Reklam

Qarabağın qapısı olan Laçın dəhlizi: uğurlu siyasətin müsbət davamı

Yazarlar 12 Avqust 2023 10:00 Oxunub 882
Qarabağın qapısı olan Laçın dəhlizi:  uğurlu siyasətin müsbət davamı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Laçın-Şuşa yolunun üzərində yerləşən Dağlıq Qarabağın mühüm strateji hissəsini təşkil edən Laçın dəhlizi tarix boyu yadellilərin diqqət mərkəzində olub. Yaxın keçmişə nəzər salsaq işğalçı dövlət olan Ermənistanın təxribat planlarının ilk sırasında Laçının ələ keçirilməsinin şahidi olarıq. Düşmən üçün öncəlik kəsb edən bu ərazinin işğalı isə təəccüb doğurmur, çünki ərazidən keçən Laçın dəhlizi Ermənistanla Dağlıq Qarabağ arasında “nəfəs borusu” funksiyasını yerinə yetirib. Bir sözlə, Laçının ermənilərin nəzarətinə keçməsi Qarabağa girişlərin tamamilə açılmasıydı. 


1924-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yarandıqdan sonra Laçının rayon statusu alması ölkəmizin Ermənistana qarşı qurduğu ən güclü maneə idi. Artıq 1988-ci ildən başlayaraq yadellilərin Laçınla bağlı gizli niyyətləri gün üzünə çıxmağa başladı. Onların bu planlarına qarşılıq olaraq Laçın rayonunun polis şöbəsinin nəzdində ilk xüsusi təyinatlı milis rotası yaradıldı. Belə ki, 1990-1991-ci illərdə xüsusi təyinatlı milis dəstəsi, Şuşa milis şöbəsi və daxili qoşunların iştirakıyla həyata keçirilən “Çaykənd” əməliyyatı nəticəsində Laçınla Şuşa arasında yerləşən kəndlərdə yaşayan seperatçılar tutuldu və münaqişə ocağına çevrilən ərazilər boşaldıldı. Milli qəhrəmanımız, jurnalist Salatın Əsgərova da məhz Laçın-Şuşa yolunda erməni qəsbkarları tərəfindən şəhid edilmişdi.


1992-ci ilin mayın 8-də erməni separatçı qüvvələri Şuşanı işğal etdikdən sonra Ermənistanla birbaşa əlaqə qurmaları üçün Şuşa-Laçın-Zabux yolunu açmağa başladılar. Daha dəqiq desək Şuşa ilə Laçın arasında olan 44 kilometrlik məsafə nəzərdə tutulurdu. O zaman ordumuzda baş qaldıran hərc-mərclik və hakimiyyətin Qarabağda cərəyan edən proseslərə ciddi maraq göstərməməsi Laçının işğalına şərait yaratdı. Düşmənin bütün qüvvələrini bu istiqamətə yönləndirməsi onun süqutunu daha da tezləşdirdi. Azərbaycanlıların doğma torpaqlarını tərk etməsiylə 125 kənd, 1 şəhər, 1 qəsəbə, həmçinin 101 məktəb, 217 mədəniyyət mərkəzi, 140 səhiyyə obyekti və 200-dən çox tarixi abidə erməni işğalı altında qaldı.


1993-cü ilin dekabrında Ermənistan və Dağlıq Qarabağ seperatçı rejiminin təşəbbüsü ilə Laçın şəhəri yenidən salınmağa başlandı. Erməni əhalisinin əksəriyyətinin Laçında cəmləşməsi də bu ərazinin onlar üçün xüsusi əhəmiyyət daşıdığını bariz şəkildə göstərirdi. 12 min erməninin məskən saldığı Laçın “Berdzor” adlandırılırdı. 


1992-ci ilin oktyabrında Kəlbəcər-Laçın istiqamətində hərəkətə keçən hərbi hissələrimizdən birinin 47 nəfərlik şəxsi heyəti heç bir yardım olmadan bir gün ərzində Laçının 3 kəndini (Hoçaz, Qızılca və Sus) azad etdi və 10 kilometr irəliləyərək Laçın dəhlizini ələ keçirdi. Lakin tabor və hərbi hissə komandanlığının döyüş məntəqəsinə gəlməməsi və 45 nəfərlik bölüyün getdikcə azalması (şəhid olan, yaralanan və itkin düşənlər) Laçın dəhlizinin seperatçılar tərəfindən işğalına səbəb oldu.


2020-ci ilin noyabrına qədər erməni seperatçılarının hakimiyyəti altında olan Laçın, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycana geri qaytarıldı. Lakin Laçına və Ermənistanla Dağlıq Qarabağ arasında körpü rolunu daşıyan dəhlizə 5 illik mandatlı rus sülhməramlıları nəzarət edirdi. 


Formal olaraq Azərbaycanın bir hissəsi kimi tanınan Laçına “tranzit” zamanı yalnız Ermənistan pasportu ilə daxil olurdular. Azərbaycanlı hərbiçilər isə dəhliz boyunca hər keçidi ruslarla razılaşdırmalı olurdu. Hətta Azərbaycan karvanını rus sülhməramlıları müşayiət edirdi. 


Bir neçə kilometr uzunluğunda olan dağ yolunda tez-tez münaqişələr alovlanırdı. Azərbaycanlılar buradan keçərkən avtomobillərinə dövlət bayrağımızı asaraq ərazinin onlara məxsus olduğunu göstərirdilər. Təbii ki, bu erməni sakinlərini qıcıqlandırırdı və onlar bu durumu qəbullanmırdılar. 


2021-ci ilin payızında şəxsi avtomobillər üçün Laçın dəhlizindən keçid açılsa da sülhməramlılar ciddi rejimdə nəzarət edirdilər. Bu müddətdə Laçında cəmi 80 nəfər insan yaşayırdı və onlar buranı tərk etmək istəmirdi.


Müharibə bitməsindən yarım il sonra müharibəsiz və sülhsüz zaman aralığı kimi olsa da iyulun sonundan etibarən vəziyyət dəyişdi. Belə ki, öncə tanınmamış "Dağlıq Qarabağ hökuməti" Azərbaycanın təmas xəttini "keçməyə cəhd etdiyini" açıqladı.


Sonra Rusiya sülhməramlıları Azərbaycan tərəfindən "atəşkəs rejiminin üç dəfə pozulması" barədə məlumat verdilər. Daha sonra tərəflər bir-birini atəş açmaqda ittiham etməyə başladılar və atışmalarda bir neçə hərbçi şəhid oldu.


Müharibənin başa çatması ilə bağlı razılaşmalara əsasən, Ermənistan və Azərbaycan Laçından yan keçən yeni marşrutun çəkilməsi planı barədə qərar verməli idilər. Rusiya sülhməramlıları yeni yola keçməli idilər. Bunun üçün 3 il vaxt verildi.
Avqustun 3-də vəziyyətin kəskin gərginləşməsindən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakının Laçın dəhlizi ilə bağlı tələblərini "qanunsuz" adlandırdı. Lakin bu, dövlətimizi çəkindirmirdi. O vaxta qədər o marşrutun Laçın rayonunun Ermənistanla sərhəddindən başlayaraq Şuşa magistralı - Xankəndi yolu ilə birləşən hissəsi artıq tamamlamışdı.
İrəvan 3 illik gözləmə qərarını irəli sürsə də iyulun sonu - avqustun əvvəlində vəziyyətin kəskinləşməsi prosesi sürətləndirdi.


Qondarma "Dağlıq Qarabağ Respublikası" bəyan etdi ki, Azərbaycan avqustun 5-dək Laçın və Zabux kəndlərinin boşaldılmasını tələb edir. 
Avqustun 25-nə keçirilən tarixdə "Dağlıq Qarabağ Respublikasının" hakimiyyət orqanları Laçın, Sus və Zabux kəndlərinin erməni sakinlərinə müraciət edərək yaşayış yerlərini tərk etmələrini bildirərək ərazinin tamamilə Azərbaycanın nəzarətinə keçdiyini elan etdi. Nəticədə 26 avqust 2022-ci ildə Laçın dəhlizi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi. Dörd gündən sonra isə Zabux, Sus və Laçın qəsəbələrindən yan keçən və əvəzinə Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərindən cənuba yeni marşrut istifadəyə verildi.


2023-cü il aprelin 23-də Azərbaycan rəsmiləri dəhlizdə nəzarət-buraxılış məntəqəsi yaradaraq bunun “insan qüvvəsinin, silahların, minaların qeyri-qanuni daşınmasının qarşısını almaq üçün” nəzərdə tutulduğunu bəyan etdi.


Mövzuyla bağlı Avtosfer.az-a açıqlama verən əslən Laçından olan hüquqşünas Ərşad Hüseynov doğma yurdunun xüsusi strateji önəm daşıyan hissəsini - Laçın dəhlizini və ona alternativ olan yolu geniş şəkildə şərh edib. Hüquqşünas 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin Qərbi Azərbaycana gediş-gəlişini təmin etmək üçün Laçın dəhlizinin saxlanıldığını və buranın rus sülhməramlılarının nəzarəti altında olduğunu bildirib. Razılaşmada əksini tapan şərtlərdən biri həmin əraziyə alternativ olaraq yaxın 3 il müddətində (göstərilən vaxtdan gec olmayaraq) yeni yol tikiləcək və Qarabağda yaşayan erməni əhalisinin qurulan yoldan istifadəsinə şərait yaradılacaq, həmçinin Laçın şəhəri daxil olmaqla Zabux kəndi (əvvəlki yolun keçdiyi ərazilər) rus sülhməramlılarının nəzarətindən çıxaraq Azərbaycanın tam öhdəsinə veriləcək. 


Laçın dəhlizinin qədim tarixə malik olduğunu vurğulayan Ərşad Hüseynov yolun əhəmiyyətinin Çar Rusiyasının Azərbaycanı işğal etməsindən də əvvələ dayandığını qeyd edib. Onun sözlərinə görə, Qarabağ xanlığının paytaxtı olan Şuşa şəhərinin, Naxçıvan xanlığının paytaxtı Naxçıvan şəhəriylə İrəvan xanlığının paytaxtı olan İrəvan şəhəriylə birləşdirən əsas yollardan biri məhz bu ərazi olub. Belə ki, bəhs olunan yol Ağdam, Şuşa, Laçın (o zamanlar balaca kənd idi) indiki Gorus və qərbə tərəf Naxçıvan və İrəvana doğru şaxələnir. Dövlətimizin qısa zamanda Laçın şəhərindən keçən yola alternativ olaraq yeni yol tikdiyini vurğulayan Ərşad Hüseynov onun 2022-ci ilin avqust ayında tam hazır olduğunu söyləyib. Dövlətin təklifi ilə avqustun 5-də yeni yolun istifadə üçün elan olunduğunu qeyd edən hüquqşünas bu səbəblə, Həkəri çayının üzərində körpünün tikilərək istifadəyə verildiyini xatırladıb. "Ermənistan bəhanələrə sığınaraq durumu 20 gün ərzində uzatsa da avqustun 26-da Qarabağ iqtisadi rayonunda yaşayan əhali ilə Qərbi Zəngəzurun bütün əlaqələri artıq yeni yola köçürüldü. Laçın şəhəri ilə yanaşı Zabux kəndi və həmin yolun keçdiyi digər ərazilər Rusiya sülhməramlılarının nəzarətindən çıxaraq Azərbaycana təhvil verildi. Daha sonra Laçın şəhəri və ətraf ərazilərdə tikinti, təmir və yenidənqurma işləri başladı."


Yeni yolun əhəmiyyətindən də danışan hüquqşünas ərazi üzrə təyin olunan marşrutun Laçın rayonunun ərazisindən keçərək Qərbi Zəngəzuru Qarabağ iqtisadi rayonu ilə birləşdirən ən qısa və optimal marşrut olduğunu qeyd edib. Onun sözlərinə görə, həmin yolun keçdiyi yerdə - Həkəri çayının üzərində tikilən körpüdə Azərbaycanla Ermənistanın şərti dövlət sərhədi keçir. Belə ki, körpünün sağ tərəfində Ermənistan, sol sahilində isə Azərbaycan ərazisidir. Yeni yolun digər strateji əhəmiyyətini vurğulan Ərşad Hüseynov həmin ərazidən Azərbaycana daxil olmaq üçün başqa alternativ seçimin olmadığını və onun Ermənistan tərəfindən ölkəmizə daxil olmaq üçün yeganə yol olduğunu bildirib. 


2022-ci ildən başlayaraq Qarabağda yaşayanların Ermənistana gediş-gəlişi təmin edilməyə başlayıb. Əvvəllər Qubadlı tərəfdən Laçına getmək üçün rus sülhməramlılarının müşaiyətinə ehtiyac olduğunu söyləyən hüquqşünas körpü istifadə verildikdən sonra həmin əngəlin aradan qalxdığını və istənilən zaman şimal-cənub istiqamətində Həkəri çayının sahili boyunca keçməyin mümkünlüyünü qeyd edib.

Belə ki, istifadəyə verilən körpü yol qovşağı olduğu üçün onun altında Qubadlı və Laçın istiqamətində tam sərbəst hərəkət mümkündür. 
Dövlətimizin burada sərhəd nəzarətini təmin etdikdən, gömrük məntəqəsini qurduqdan sonra ermənilərin təxribatlara əl atdığını, Beynəlxalq Qırmızı Xaç Komitəsinin resurslarından qeyri-qanuni istifadə etdiyini vurğulayan Ərşad Hüseynov cavab olaraq Azərbaycanın ərazi üzrə hərəkəti məhdudlaşdırdığını bildirib.

Ölkəmizin suveren olaraq ərazisinə kimlərin daxil olduğuna və nə daşıdığına nəzarət etmək hüququna malik olduğunu söyləyən hüquqşünas bu hüququ heç kimin onun əlindən ala bilməyəcəyini vurğulayıb. Yalnız dövlətimizin qanunvericiliyinə əsasən, həmin məntəqələrdən istifadə olunur. 


Ərşad Hüseynovun sözlərinə görə, son zamanlar müxtəlif beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin o yollar vasitəsilə Dağlıq Qarabağda çətinlik çəkən əhaliyə guya yardım gətirməyi təklif etmələrinə cavab olaraq dövlətimiz ərazisində yaşayan əhaliyə humanitar, yaxud başqa ad altında kömək etmək üçün kifayət qədər normal kommunikasiya vasitələrinin olduğunu onlara bildirib.

Ərşad Hüseynov, Xankəndi və onun ətrafına getmək üçün ən rahat yolun Ağdamdan keçdiyini və istənilən qabaritli yük maşınlarını rahat hərəkət edə biləcəklərini söyləyib. Həmçinin o, Azərbaycanın digər alternativ yollar kimi, Bərdə şəhərində dəmiryolu xəttini, Gəncə şəhərində Beynəlxalq Hava Limanını nümunə göstərdiyini qeyd edib.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” istiqaməti üzrə hazırlanıb.

Nərmin Əkbər 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh