Vəsiqə lazım deyil ki, “sür getsin”: şəhərimizdəki TƏHLÜKƏ - VİDEO
Bu gün paytaxt küçələrində bir-birinin ardınca şütüyən mopedlərə tez-tez rast gəlirik. Əksəriyyəti də qida daşımaqla məşğul olur. Xüsusilə yerli brendlərin istehsalından sonra bu sahəyə maraq da artıb. Qiymət münasib, iş üçün imkan var deyə çoxları moped sahibi olmağa tələsir. Təbii ki, mopedlər üçün sürücülük vəsiqəsi də tələb olunmur deyə daha asan nəqliyyat vasitəsi hesab edilir.
Bəs görəsən bu ucuz və asan nəqliyat vasitəsinin təhlükəli tərəfəri varmı?
Ekspertlər bildirir ki, moped idarə edən sürücülər son dərəcə diqqətli olmalıdır. Bakının küləkli şəhər olduğunu nəzərə alsaq təhlükə hər an onların qapısında dayanıb. Çünki çəkisi yüngül olduğu üçün aşma ehtimalı da çox yükəskdir. Çünki yüksək sürət zamanı nəqliyyat vasitəsinin çəkisi də azalır. Nəticədə ani külək belə onları aşıra bilər.
Digər təhlükə isə moped sürücülərinin yol hərəkəti qaydalarına düzgün riayət eməməsidir. Belə ki, onsuz da “cərimə olunmayacam”, “sürücülük vəsiqəm yoxdur” fikri ilə svetoforun qırımızı işığında keçmək, maşınların arası ilə hərəkət etmək və ya yol ayrıcına girmək kimi hallar baş verir. Nəticədə isə qəzalar qaçılmaz olur. Bəziləri düşünür ki, moped sürürürsə ona hər hansı bir cərimə yoxdur.
Yol Hərəkəti Haqqında Qanunda velosiped və moped sürücüləri üçün xüsusi qaydalar var. Həmin sürücülər bu qaydalara ciddi şəkildə riayət etməlidirlərki həm özlərinə, həm də digər hərəkət iştirakçılarına təhlükə yaratmasınlar.
Yol Hərəkəti Qaydalarının 46-cı maddəsinin I hissəsində qeyd olunub ki, Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər.
Yəni moped və velosiped sürücüləri sağ zolaqdan başqa digər zolaqlarla hərəkət edə bilməz. Mopedin sürəti 50 km saat sürətdən aşağı, velosipedin sürəti isə daha aşağı olduğu üçün, qanunda bu nəqliyyat vasitələrinin sürücülərinə sağ zolaqdan başqa digər sürətli zolaqlara keçməsi qadağan edilib.
İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsi velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması barədədir. Belə ki, bu sürücülər
- svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;
- sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;
- yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;
- sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə;
- nasaz velosipeddən istifadə etməyə;
- piyadaların hərəkətinə maneə yaradılmasına;
- keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə qırx manat məbləğində cərimə edilir.
Orxan Əli
Qeyd: Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2023-cü il kiçik qrant müsabiqəsi”qalib olmuş "Velosiped, motosiklet və moped sürücülərinin yol hərəkəti qaydaları və təhlükəsizlik vasitələrindən istifadə barədə maarifləndirilməsi" layihəsi çərçivəsində hazırlanıb.
"Yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər"