Postlarda gecikmələrin qarşısını yalnız belə almaq olar - EKSPERTDƏN TÖVSİYƏ
Bakının bəzi küçə və prospektlərində qurulan stasionar postlarda sıxlıq müşahidə olunur. Bəzi vətəndaşlar isə sıxlıq səbəbilə həmin postlarda ləngidiklərini bildirirlər.
Avtosfer.az-ın məlumatına görə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az -a bildirib ki, postlarda gecikmələr ola bilər və vətəndaşlar bunu anlayışla qarşılamalıdır:
“Ümumi ölkə üzrə karantin rejimini pozduğu üçün cəzalandırılan sürücülərin 35-40 faizi Bakının payına düşür. Düzdür, şəhərdə cüzi də olsa avtomobil sıxlığı müşahidə olunur. Bu o demək deyil ki, yol polisi işləmir. Elə Bakının özündə 50-ə yaxın stasionar postlar qurulub. Onu da deyim ki, Bakı şəhərində avtomobillərin hərəkəti ilə bağlı icazələrin sayı çoxdur. Şübhəsiz ki, əgər koronavirusa yoluxmaların sayı azalcaqsa, bu polisin xidməti sayəsində olacaq. Yoluxma sayı sıfır olan günün səhəri "karantin rejiminin sonudur" desəm şübhəli olmaz. Bütün bunlar polisin inzibati tənbeh tədbirləri həyata keçirməsi sayəsində başa gələcək.
Bir insan, bir polis kimi onu da başa düşürük ki, yoxlama məntəqələri, stasionar postlarda ləngimə baş verə bilər. Çünki əlimizdə olan planşet və digər texnikalar bir sürücünün icazəsinin həqiqi olub-olmamasını yoxlamaq üçün ən azı 55 saniyə vaxt tələb edir. Üstəgəl, bir sərnişinin də bu qayda ilə yoxlanılmasına birgə 2 dəqiqə vaxt tələb olunur və həmin istiqamətdə sıxlıq yaranmasına gətirib çıxarır. Məsələn, Ziya Bünyadov prospektindən "Qələbə" dairəsinə gedən yolda, “Koroğlu” metrostansiyasından üzü şəhərə doğru gedən ərazidə, "Azneft" dairəsindən mərkəzə doğru gələn istiqamətdə sıxlıq çox olduğu üçün orada xidmət aparan polislərin də sayı artırılıb. Sizin vasitənizlə vətəndaşlardan bu cür gecikmələri anlayışla qarşılamalarını xahiş edirik. Sanki polis indi koronavirus adlı gözəgörünməz bir qüvvə ilə mübarizə aparır. Polis indi də gücləndirilmiş rejimlə xidmətini davam etdirir. İstər Bakıda, istər ölkə ərazisində olan bütün yollar tam nəzarətə götürülb. Fürsətdən istifadə edib bir daha yol hərəkəti iştirakçılarına müraciət edirəm ki, lüzumsuz olaraq maşın sürməyin. Evdən çıxarkən qoruyucu vasitələrdən istifadə edin”.
Avtomobil eksperti Elməddin Muradlı isə bu barədə danışarkən, postlarda sıxlığın qarşısını almaq üçün öz tövsiyəsini verib:
“Bəzi postlarda sıxlıq, gərginlik müşahidə olunur. Bu da yol polisinin, çevik alayın, Daxili Qoşunların əsgərlərinin işini gərginləşdirir. Onların da digər işləri var. Həmin işləri atıb postlarda xidmət apara bilmir. Xidmət aparan əməkdaşların, texniki vasitələrin sayı azdır. Bəzi əməkdaşlar hətta lazımi proqramı telefona yükləməyə məcbur olurlar. Bütün bu tədbirlərlə dövlət istəyir ki, pandemiyadan ən az itkilərlə çıxa bilək. Amma cəmiyyətin bəzi üzvləri bunu anlamır. Zərurət olmadığı halda evlərindən çıxırlar. Əlavə problemlər yaradırlar. Təsəvvür edin ki, saxta yolla arayış alanlar, SMS-in vaxtını dəyişib özlərinə icazə alanlar ortaya çıxdı. Dövlət onları təhlükədən qoruduğuna baxmayaraq, onlar özləri sanki min bir yolla özlərini təhlükəyə atırlar. Amma müəyyən mexanizmlə postarda sıxlıq və ləngimənni qarşısını almaq olar.
Məsələn, Bakıdakı Avropa Oyunlarında və digər beynəlxalq oyunlarda sürücülərə buraxılış üçün xüsusi kartlar verilirdi. Həmin kartlar ön və arxa şüşələrə vurulurdu ki, polis onları saxlamadan buraxırdı. Həmin kartlardan hazırda fəaliyyətdə olan sahələrin sürücülərinə vermək olar. Nəticədə həmin sürücülər postlarda qalıb vaxt itirməz və sıxlıq yaranmaz. Bununla da ancaq 2 saatlıq icazə alanlar yoxlanılar. Hələ qarşıda 14 gün karantin rejimi tətbiq olunacağını nəzərə alaraq, bu üsula üz tutmaq məqsədəuyğun olar”.