Banner

Qar, şaxta, buz bağlayan yol - Gedəcəyimiz ünvana qəzasız-bəlasız çatmaq üçün… - FOTO

Yazarlar 10 Yanvar 2023 11:32 Oxunub 2790
Qar, şaxta, buz bağlayan yol  - Gedəcəyimiz ünvana qəzasız-bəlasız çatmaq üçün…  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qarlı hava şəraitində yol qəzalarından  necə qorunmalı?

Son günlər ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, əksər ərazilərdə sulu qar və qar yağması, yolların buz bağlaması da qəzaların baş vermə riskini artırır. Bu isə ağır yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün ciddi tədbirlərin həyata keçirilməsi məsələsini gündəmə gətirir.

“İki sahil” olaraq sürücülərin qar örtüklü yollarda qəzadan necə qorunmaları ilə bağlı fikirlərini öyrəndik:

Məsuliyyət  və ehtiyat

Sürücü Elçin Aslanov  bildirdi ki, qarlı hava olmasına baxmayaraq avtomobilimin təkərləri təzə olduğuna görə problemlə qarşılaşmıram: “Belə havalarda yol qəzalarının baş vermə ehtimalı daha da artır. Ona görə də sürücülər məsuliyyətli  və ehtiyatlı olmalı, həm özlərini, həm də digər sürücüləri qorumalıdır. Təcrübəsiz sürücülər daha da diqqətli olmalı, belə havalarda sükan arxasına əyləşib  təhlükə və qəza riski yaratmamalıdırlar.”

Təcrübəsiz sürücülərin qəza yaratma riskindən qorxuram

Əbülfəz Babayev  də hava şəraitinin yaratdığı problemlərdən danışdı: “Qobukənddə  yaşayıram. Qar yağan kimi orada yollar keçilməz olur, gediş-gəliş çətinləşir.  Aşağı sürətlə, ehtiyatla sürərək işə gəlib çatdım. Belə havalarda mən diqqətli və ehtiyatlı sürürəm, amma təcrübəsiz sürücülərin qəza yaratma riskinə görə qorxuram. Gedəcəyimiz ünvana qəzasız-bəlasız çatmaq üçün sürücülərə tövsiyəm odur ki,  avtomobillərini qış rejiminə uyğunlaşdırsınlar. Aidiyyəti qurumlar isə yolları qardan təmizləsə, duz-qum qarışığı səpsələr daha yaxşı olar.”

Ara məsafəni artırmaq, zolaqlarda intervalı pozmamaq lazımdır

Elçin Məmmədli  qəza şəraiti ilə rastlaşmasa da, qarlı yollardakı vəziyyəti o qədər də ürəkaçan hesab etmədi: “Qarlı havada buzlu yollarda  daha diqqətli olmaq, ara məsafəni artırmaq, zolaqlarda intervalı pozmamaq lazımdır. Yağıntı olsa, görünmə də məhdudlaşacaq. Ona görə də sərt manevrlər çox təhlükəli ola bilər. Hər birimiz mümkün qədər  diqqətli olmalıyıq.”

Bəs, ekspertlər sözügedən problemin  səbəbini nədə görürlər, məsələnin həlli üçün hansı məqamları zəruri hesab edirlər?  Sürücülərə və piyadalara özlərinin və başqalarının həyatını təhlükəyə atmamaq üçün hansı  çağırışlar edirlər?

Qəzaların sayı azalmaq əvəzinə artır

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, müşahidələr göstərir ki, yol-nəqliyyat hadisələrinin üç əsas səbəbi var: “Bunlardan birincisi yol hərəkəti iştirakçılarının bilərəkdən yol hərəkəti qaydalarını pozmasıdır. İkincisi yol infrastrukturunun arzuolunan səviyyədə olmamasıdır. Buraya qaranlıq, çala-çuxurlu yolları, yol nişanlarının olmamasını, xətlənmələrin vaxtında aparılmamasını aid edə bilərik.  Üçüncü mühüm səbəb isə nasaz avtomobillərdir. Yol-nəqliyyat qəzalarının sayının azaltmaq üçün bu problemlər aradan qaldırılmalıdır.”

Həmsöhbətimiz vurğuladı ki, Prezident İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın da əsas məqsədlərindən biri  odur ki, ölkəmizdə baş verən yol qəzalarının sayı ən az 30 faiz azalsın və avtomobil yolları hərəkət iştirakçıları üçün  daha təhlükəsiz olsun: “Bu, geniş və mükəmməl bir proqramdır. Təəssüf ki, bəzi qurumlar bu proqramla üzərinə düşən öhdəliyi icra etmirlər. Bu səbəbdən qəzaların sayı azalmaq əvəzinə daha da artır. Məsuliyyətsiz, yol hərəkəti qaydalarını bilməyən sürücüləri sürücülük məktəbi, kursları ilə  sözügedən məsələ ilə bağlı ciddi işlər aparılmalıdır. Sürücülük məktəblərinin əksəriyyəti formal olaraq fəaliyyət göstərir. Yəni, vətəndaşlara sürücülük bacarıqları, yol hərəkəti qaydaları yaxşı öyrədilmir. Buna görə də sürücülük məktəbləri ilə bağlı araşdırmalara ehtiyac var.”

Eldəniz Cəfərov diqqətə çatdırdı ki, son illər Bakı şəhərində aparılan müəyyən tikinti işləri  şəhərin həm avtomobil yolu infrastrukturuna həm də piyadayönümlüyünə ciddi ziyan vurub. Bu səbəbdən də yağmurlu havalarda, iqlim dəyişərkən şəhərdə hərəkət etmək qeyri-mümkün olur. Həm piyadalar, həm də sürücülər əziyyət çəkir. Bu da yollarda sıxlığın, eləcə də qəzaların sayının artmasına səbəb olur.

Müsahibimiz vurğuladı ki, avtomobilləri qış rejiminə uyğunlaşdırılmalıdır. Yay vaxtı işlənmiş avtomobil şinlərindən yox, qışda istifadə olunan təkərlərdən istifadə etməli, texniki göstəriciləri uyğunlaşdırmalı, qarlı və şaxtalı havada avtomobil yollarında mütləq olaraq ara məsafəsi saxlanmalıdı. Avtomobilin faralarının işıqlarının yanmasına xüsusi diqqət yetirilməlidir.”

Vacib deyil ki, yağışlı və qarşı havalarda avtomobil yol nişanlarında vurulan sürətlə sürülsün

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı isə bildirdi ki,  ağır yol qəzalarının baş vermə ehtimalının qarşısını almaq üçün ciddi maarifləndirmə və təbliğat işlərinə ehtiyac var. Yol hərəkətinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilməlidir.

E.Muradlı  qeyd etdi ki, son günlər əlverişsiz keçən hava şəraiti ilə əlaqədar aidiyyəti qurumlar və sürücülər diqqətli  və məsuliyyətli olmalıdırlar: “Təəssüf ki, ənənəyə sadiq qalaraq aidiyyəti qurumlar  yalnız mərkəzi küçələri təmizləyirlər, məhəllədaxili yollar, küçələr bərbad vəziyyətdə qalır. Yolların buz bağlamaması üçün aidiyyəti qurumlar hərəkətə keçməlidir. Bununla yanaşı, əksər sürücülərin peşəkarlığı aşağı səviyyədədir. Təcrübəsiz sürücülər  məcburiyyətdən və məsuliyyətsizlikdən yollara çıxırlar. Bütün bunlar qarlı hava şəraitində qəzaların sayının artmasına səbəb olur.”

Mütəxəssis  yağışlı və qarlı havalarda sürücülər sürət həddinə də diqqət etməsindən söz açdı: "Vacib deyil ki, yağışlı və qarşı havalarda avtomobil yol nişanlarında vurulan sürətlə sürülsün. Yol hərəkəti haqqında Qanunda açıq şəkildə yazılıb ki, sürücü meteroloji şəraitə uyğun sürət seçməlidir. Elə yollar var ki, ora 100, 70, 60 və s. sürət həddi bildirən nişan qoyulub, ancaq hava şəraiti bu sürətlə getməyə imkan vermir. Yağışlı havada əyləc məsafəsi uzanır. 60 km/saat sürətlə gedən avtomobil əyləc sıxılarkən quru asfaltda 10 metr sürüşürsə, yaş asfaltda ən azı 20 metr sürüşür. Yola çıxan piyadanı vurmamaq, qarşıdakı avtomobilə və maneələrə çırpılmamaq üçün sürəti aşağı salmaq lazımdır. Çox yaxşı haldır ki, elektron tablolarda sürət həddi dərhal aşağı salına bilir. Ancaq bəzi yerlərdə yol nişanları dirəklərdən asıldığına görə, sürücülər özləri hava şəraitinə uyğun sürəti müəyyənləşdirməlidirlər".

150 metr qalmış uzaq işıqları söndürüb, yaxın işıqlara keçmək lazımdır

E.Muradlı avtomobilin işıq cihazlarından düzgün istifadə qaydalarının vacibliyini də vurğuladı: "Rayonlarımıza gedən və gələn sürücülər daha da diqqətli olmalı, məhdud görünmə şəraitində duman işıqlarından istifadə etməlidirlər. Bəzi sürücülər yollarda işıq qaytarıcılar olmadığına görə, görüntünün tündləşməsi səbəbindən daima uzaq işıqlardan istifadə edirlər. Bu isə qayda pozuntusudur. Çünki ksenon lampalar və uzaq işıqlar qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsünün gözünə düşür və o, yolu görmədiyinə görə qəza baş verir. Qanunverciliyə görə, qarşıdan gələn nəqliyyat vasitəsinə 150 metr qalmış uzaq işıqları söndürüb, yaxın işıqlara keçmək lazımdır".

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Qeyd edib ki, digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumununa görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh