PPX-dan YPX-ya keçid necə və niyə baş verdi?

Yol hərəkəti qaydalarının pozulmasından ibarət olan inzibati xətalara baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin dairəsi Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda verilib. Bu siyahıya diqqət etdikdə bütün hərəkət iştirakçılarının, o cümlədən piyadaların törətdiyi qayda pozuntularına dair işlərin YPX inspektorları tərəfindən baxılmalı olduğu aydın olur. Lakin daxili işlər orqanları vahid rəhbərlik prinsipi əsasında təşkil olunub. Ona görə də bu orqanların istənilən xidmətində fəaliyyət göstərən əməkdaşın Daxili İşlər Nazirliyi tərəfindən bir xidmətdən digər xidmətə ezam edilməsi, yaxud təhkim edilməsi tamamilə qanunauyğun haldır. Təcrübədə bundan geniş istifadə olunur. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti artırmaq məqsədi ilə son bir neçə ildə daxili işlər orqanlarının post-patrul xidmətinin bir qrup əməkdaşı nazirlik üzrə əmrlə YPX-da xidmət üçün təhkim edilib. Həmin əməkdaşlar başlıca olaraq piyadaların hərəkət təhlükəsizliyinə nəzarət edirlər, habelə dayanma və durma qaydalarını pozan nəqliyyat vasitələrinin mühafizə olunan duracağa aparılması işi ilə məşğul olurlar. Bu əməkdaşların YPX inspektorlarına aid səlahiyyətləri icra etməsində hər hansı qanuna zidd məqam yoxdur, çünki onlara bu səlahiyyət Daxili İşlər Nazirinin əmri ilə verilib.
Bununla belə, bu tipli söz-söhbətin yaranmaması üçün daxili işlər orqanlarının başqa xidmətlərindən əməkdaşların yol patrul xidmətinə təhkim olunması barədə əmrin DİN-in və ya DYP-nin rəsmi internet səhifəsində dərc edilməsi yaxşı olardı. Düzdür, bu tipli əmrlər bir qədər fərdi xarakter daşıyır, lakin söhbət vətəndaşların məsuliyyətə cəlb edilməsilə bağlı fəaliyyətdən getdiyindən həmin əmrlərin təkcə polis əməkdaşlarının deyil, həm də geniş ictimaiyyətin diqqətinə çatdırılması yaxşı olar.
Bununla bağlı vətəndaşlarımıza başqa bir məsələni də xatırlatmaq istəyirəm. Polis əməkdaşı ictimai asayışə, qanunçuluğa nəzarət etmək üçündür. Öz fəaliyyəti gedişində polis əməkdaşı rast gəldiyi bütün qanun pozuntularına reaksiya verməyə borcludur. Bu onun qanunla müəyyən olunan vəzifə borcudur, yəni heç kəs düşünməməlidir ki, məsələn, mən öz avtomobilimlə qırmızı işıqdan keçirəm, bunu mühafizə polisinin əməkdaşı görür, lakin bu iş onun yox, DYP əməkdaşının səlahiyyətinə aid olduğundan mühafizə polisinin əməkdaşı üzünü o tərəfə çevirərək getməlidir. Xeyr. Bu belə deyil. Bu halda mühafizə polisinin əmakdaşı raport tərtib edərək subordinasiya qaydasında müraciət etməlidir ki, həmin qanundankənar hərəkəti etmiş şəxs məsuliyyət cəlb edilsin. Düzdür, mühafizə polisinin sürücünü saxlayaraq ona cərimə yazmaq kimi səlahiyyəti yoxdur, bunu etmək qanunsuz olardı. Amma mühafizə polisinin belə qanunsuzluğa göz yumması da qanunsuzdur. Dünyanın hər yerində nizam-intizam, qanunçuluq bu yolla təmin olunur. Buna görə də vətəndaşlarımızın “Yol hərəkəti ilə bağlı işlər yalnız DYP-likdir” kimi düşüncələri doğru deyil.
Bu məsələ ilə bağlı başqa bir məqamı da vurğulamaq istərdim. Piyada kimi yol hərəkəti qaydalarını pozan istənilən vətəndaş üçün belə problemlərin meydana çıxmamasının ən yaxşı variantı intizamlı olmaqdır. Əgər hər hansı vətəndaş yol hərəkəti qaydalarını pozmasa, onu heç kəs məsuliyyətə cəlb etməyəcək və onun üçün bu işə kimin nəzarət etməyi maraqlı olmayacaq. Odur ki, piyadalarımızı diqqətli olmağa, polisin kimliyindən asılı olmayaraq qaydalara riayət etməyə çağırıram.
O ki, qaldı hər hansı vətəndaşın konkret polis əməkdaşının hərəkətlərindən narazılığına bunun da həlli qaydası qanunla müəyyən olunur. Əgər kimsə hər hansı əməkdaşın hərəkətlərindən və ya qərarından narazıdırsa, bu barədə polisin yuxarı orqanlarına və ya məhkəməyə şikayət etmək lazımdır. Belə şikayətlər polis əməkdaşları arasında intizamın gücləndirilməsində mühüm rol oynayır, onları qanuna daha ciddi riayət etməyə sövq edir.
Ərşad Hüseynov,
hüquqşünas
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











