Psixoloqdan sürücülərə məsləhət: “Belə musiqiyə qulaq asmaq təhlükəlidir!”
Musiqi insanın əhval ruhiyyəsinə həm yaxşı, həm də pis mənada təsir göstərir. Alimlərin fikrincə, musiqinin insan psixologiyasına təsiri çox böyükdür. Musiqi dinləyərkən orqanizmdə bioloji dövrlərin ritmi dəyişir. Məsələn, həzin, lirik musiqi dinlədiyimizdə sakit, daha dərindən nəfəs almağa başlayırıq. Musiqinin insana təsiri onun psixi durumundan asılıdır. Əhval-ruhiyyəsi şən olan insan oynaq, əksinə olduqda qəmli mahnılara qulaq asmaq istəyir. Ancaq elə musiqilər də var ki, onları həddindən çox dinləmək insan psixologiyasına çox pis təsir göstərir və hətta onu zərərli vərdişlərə vadar edir.
Psixoloq Elnur Rüstəmov Modern.az-a bildirib ki, musiqi insana birmənalı şəkildə təsir göstərir: “Bu təsir müsbət və mənfi ola bilər. Psixoloqların özündə “musiqi terapiyası” deyilən müalicə üsulu var. Bu musiqilərdən müəyyən qrup çalışmalarında istifadə olunur, nevroloji problemləri olan insanların problemlərini aradan qaldırmaq üçün istifadə olunur. Hər bir insanın fərqli və fərdi bir musiqi duyumu var. Bundan çıxış edərək, bu gün inkişaf etmiş ölkələrdə narkoz əvəzində musiqilərdən istifadə edilir. İnsan bu zaman ekstaz halına gəlir və ağrını hiss etmir. Ümumiyyətlə, bu gün insan psixologiyasına musiqnin təsiri ilə bağlı müxtəlif eksperimentlər aparılıb”.
Elnur Rüstəmov qeyd edib ki, “ musiqi terapiyası”nda insanları əyləndirmək, düşündürmək, sakitləşdirmək üçün müxtəlif janrlarda musiqilərdən istifadə edilir. Amma musiqinin insana çox mənfi təsirləri də ola bilər. Xüsusən çox ritmik mahnılar insan psixologiyasına mənfi təsir göstərə bilər: “İnkişaf edən ölkələrdə 20-ci əsrin 70-80-ci illərində yaranan qruplara, onların ifa etdikləri musiqilərə baxsaq, demək olar hamısı ritmik, oynaq, insanları coşduran musiqilərdir. Və paralel olaraq narkotiklərin dövriyyəsinə, narkotik istifadəçilərinin sayına, alkoqol istifadəçilərinin sayına baxsaq, eyni dərəcədə artımı görərik. Çünki bu mahnılar insanı coşdurur, bəzi insanlar birbaşa bu musiqilərin təsiri ilə hansısa xoşagəlməz vəziyyətə düşür”.
Psixoloq Gülər Məmmədova bildirib ki, musiqi dinləmək hər kəs üçün fərqli bir özəllikdir: “Hər kəsin fərqli bir fantaziyası var, fərqli incəsənət növlərinə marağı var. Musiqi bu incəsənət növlərindən biridir. İnsanların da xarakterinə uyğun olaraq musiqinin fərqli janrlarına marağı olur. Ancaq musiqi dinləyərkəın diqqətli olmaq lazımdır. Məsələn, maşın idarə edərkən ritmik musiqilərə qulaq asmaq düzgün deyil. Bu zaman insan psixoloji dayanıqlığını itirərək maşını çox sürətli idarə edə bilər. Bu da qəzalara yol açır”.
Gülər Məmmədova qeyd etdi ki, insandakı psixoloji pozğunluqları dinlədiyi musiqilərlə əlaqələndirmək doğru deyil: “Əgər insan rok musiqini sevirsə, onun zövqü rok musiqini tələb edirsə, onda bu janrda mahnıya qulaq asıb zövq almalıdır. Yox, əgər insanın fərd olaraq psixoloji durumunda problem varsa, musiqinin birbaşa ona təsirini qeyd etməzdim. Ancaq musiqiyə ifrat dərəcədə bağlılıq, həddindən artıq meyxanaları dinləmək, rok musiqiləri çox dinləmək, qəmli mahnılara çox qulaq asmaq insanların psixoloji durumlarını daha da gərginləşdirə bilər. Təbii ki, bu daha çox depressiv şəxsiyyət tipinə məxsus insanlara məxsusdur, onlar qəmli musiqilərə qulaq asaraq daha da vəziyyətlərini pisləşdirirlər”.
Gülər Məmmədovanın sözlərinə görə, insanın psixi durumunu öyrənmək üçün musiqidən istifadə etmək olar. Bunun üçün sadəcə ondan musiqi ifa etməsini istəmək lazımdır. Həmin şəxs həmin vəziyyətdə psixoloji durumuna uyğun mahnı ifa edəcək. Kimisi ayrılıqla bağlı mahnı oxuyacaq, kimisi şən əhval ruhiyyəli mahnı oxuyacaq: “Ən çox reallıqdan bir qədər uzaq romantikanı sevən insanlar gündəlik həyat tərzini musiqiylə qurmağı sevərlər. Əgər əhval-ruhiyyəsi şəndirsə, şən, ya da əksinə qəmgindirsə qəmli mahnılaraq qulaq asarlar. Musiqi bəzən insanın əhval-ruhiyyəsini dəyişdirə bilir. Ancaq əvvəl müəyyən etməliyik ki, hadisə insana nə dərəcədə təsir edib. İnsanın temperamentindən də çox şey asılıdır. Əgər insan melanxolikdirsə, daim qəmi olan birisidirsə, şən mahnı ona heç bir təsir etməyəcək”.