Qadınların maşın sürməsinə Konstitusiya nə deyir? - MARAQLI
Ölkəmizdə son illərdə qadın sürücülərin sayının artması ilə bu məsələyə ikili baxış ortaya çıxdı. Bir qrup buna tam normal yanaşır, digərləri ay aman mentalitet, ənənə və s. əldən getdi deyib üz cırır. Bəs Azərbaycan qanunvericiliyi buna necə baxır?
Budəfəki yazımız bir qədər siyasi və hüquqi xarakter daşıyır. Lakin məsələyə bu tərəfdən də yanaşmaq zəriridir. Qanunvericilik Azərbaycan qadınının hansısa texnikanı idarə etməsinə qadağa qoyurmu? Bir qədər əvvvələ, avtomobil sənayesinin ilk onilliklərinə qayıdaq.
Kostitusiya tariximiz Avropa dövlətləri ilə müqayisədə nisbətən cavan olsa da, kifayət qədər maraqlıdır. Son 100 ildə mövcud olmuş konstitusiyalarımızı təhlil etdikdə qadınlarla bağlı kifayət qədər müsbət məqamın olduğunu görərik. Bəzi hallarda bizim konstutusiyalarımızın qadına verdiyi hüquq və azadlıqlar Qərbdəkindən üstündür. Buna görə də təhlilə bir qədər də geridən başlamaq yerinə düşər.
1918-ci ildə Azərbaycan xalqının istiqlaliyyətini elan etməsi ilə ölkədə siyasi və iqtisadi vəziyyət dəyişdi. Şərqin ilk respublikasının təşəkkülü insan hüquqları məsələsini də gündəliyə gətirdi. Mayın 28-də qəbul edilən İstiqlal bəyannaməsinin 4-cü maddəsinə görə “Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir”di. Bu, tariximizdə insanların hüquq bərabərliyini elan edən ilk rəsmi sənəd idi və sevindirici haldır ki, sözügedən maddə kağız üzərində qalmadı. Halbuki, Avropa ölkələrində insan hüquqlarına dair ilk sənədlər bir qayda olaraq kişinin üstünlüyünü təmin edir, qadınları sosial həyatda aktiv iştirakdan kənarda saxlayırdı.
Doğrudur, Xalq cümhuriyyəti obyektiv səbəblərə görə qadınlarla bağlı bir çox işi həyata keçirməyə nail olmadı. İşğal təhlükəsi, Qarabağ problemi, iqtisadi çətinliklər və digər məsələlər qadın probleminə ciddi diqqət ayırmağa imkan vermirdi. Buna görə də cəmi 23 ay mövcud olmuş hökuməti genderlə bağlı bir çox məsələni həll etmədiyi üçün qınamaq ədalətsiz olardı. Hər hansı hadisəyə qiymət verərkən bu günün prizması ilə yanaşmaq, tarixi şəraiti nəzərə almamaq qeyri-elmi mövqedir.
1920-ci ildə ADR-in süqutu ilə ölkəmizdə yeni bir siyasi sitem formalaşdı. Qurulduqdan təxminən bir il sonra Azərbaycan SSR-in Konstitusiyası qəbul olunur. 6-19 may 1921-ci ildə keçirilmiş I Ümumazərbaycan Sovetlər qurultayında xalqımızın tarixində ilk konstitusiya qəbul edilir. Bu həm də Şərqdə ilk idi. Konstitusiyanın 13-cü maddəsi irqindən və cinsindən asılı olmayaraq bütün vətəndaşların hüquq bərabərliyini tanıyır, cinsi, irqi və dini mənsubiyyətə görə hüququn məhdudlaşdırılmasını qadağan edirdi.
Respublikanın ictimai-siyasi, sosial-iqtisadi və hüquqi həyatda baş verən yeniliklər 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər qurultayı tərəfindən ikinci Azərbaycan Konstitusiyasının qəbul edilməsi ilə nəticələndi. Bu konstitusiyadada qadınlara verilən hüquqlar əvvəkindən ciddi şəkildə fərqlənmirdi.
1937-ci ildə qəbul edilmiş Konstitusiyamız daha mükəmməl olması, bir çox məsələnin daha aydın təsbit edilməsi ilə seçilirdi. SSRİ-nin 1936-cı il konstitusiyasının (Stalin konstitusiyası) təsirinin aşkar hiss olunduğu sənəddə qadınlarla bağlı müsbət müddəalar kifayət qədər çoxdur. Konstitusiyanın 129-cu maddəsində göstərilir (sitatda o dövrün dili saxlanılıb):
Maddə 129. Azərbaycan SSR-də bütün təsərrüfat, dövlət, qultur və ictimai-səyasi yaşayış sahələrində qadına kişi ilə barabar hüquq verilir.
Qadınların bu hüququnun həyata keçirilməsi imkanı, əmək, əmək haqqı, istirahət, ictimai sığorta və təhsil üçün qadına kişi ilə barabar hüquq verilməklə, ... tə'min edilir.
Nəhayət, sovet dövründəki sonuncu, 1978-ci il konstitusiyamız həmin vaxtadək qəbul etdiyimiz bu tip sənədlərin ən mükəmməli idi ki, bunda da Azərbaycanın ovaxtkı rəhbərliyinin rolu danılmazdır. Sözügedən sənəddə qadınlara dair kifayət qədər ciddi müddəalar yer alırdı:
Maddə 32. Azərbaycan SSR vətəndaşları mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Azərbaycan SSR vətəndaşlarının hüquq bərabərliyi iqtisadi, siyasi, sosial və mədəni həyatın bütün sahələrində təmin edilir.
Maddə 33. Azərbaycan SSR-də qadın və kişi bərabər hüquqlara malikdirlər. Bu hüquqların həyata keçirilməsi təhsil almaqda və peşə hazırlığı keçməkdə, əməkdə, əmək haqqı almaqda və işdə irəli çəkilməkdə, ictimai-siyasi və mədəni fəaliyyətdə qadınlara kişilərlə bərabər imkanlar verilməklə, habelə qadınların əməyinin və sağlamlığının mühafizəsi saһəsində xüsusi tədbirlərlə, qadınlara əməyi analıq vəzifəsi ilə əlaqələndirmək imkanı verən şərait yaratmaqla; anaları və uşaqları hüquqi cəhətdən müdafiə etməklə, onlara maddi və mənəvi yardım göstərməklə, o cümlədən hamilə qadınlara və analara haqqı ödənilən məzuniyyət verilməklə və digər güzəştlər edilməklə, azyaşlı uşaqları olan qadınların iş vaxtını tədricən qısaltmaqla təmin edilir.
Ötən əsrin 80-ci illərinin sonunda başlayan milli azadlıq hərəkatı 1991-ci ildə müstəqilliyin əldə edilməsi ilə nəticələndi. Tarix baxımından kiçik olan bu dövr xalqımız üçün çox ağrılı oldu. Müstəqilliyin ilk illərində yaşadığımız ərazi itkiləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı kimi hadisələr heç bir yaş və cins fərqi qoyulmadan Azərbaycan insanının ən elementar hüquqlarının pozulması kimi xarakterizə olunmalıdır. Xoşbəxtlikdən siyasi-ictimai xaosun ömrü az oldu. 1993-cü ildə xalqın israrlı tələbi ilə hakimiyyətə yenidən qayıdan H.Əliyevin qətiyyəti sayəsində ölkədə qayda-qanun və sabitlik öz yerini tapdı. Zəngin dövlətçilik təcrübəsinə malik olan ümummilli lideri narahat edən bir məqam da müstəqil ölkənin yeni konstitusiyasının olmaması idi. Buna görə də, 1995-ci il mayın 2-də Milli Məclisin qərarına əsasən prezidentin rəhbərliyi ilə komissiya yaradıldı. Müstəqil Azərbaycan dövlətinin Konstitusiyası 1995-ci il 12 noyabr tarixli referendumda qəbul olundu. Milli dövlət quruculuğunun bünövrəsini təşkil edən bu Əsas qanunda da əvvəlki sənədlərdə olduğu kimi qadın və kişilərin hüquq bərabərliyi saxlanılıb. Sənədin 3-cü fəsli məhz insan hüquqlarına həsr olunub. Halbuki əvvəlki konstitusiyalarda belə bir ayrıca fəsil olmayıb.
Maddə 25. Bərabərlik hüququ
II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.
III. Dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən .... asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
Ali qanunun bu fəsli üzərində bir qədər dayanmaq yerinə düşər. Bu sənəddə əvvəlkilərə nisbətən qadın sözü az işlənsə də, sənəd daha əhatəlidir. Bərabərlik, yaşamaq, azadlıq, təhsil və s. hüquqlarla bağlı qadın və kişi deyil, hər kəsin ifadəsi işlənir. Bir sözlə, bütün hüquq və azadlıqlar yaşından və cinsindən asılı olmadan hamıya şamil edilir. Müstəqil respublikanın Əsas qanununun əvvəlki sənədlərdən fərqi məhz budur. Son 2 konstitusiyamızda (1978 və 1995) gender məsələsinin qoyuluşunda müdrik siyasətin və böyük dövlətçilik təcrübəsinin təsiri aşkar görünür. Hər 2 sənəd qadınların cəmiyyət həyatında rolunun artırımasını, onların şəxsi inkişafını və bu yolla da gender bərabərliyinin həyata keçirilməsini təmin edib.
Qüvvədə olan Əmək Məcəlləsinə görə qadınlara güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir (maddə 16). Məcəllənin bu tələbi Konstitusiya normalarına əsaslanır. Digər qanunvericilik aktlarına nəzər yetirdikdə də gender bərabərliyinin mütləq qaydada nəzərə alınmasının şahidi olarıq. Heç bir qanun Əsas qanuna zidd ola bilməz.
Ölkəmizdə qadınların kişilərlə bərabər hüquq əldə etməsi, onlara insani münasibət göstərilməsi həm də ənənə ilə bağlı olan haldır ki, du da ayrı bir araşdırmasının mövzusudur.
Sözümün canı odur ki, qadınların avtomobil, traktor, tramvay, qatar və hətta təyyarə sürməsi də qanunla qadağan edilmir. Bizi digər Şərq xalqlarından fərqləndirən də məhz budur. Azərbaycan qadını təyyarə sürəndə, texnika elmləri doktoru dərəcəsi alanda digər Şərq xalqlarının kişilləri qadınların daşqalaq edilməsində istifadə olunan daşın ölçüsü barədə baş sındırırdılar (min ildən çoxdur ki sualın düzgün cavabı tapılmır və müzakirələr davam edir).
O ki qaldı, qadın sürücülərə qarşı çıxanların gətirdiyi “dəlillərlə”, bunlara yaxın günlərdə geniş yazı həsr edəcəyik. Cənablar, bu “arqument”ləriniz gülünc görünür.
PS. Əslində yanaşmanın müsbət yöndə dəyişəcəyinə qəlbən inanıram. 10-15 il əvvələ nəzər salaq: vaxtilə noutbuk və ya telefonu olan qızlara pis nəzərlə baxılırdı. İndi bu tam normal haldır.
“Mən telefonu olan qızı almaram” deyən oğlanlar və valideynlər bəzən elə seçim etdilər ki,...
Vüqar Yaşaroğlu