqdır.

Bu iki yüksək rütbəli polis görəvlisinin qaldırdığımız məsələlərə belə həssas yanaşması sevindiricidir. Həm də ondan xəbər verir ki, şəxsən cənab nazir Ramil Usubovun özü başçılıq etdiyi sistemdə elə nizam-intizama nail olub, elə məsuliyyət mühiti yaradıb ki, heç bir vəzifəli şəxs yaxasını kənara çəkmir, vəzifəsinə başdansovdu yanaşmır. Təbii ki, belə bir yanaşmaya – duruma görə cənab nazirə ayrıca təşəkkür etmək keçir könlümdən.

İndi isə hər iki generalla nə barədə söhbət etdiyimizə gələk. Əlbəttə, geniş danışdıq, maraqlı söhbətlərimiz oldu. Lakin şəxsən mən düşünürəm ki, o söhbətləri ayrıntılı və geniş şəkildə təqdim etməyə lüzum yoxdur. Hər iki halda hörmətli generallara təşəkkür etdim ki, bizi bilgiləndirdilər. Şəxsən mənim üçün istər nazir müavini İsmət Əliyevin, istərsə də BDYPİ rəisi Ramiz Zeynalovun təqdim etdiyi bilgilər sadəcə bir yol hərəkəti iştirakçısı kimi deyil, həm də ictimai fəal, siyasi şərhçi və ölkəsini bir sıra beynəlxalq tribunalarda təmsil edən şəxs kimi də olduqca qiymətli idi.

Yəqin ki, dəyərli oxucularımız bütün bunları oxuduqca bir suala cavab gözləyir ki, yaxşı, anladıq da, bəs DYP postları məsələsi nə oldu? Elə o suala da cavab vermək istərdim. Bir az sonra, amma ümumi qənaət şəklində.

Qeyd etdiyim kimi, istər cənab generalların, istərsə də şəxsən mənim məsələylə bağlı mövqelərimiz var və hərəmizin özümüzə görə arqumentlərimiz ola bilər. Lakin həm onların, həm də bizim ümumi məqsədimiz fərqli deyil. Hamımız istəyirik ki, Azərbaycanda uzun illərdir əldə edilib qorunan sabitlik pozulmasın, insanlarımız qanunlar çərçivəsində yaşamağa davam etsin və xarici qüvvələr də ölkə içində qarğaşa yarada bilməsin. Bu işdə ən başlıca məsuliyyət polisin, o cümlədən də yol polisinin üzərinə düşür. Təbii ki, biz də yaxamızı kənara çəkə bilmərik…

Yeri gəlmişkən, onu da əlavə edim ki, bu görüşlərin ardından Saray postu və Ekologiya postuna da baş çəkdik, yerindəcə işin təşkililə tanış ola bildik. Buna görə də cənab generallara ayrıca təşəkkür edirik. Həm də hər iki postun vəzifəli şəxslərinə təşəkkür edirik ki, təmkinlə, nəzakətlə bizi qəbul edib gördükləri işləri izah etdilər.


Postlardan birinin daxilində. Foto: Elməddin Muradlı

Cənab generalların təqdim etdiyi statistika quru sözlər deyil, faktlar kimi mənim üçün maraqlı idi. Örnək üçün, 1990-cı illərin əvvəllərində Azərbaycanda 350 min civarında maşın vardısa, bu gün bu rəqəm 1 milyon 350 mindən artıqdır. Amma yol-nəqliyyat hadisələrinin sayı o dövrlə müqayisədə kəskin şəkildə azalıb. Üstəlik, bu hadisələr zamanı ölüm halları da bir neçə dəfə azalıb. Təkcə bu fakt ondan xəbər verir ki, yollarda hərəkətin təşkilində ciddi dönüşə nail olunub və bu da təbii ki, yol polisinin xidmətidir.

Hətta cənab generallar deməsə də şəxsən özüm bir yol hərəkəti iştirakçısı kimi ildən ilə bu sahədə baş verən müsbət dəyişiklikləri görürəm. Dəfələrlə bu haqda fikirlərimi də ictimailəşdirmişəm. İstər yolların abadlaşdırılması, istərsə də bütövlükdə altyapının (infrastrukturun) çağdaşlaşdırılması hər kəsin gözü qarşısında baş verir.

Bəs, bizi narazı salan nədir? Niyə bu postlarla bağlı bu qədər həyəcan içindəyik? Bu suallarımın cavabını cənab generallara da çatdırdım və hörmətli oxucularımızla da paylaşıram.

Postlarda bizi daha çox narahat edən görüntüdür. Uzaqdan gözə çarpmağa başlayan maneələr, çox zaman da polis əməkdaşlarının çıxıb yolun üstündə dayanması və hamını bəzən şübhəli gözüylə süzməsi, əlbəttə xoş görüntü deyil. Ona görə də təklif etdim ki, bu görüntünü bir qədər çağdaşlaşdırmaq üçün nəsə fikirləşmək işin xeyrinə olardı.

Daha bir problem polis əməkdaşlarının bəzən maşınları səbəbsiz saxlaması, bəzən də sürücülərlə kobud davranması hallarıdır. Düzdür, ədalət naminə deyək ki, son illərdə kobud davranma halları kəskin şəkildə azalıb. Amma davamlı olaraq bir halı müşahidə edirəm ki, maşını saxlatdıran polis əməkdaşlarının çoxu özünü “Yol hərəkəti haqqında” qanunun 84-cü maddəsinə uyğun təqdim etmir. Hətta bir çox hallarda polislərin üzərində bu qanun da olmur. Şəxsən özüm dəfələrlə xahiş etmişəm ki, qanunu açıb özlərini bu maddəyə uyğun təqdim etsinlər. Bəlli olub ki, qanun polisin nə üzərində, nə də maşınında yoxdur…

Bu hallar haqqında fikirlərimizi paylaşdıq. Heç şübhə etmirəm ki, cənab generallar uyğun ölçü götürəcəklər. Yəni həlli çətin olan məsələ də deyil bu…

Postların ləğvinə gəlincə, bizə təqdim edilən arqumentlər ondan xəbər verir ki, hələ bir xeyli müddət onların qalmasına təmkinli yanaşmalı olacağıq. Burda ayrıntılarını təqdim etməsəm də təqdim edilən bilgilər onu göstərir ki, DYP o postları hələ də saxlamaqda haqlıdır və şəxsən mən də bu söhbətlərdən sonra onlara haqq qazandırmalı oluram. Amma dediyim kimi, bir qədər görüntü və davranış məsələlərini yoluna qoymağa gərək var.

Ümumilikdə isə, bu görüşlərdə bir vahid mövqedə birləşdik: Azərbaycan sürücüsü hələ də arzu edir ki, başının üzərində polis nəzarəti olsun. Niyə, nə cür? Heç şübhə etmirəm ki, bu sualın cavabı hamıya gün kimi aydındır.

Ən adi durumda bizim sürücülərimizin böyük əksəriyyəti polisin və kameraların olmadığı yerdə mütləq qayda pozuntusuna yol verir. Qırmızı işıqda keçmək, sürət həddini aşmaq, piyadalara yol verməmək, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmaq adi haldır bizim yollarda. Amma kameraların, postların və səyyar polis xidmətinin olduğu yerlərdə bu hallar ya baş vermir, ya da olduqca az rastlanır. Bu isə o deməkdir ki, bir çoxlarının başının üzərində hələ də nəzarətə ehtiyac var…

Bir daha qeyd etmək istərdim ki, bir yazıda qaldırdığım məsələyə bu qədər həssas yanaşılması olduqca təqdirəlayiqdir. Ona görə də başda cənab nazir Ramil Usubov olmaqla DİN-in hər iki generalına, eləcə də bu görüşlərdə bizi müşayiət edən Ehsan Zahidov və BDYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyevə təkrar təşəkkür edirəm. Təbii ki, bu məsələdə məni tək qoymayan həmkarım Elməddin Muradlıya da bir təşəkkür payı düşür.

Ümumilikdə gəldiyim qənaəti də paylaşmaq istərdim. Belə bir örnək yanaşma bütövlükdə DİN-ə başucalığı gətirir. Eyni zamanda bu qurumun rəhbəri də daxil bizimlə təmasda olan bütün görəvlilərinin özünə güvənməsindən, öz işinə sadiqliyindən xəbər verir. Yəni bizim kimi tənqidçilərin inkar edilməməsi, əksinə, dialoqa çağırılması sübut edir ki, daxili işlər naziri Ramil Usubov cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ictimai əlaqələr qurur, vətəndaşın mövqeyini ifadə etməsi üçün şərait yaradır. Bir daha deyirəm, örnək davranışdır.

Sözardı: Bu görüşlərin hər ikisində diqqətimi bir məqam çəkdi: generalların heç biri mənim haqsız olduğumu sübut etməyə çalışmadı. Əksinə, həm şəxsimə münasibətdə çox sayğılı davrandılar, həm də müzakirə üçün şərait yaratdılar. Məsuliyyət, nəzakət, qarşılıqlı hörmət əlbəttə tərəfimizdən təqdir edilir.

Daha bir sözardı: Ötən illər ərzində bir neçə başqa sahəylə bağlı da bənzər yazılarım olmuşdu. Bu sahələrdən birinin rəhbər müavini məni söhbətə dəvət etmişdi. Söhbətin başlanğıcında adam əməlli-başlı üstümə gəlməyə başlamışdı. Təmkinlə sonadək dinləyib qarşısındakının kim olduğunu uyğun bir dildə ona göstərmişdim və sonda eyni sürətlə də qarşımdan geri çəkilməli olmuşdu…

Üçüncü sözardı: Mənim yazılarımı və çalışmalarımı yaxından izləyənlər xatırlar yəqin. Son bir neçə il ərzində nazirliklərdən birilə bağlı tənqidi fikirlərimi yazırdım. Yeni (təbii ki, təcrübəsiz) nazirlərdən idi. Adam bizi dinləmək əvəzinə üzərimizə hər cür ünsürü göndərmişdi ki, Azər Həsrəti gözdən salsın. Hətta özünün köməkçisi – xalası oğlu, şizofreniyadan əziyyət çəkdiyini hər kəsin bildiyi birisini görəvləndirmişdi ki, məni sosial mediada “biabır” eləsinlər. O da tabeliklərində olan qurumların rəhbərlərinə tapşırıq verib barəmdə eybəcər qaralama kampaniyası aparırdı. Bu kampaniyaya hətta bəzi dostlarımızın da dəstək verməsi gözümüzdən qaçmamışdı. Özü də bu bədbəxt barəmdə o qədər bilgisiz idi ki, məni əyyaşlıqda ittiham edirdi. Ki, tanıyanlar bilir ki, mən bu yaşadək arağın dadını hələ də bilmirəm. İçkidən, siqaretdən uzaq birisiyəm. Elə başqa pis vərdişlərdən də…

Və lap sonda: İstər general İsmət Əliyev, istərsə də general Ramiz Zeynalovla görüşdən ayrılarkən dönüb geri baxdım. Bir jurnalisti dəvət edib durumu mədəni şəkildə izah etməklə heç birinin poqonlarının zəri düşməmişdi. Çünki hər ikisi təcrübəli dövlət adamıdır da, ondan…

 

Azər HƏSRƏT,

[email protected]

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh