Polisin sayıqlığı vətəndaş məsuliyyətsizliyi üçün əsasdırmı?
DİN-in müraciəti əslində mənim üçün qeyri-adi olmadı. Hətta deyərdim ki, polis bu işdə kifayət qədər səbrli və tolerant davrandı. Lakin çimərliklərdə 1 gündə 42 uşağın itməsi polisin həyəcan təbili çalması üçün ciddi əsas idi.
42 azyaşlının sağ-salamat tapılaraq ailələrinə təhvil verilməsi polisin peşəkarlıq göstəricisi kimi mübahisə doğurmur. Lakin işin polisdən asılı olmayan tərəfləri də var. Əvvəla, rəqəm nə dərəcədə qorxuducudur?
Müqayisə üçün deyək ki, Azərbaycan okeana birbaşa çıxışı olmayan ölkədir. Sahil xəttinin uzunluğuna görə biz Türkiyə, İtaliya, ABŞ, Fransa kimi ölkələrlə müqayisə edilə bilmərik. Məntiqi olaraq Azərbaycanda çimərliklərdən istifadə edənlərin də sayı azdır. Lakin sadaladığım ölkələrdə çimərlikdə itən uşaq sayı gündə heç 10 nəfəri keçmir. Bəs biz niyə özümündən ərazi və əhalicə böyükləri qabaqlaya bilmişik?
Bizim antirekordumuzun səbəbini bilmək üçün hansısa çimərlik ərazidə 15 dəqiqə müşahidə aparmaq kafidir: valideynlər azyaşlıları suya buraxıb özləri sahildə telefonla qurdalanır, ya da “pivələnir”. Həm də arxayın olurlar ki uşağın əynində suda batmayan gödəkçə var.
Xeyr, əzizlərim, bu arxayınlıq üçün əsas deyil. Ən azından bizdə. Xəzərin azğın sularının qarşısında çox vaxt peşəkar şturmanlar belə aciz qalır. Qədim adı Quzğun dəniz olan bu məkanda 1 dəqiqədən az vaxtda hər şey dəyişə bilir. Hətta çimərlik zonalarında belə anidən dalğa elə şiddətlənir ki böyük adam güclə dayanır. Əynində gödəkçə olan körpəni isə dalğa çəkilərkən ağuşuna alıb dənizə aparacaq.
Azərbaycanda xilasedicilərin peşəkarlığı və sayıqlığı müzakirə mövzusu deyil. Onlar öz işlərini kifayət qədər ustalıqla və vicdanla yerinə yetirirlər. Texniki təchizat da öz yerində. Lakin nə xilasedicilərin peşəkarlığı, nə də polisin sayıqlığı valideyn məsuliyyətini əvəz edə bilməz. Bəzən 10 saniyəlik diqqətsizlik böyük faciə doğurur. Bu zaman hansısa güc strukturunun müdaxiləsi nəticə vermir.
Polisin məlum açıqlaması 1 pis, 1 də yaxşı tendensiyanın göstəricisidir. Yaxşısı budur ki, vətəndaş polisə etibar edir. Həm də pisi odur ki, vətəndaşın məsuliyyətsizliyi uşaq oğrularına imkan yaradır. Çimərlikdə itən 42 uşaqdan ikisi tapılmasa təqsir kimdə olacaqdı?
İş burasındadır ki, valideyn etinasızlığı təkcə çimərliklə məhdudlaşmır. Yeni binaların həyətlərindəki oyun yerlərində də valideynlər eyni davranışı nümayiş etdirirlər. Lakin burada hər oyuncağın yanında bir polis dayanmır və daynmamaldır. Bu yerlərdə itən uşağı taleyi necə olacaq?
Məsələnin həlli yolu da çox sadədir: valideyn uşağı ilə ictimai yerdə ikən telefondan asılı olmamalıdır.
Vüqar Yaşaroğlu