Polislə əməkdaşlıq etmək "işverənlik" deməkdir?
İki gün öncə prezident İlham Əliyev ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi ilə bağlı fərman imzalayıb. Fərmanla qanunçuluğun və hüquq qaydasının qorunmasında vətəndaşların geniş iştirakının təmin edilməsi, polis orqanlarına ictimai dəstəyin təşviqi, polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə "İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası" təsdiq edilib.
Çoxları bu fərmanı polis-vətəndaş münasibətləri, eləcə də ölkədə asayişin qorunması baxımından yüksək qiymətləndirsə də, buna mənfi, hətta ironik yanaşan, polislə əməkdaşlıq edənləri "işverən" adlandıranlar da oldu.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev milli.az-a açıqlamasında məsələyə tamam fərqli prizmadan yanaşdığını bildirdi: "Bu gün dünyada və regionda elə proseslər baş verir ki, hər bir Azərbaycan vətəndaşı çox diqqətli olmalıdır. Bilirsiz ki, Azərbaycan torpaqları neçə illərdir ki, işğal altındadır. Bizə düşmən mövqedə duran, ərazi iddiaları ilə çıxış edən dövlət var - Ermənistan. Düşmənlərimizdən bizə qarşı hər hansı təhlükəli hərəkət gözləmək olar. Ona görə də vətəndaşlar da ayıq-sayıq olmalıdırlar. Təbii ki, sadə insanlar da ictimai asayişin qorunmasında polis nəfərlərinə kömək olacaqsa, bu da çox düzgün addım olacaq. Böyük ehtimalla həmin insanların sosial təminat və maaş məsələləri də öz həllini tapacaq. Azərbaycan bu gün dünyada siyasi sabitliyin mövcud olduğu çox az ölkələrdən biridir. Ona görə də bu stabilliyi qorumaq çox vacibdir. İnanıram ki, vətəndaşlarımız da bu işə böyük maraq göstərəcəklər".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə isə azvision.az-a deyib ki, burada söhbət qəbul edə bilmədiyimiz hüquqazidd hərəkətlərlə bağlı polisə köməkdən gedir və hər bir vətəndaşın borcudur ki, hüquqazidd hərəkətlərin qarşısının alınmasında dövlət orqanlarına dəstək olsun.
Ç.Qənizadə qeyd edib ki, fərmanın maraqlı tərəflərindən biri yaşı 20-24 arasında olan gənclərin polislə əməkdaşlığa cəlb edilməsidir: "Bu yaşda olan gənclər daha çevik, cəld və hadisələrə düzgün reaksiya verə bilirlər. Burada iki il ərzində fəaliyyətdə olmaq həmin insanların gələcəkdə daxili işlər orqanlarında işə düzəlməsi üçün üstünlük təşkil edəcək".
Lakin millət vəkilinin sözlərinə görə, həmin şəxslər polisin səlahiyyətlərini mənimsəyib, özlərini polis kimi təqdim edib qərar qəbul edə bilməzlər. Onlar sadəcə polis orqanları ilə birlikdə müəyyən vəzifələrin yerinə yetirilməsində, hadisələrin qarşısının alınmasında, maarifləndirmə işlərində, hüquqazidd əməllərin qarşısının alınmasında iştirak edə bilərlər. Həmin şəxslər həyatı təhlükə olan əməliyyatlara cəlb olunmayacaqlar.
Qeyd edək ki, prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənmiş "İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası"nda göstərilir ki, polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan vətəndaşları könüllülük əsasında cəlb edilə bilərlər.
Qaydaya əsasən, polis orqanları ilə əməkdaşlığın təşkili qaydası Daxili İşlər Nazirliyi (DİN) tərəfindən müəyyən edilir.
Cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş şəxslər, psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan şəxslər, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər, inzibati xəta törətdiyinə görə barəsində son bir il ərzində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslər polis orqanları ilə əməkdaşlığa cəlb edilə bilməzlər.
Polis orqanları ilə əməkdaşlıq edən şəxslər fəaliyyətə başlamazdan əvvəl DİN tərəfindən müəyyən edilmiş qaydada müvafiq hazırlıq keçirlər.
DİN polis orqanları ilə əməkdaşlıq edən şəxsləri xüsusi geyim forması, döş nişanı və vahid nümunəli vəsiqə ilə təmin edir. Geyim formasının, döş nişanının və vəsiqənin təsviri və nümunələri DİN tərəfindən təsdiq edilir.
Həmin şəxslərin fəaliyyəti bu məqsədlər üçün DİN-ə ayrılan dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. Onların hüquq və vəzifələrini, sosial və digər təminatlarını müəyyən edən müqavilə bağlanır, ictimai vəzifələrini yerinə yetirərkən dövlət tərəfindən müdafiə olunurlar.
Polis orqanları ilə əməkdaşlıq edən şəxslərə DİN-in mülki işçiləri üçün müəyyən olunmuş təminatlar şamil edilir.
Daxili işlər orqanlarında xidmətə qəbul zamanı ictimai asayişin qorunmasında 2 il ərzində polis orqanları ilə əməkdaşlıq etmiş şəxslərə üstünlük verilir.
Polis orqanları ilə əməkdaşlıq edən şəxslər xüsusi xidmətlərinə, göstərdikləri fədakarlıq və cəsarətə görə dövlət təltiflərinə təqdim edilə bilərlər.