Banner

“Prius”lar yollara qayıdır: Taksidən əli üzülənlərin ÇIXIŞ YOLU

Yazarlar 4 İyun 2024 15:49 Oxunub 1058
“Prius”lar yollara qayıdır: Taksidən əli üzülənlərin ÇIXIŞ YOLU
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Taksi fəaliyyəti ilə bağlı yeni qaydalar bu sahədə bir sıra dəyişikliklərə gətirib çıxarıb.

Avtosfer.az xəbər verir ki, 1 iyulda qüvvəyə minəcək yeni qanuna əsasən buraxılış tarixindən 15 ildən çox vaxt keçməyən nəqliyyat vasitələri üçün 3 ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazə alan şəxslər taksi fəaliyyətini davam etdirə biləcəklər. Artıq son günlər paytaxtda taksilərin sayında azalma, eləcə də qiymətlərində bahalaşma müşahidə edilir. Xüsusilə də Bakıətrafı ərazilərdə fəaliyyət göstərən “1 manatlıq” taksilərin sayında bu azalmanı görmək olur. 

Ümumilikdə isə son günlər taksilərin sayının azalması ilə bağlı sanki şəhərdə cüzi də olsa tıxacın azalması müşahidə olunur. Ancaq əhali baha qiymətə taksilərdən istifadə edə bilmir. Taksilərin baha olması isə insanları ucuz avtomobil almağa sövq edir. 

Mövcud vəziyyət həm bazarda qiymət artımı, həm də yenidən paytaxtda tıxacın artmasına gətirib çıxaracaq?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, ümumiyyətlə, taksi bazarında bir seyrəklik müşahidə edilir: 

“Çünki taksi avtomobillərinin sayı xeyli azalıb. Bakı şəhərində təxminən 70 min civarında taksi var idisə, bu gün onların cəmi 18 mindən bir qədər artığı fərqlənmə nişanı və digər sənədləri əldə edib, rəsmi qaydada taksi kimi fəaliyyət göstərə bilirlər. Digərləri hələ də gözləyirlər ki, iyulun 1-dən sonra baxaq görək nə olur.

Ümumilikdə bu təsir müşahidə edilməkdədir. Çünki ilk olaraq taksi operatorları köhnə avtomobilləri sistemdə bloklamağa başladı. Yəni 1999, 2000, 2010-cu ilə qədər bir çox markalar, eləcə də “Prius”lar sistemdə bloklandı. Bloklanma olduğuna görə taksi avtomobillərin sayı demək olar ki, azalmış olur. İstehsalı 2009-cu ilə qədər olan avtomobillərin böyük əksəriyyəti sistemdə bloklanıb və bu proses ilin sonuna qədər də davam edəcək. Belə olan halda taksilərin sayı azalır və azalma baş verəndə də müştərilər narazılıq edir. 

Obyektiv yanaşsaq, dünənə qədər həmin müştərilər taksidə xaosun, sürücülərin intizamsızlığının və digər neqativ halların üzə çıxarılması, qarşısının alınması üçün çağırışlar edirdilər. Bu gün də həmin insanlar narazılıq edir ki, taksilərin sayı azdır. Dövlət də çıxış yolunu onda gördü ki, bu sahədə qayda-qanun yaradılsın və bunun da yaradılmasının yalnız bir yolu var. Bu da mövcud qaydalar çərçivəsində fəaliyyətdir. Artıq “Avtomobil nəqliyyatı haqqında” Qanuna dəyişiklik edilib. Nazirlər Kabinetinin müvafiq qərarları var. Bu qərarlar çərçivəsində fəaliyyət göstərənlər qalacaq. Bunun da saya çox böyük təsiri olacaq. Təxminən 30 min civarında taksi qala biləcək, qalanları çox güman ki, ləğv olunacaq”. 

Ekspertin sözlərinə görə, taksi bazarında baş verən son hadisələr insanları avtomobilə üz tutmağa məcbur edəcək:

“Çünki ictimai nəqliyyat normal vəziyyətdə deyil. Taksilərdə də azalma mütləq baş verəcək. Çünki bu, qaçılmaz bir prosesdir. Belə olan halda bir gün görəcəyik ki, köhnə avtomobil kimi sistemdə bloklanan “Prius”lar və digər avtomobillər bazara. Vaxtilə taksidə gəzən insanlar da artıq ucuz olduğuna görə kreditlə və yaxud hansısa bir formada bu avtomobilləri əldə edib, özləri sürəcəklər. 

Beləliklə, biz yollardan yığışdırmağa çalışdığımız avtomobillər təzədən şəxsi avtomobil kimi yola qayıdacaq və heç nə dəyişməyəcək”. 

Ekspertin fikrincə, bunun qarşısını almaq üçün paralel şəkildə ictimai nəqliyyatı mütləq gücləndirmək lazımdır:

“Alternativ ictimai nəqliyyat növləri mütləq olmalıdır. Metro tikintisinə gəldikdə, az qalır ki, bir stansiyanı 5-10 ilə tiksinlər. Deməli, proses çətin olacaq. Hazırda Bakı şəhərinə 1600-1800 civarında avtobus lazımdır və bu il cəmi dövlət tərəfindən 160 avtobus gətirməyi düşünürlər. Şirkətləri də nəzərə alsaq, 200-300 avtobus olduqda, bəs 1800 nə vaxt olacaq? Deməli, bu hesabla 6-10 ilə olacaq. Beləliklə, avtomobilləşmə 10 il ərzində daha da sürətlə gedəcək”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh