Banner

Qartal olub göylərində süzən ruhlar - Laçından FOTOLAR-VİDEO

Yazarlar 29 Noyabr 2023 08:53 Oxunub 734
Qartal olub göylərində süzən ruhlar - Laçından FOTOLAR-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Düzünü desəm, Laçına ilk dəfədir gedirdim. O qədər həvəsli, istəkli və qürurlu idim ki, doğma yurdum Zəngilanda ayaq saxlamadan yola davam etdik. Zəngilanda çox olmuşam. Qayıdanda da Ağalıda yaşayan qohumlara baş çəkəcəkdik. Lakin qismət elə gətirdi ki, qayıdanda “Zəfər yolu” ilə qayıdası olduq. Bu da ayrıca bir xoşbəxtlik idi. Çünki ötən ilin dekabrında QHT fəalı kimi Laçın yolunu bağlayıb aksiya keçirdiyimiz yerdən keçəcəkdim. Və keçdim də. Kövrək anlar yaşadım, qəribə hislər baş qaldırdı. Biz burada aksiyaya başlayanda hədəfimiz Qarabağın tam azadlığına dəstək idi və çox müqəddəs bir missiyanı yerinə yetirərək biz də bu işə dəstək vermiş olduq. Bu yol insanda həm də ona görə qəribə hislər yaradır ki, Xankəndiyə gedən yeganə yoldur...

Yolumuz çox uzaq olsa da, qısa fasilə ilə Laçına çatdıq. Laçınlı dostlarımın, mərhum sənətkar Məhəbbət Kazımovun mahnılarının və işğaldan sonrakı dövrdə paylaşılan foto və videoların anlatdığı Laçını görmək üçün hədsiz maraqla yol gedirdik. Zəngilana qədər yolumuz rahat keçsə də, Qubadlıda təmirlə bağlı toz-torpaqlı yola keçdik. Həkəri çayının sahili ilə Laçına çatdıq. Əsrarəngiz mənzərəni izlədikcə həyəcan daha da artırdı. Nəhayət, “Laçın” yazılan lövhə ilə rastlaşdıq. Şəhərə daxil oluruq. Hər yerdə səliqə-səhman nəzərə çarpır. Şüşə kimi yollarla yüksəyə qalxırıq. Laçın şəhərinin gözəl mənzərəsi, gözəl havası olduğu kimi, hiss etmədən adamın dodaqlarını qurudan sazağı da var. Bunu keçən il Laçın yolundakı aksiyada da hiss eləmişdim.

Şəhərə daxil olan kimi Azərbaycanın digər bölgələrindən fərqlənməyən qələbəlik müşahidə edirik. Marşrut avtobuslarında işə gedən, işdən gələn insanları, dərsdən qayıdan uşaqları görürük. Üzərində “taksi” nişanı olan müxtəlif markalı maşınlar şüşə kimi yollarda şütüyür. Artıq hiss edirik ki, Laçında sözün həqiqi mənasında həyat qayıdıb, bu yurdun əsl sakinlərinin və sahiblərinin hər yerdə hənirtisi duyulur.

Laçınlılar xoşbəxtdir ki, onların bura qayıdışı sürətlə davam edir və çox ailə vaxtilə tərk etdiyi evində yaşayır. Ermənilər burada çox yaşayıb, evlərin də çoxu məhz buna görə salamatdır. İnsanların torpağa, yurda bağlılığı nəzərə alınaraq evləri elə əvvəlki formada təmir edilib və istifadəyə verilib. Yəni bura qayıdan laçınlıların böyük əksəriyyəti elə öz evində yaşayır.

Sakinlərlə söhbətdən aydın olur ki, məhz öz evlərinə qayıtmalarının xoşbəxtliyi nəyə desən dəyər.

2000-ci il istehsalı olan “Mercedes”də əyləşən ağsaqqal çəkilişi sevməsə də söhbət əsnasında öyrəndik ki, təqaüdçüdür, arada bekar vaxtlarında taksi sürür. Yəni öz maşınıyla Laçının mərkəzinə çıxır, müştəri olanda işləyir, olmayanda da elə maşında oturub ətrafı, insanları,təbiəti seyr edir. Bizim Parlament Jurnalistləri Birliyinin üvzləri elə içi mən qarışıq inanmasaq da, ağsaqqal dedi ki, 80 yaşı var. Birinci qrup əlil olsa da, çox şux və cavan görünürdü. Deyir ki, onu belə cavan saxlayan Laçına qayıdacağına inamını heç vaxt itirməməsi oldu. Bu gün isə digərlərindən daha tez Laçına qayıtdığı, buranın havasını-suyunu qəbul etdiyi üçün özünü daha da gümrah hiss edir.

Laçında artıq orta məktəb, peşə məktəbi fəaliyyət göstərir. Xeyli iş yeri yaradılıb. Laçının Mədəniyyət evini ermənilər dağıdıb bir hissəsində başqa işlər görsələr də, nostalji hisləri nəzərə alaraq həmin obyekt elə Mədəniyyət evi kimi təmir edərək istifadəyə veriblər.

8 aya tikilən şəhər

Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bizimlə söhbətində “Laçın Abadlıq” ASC-nin direktor müavini Elnur Abdullayev bildirdi ki, Laçında abadlıq-quruculuq işləri keçən ilin sentyabrında başlayıb: “İlk ayda Bakı Abadlıq Xidməti tərəfindən mobilizasiya, yerdəyişmə aparıldı. Ümumi işlərə 2022-ci ilin oktyabr ayından başlanılıb. 8 ay müddətində şəhəri təhvil vermişik. Qışda sərt soyuğa baxmayaraq, çox operativ işlər gedib. Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçına səfər etdi və 20 ailəyə evlərinin açarını təqdim etdi. Demək olar ki, hər həftə şəhərə qayıdış var. Hazırda Laçın şəhərində 346 ailə, 1326 nəfər köçüb.

Zabux kəndinə də növbəti köç baş verib və 121 ailə 475 nəfər gəlib. Toplam 467 ailə 1801 nəfər Laçına qayıdıb”.

O qeyd edib ki, işğaldan öncə Laçın şəhərində inzibati binalar istisna olmaqla 2020 fərdi, 29 ümumi yaşayış evi olub. İşğal zamanı 2020 evdən 1500-ü dağıntılara məruz qalıb. “Laçında 712 obyekt üzərində tikinti-quruculuq işləri davam etdirilir. Onlardan 75-i qeyri-yaşayış, 628-i fərdi yaşayış, 9-u ümumi yaşayış yeridir. 9 ümumi yaşayış massivi 144 mənzildən ibarətdir. Laçının soyuq iqlimini nəzərə alaraq, bütün evlərdə kombi istilik sistemi qurulub. Günəş şüalarının çox olduğu yerlərdə dam örtüklərində elektrik panelləri quraşdırılıb. Bu da alternativ enerji üçün istifadə olunur. Digər yandan, Laçın şəhərinin klassik xalq memarlıq üslubu var. Tikinti işləri qaya daşları ilə aparılıb. Biz “Laçın olduğu kimi bərpa olunsun”, - deyə göstəriş almışıq. Buna görə də, maksimal olaraq xalq memarlıq üslubunu qoruyub saxlamağa çalışdıq. Buna da nail olduq”.

Bulaq suyu, dağ havası

Əhalinin rahat yaşayışının təmin edilməsi üçün görülən işlər çərçivəsində şəhərin kommunikasiya xətləri çəkilərək yekunlaşıb, Laçın şəhəri və Zabux kəndinə mavi yanacağın verilişi təmin olunub. Laçın şəhərinin içməli su ilə təminatı üçün işlər başa çatıb və 9 su anbarı, 3 yağış sularının toplanması üçün depo, 1 ədəd isə çirkab suların təmizlənməsi üçün qurğu istifadəyə verilib. Alternativ olaraq Laçın şəhərinin su təminatı üçün dəniz səviyyəsindən 1800 metr hündürlükdə olan Xırmanlar kəndi ərazisindəki bulaqdan uzunluğu 8900 metr olan su xətti çəkilib və tamamən təbii bulaq suyunun şəhərə verilməsi məhz bu xətt ilə gerçəkləşir. Yağış sularının axıdılması üçün və kanalizasiya xətləri də tamamlanaraq istifadədədir. Bütün kommunikasiya xətləri şəhərin estetik gözəlliyinin pozulmaması üçün məhz yeraltı olaraq çəkilib. Həmçinin Laçın şəhərində 1974-ci ildə tikilən kinoteatr binası artıq yenidən əsaslı təmir olunaraq istifadəyə verilib. Eləcə də, Laçın şəhərində modul tipli xəstəxana, aptek, məktəb, marketlər əhali üçün xidmətini lazımi səviyyədə davam etdirir.

İnsanların məşğulluğu diqqət mərkəzindədir

Həmsöhbətimiz Laçında əhalinin məşğulluq məsələsinin prioritet olduğunu da vurğulayıb: “Əhalinin sosial durumunun artırılması üzrə dövlət proqramına uyğun olaraq, quruculuq işi başlayarkən ilk buna diqqət göstərmişik. Yanvar ayından başlayaraq Laçın sakinləri ilə görüşlər keçirməyə başladıq. Laçın  şəhərinin yaxınlığındakı Zeyirdi kəndinin ərazisində olan 52 ha ərazidə Aqro və Sənaye Parkı inşa edilib. Burada 46 müəssisəsinin fəaliyyət göstərməsi nəzərdə tutulur. 46 müəssisə üzrə 1169 vakansiya mövcuddur. Artıq 430 nəfər Laçın sakini işə götürülüb, 7 müəssisə fəaliyyətə başlayıb. Digər müəssisələr də öz fəaliyyətlərinə yaxın vaxtlarda başlayacaq. Eləcə də, “Aydınoğlu” mebel fabriki artıq qurulub. Mebel fabrikinin bütün texnologiyaları Türkiyə istehsalıdır və yeni standartlara cavab verir. Burada 54 nəfər işləyir. Bununla yanaşı, ayaqqabı istehsalı, tekstil, efir yağlarının istehsalı, seleksiya, istixanalar var. Fəaliyyət göstərən istixana komplekslərinin sayı 12-dir. Artıq bu istixanalarda məhsuldarlıq da var. Hələ ki, istixanalarda yetişdirilən məhsullar Laçın sakinləri üçün nəzərdə tutulur. Lakin məhsullara daxili bazarda artıq tələbat yaranıb. Biz bu il bal və digər məhsulların istehsalına başlamışıq. Çünki biz gələcəkdə dünyaya çıxışı təmin etmək istəyirik. Bunun üçün marketinq işləri də aparılır. İnsanları işlə təmin edərkən onları müəyyən kurslara cəlb edirik. Elə sahələr var ki, onlar Laçında yoxdur. Neft-qaz sahəsini buna misal gətirmək olar. Laçına köçən şəxslər burada müəyyən sahədə çalışıb, pul qazanmalıdır. Vakansiyaları müəyyən etdikdən sonra insanlarla görüşür, kim hansı sahəni istəyirsə ona uyğun hazırlıq kursları keçirik. Darıkaha ərazisində peşəyönümlü kurslar açmışıq. Burada peşəyönümlü təhsil almaq mümkündür. Laçında investisya üçün qapılar açıqdır. Qapalı və açıq tipli yarmarkalar hazırlanıb. Burada sakinlər öz məhsullarını sata bilir. Buraya ətraf ərazilərdən mallarını satmaq, yaxud alış-veriş üçün gələnlərdən ötrü gecələmə yerləri də var”.

Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar sakinlərin və qonaqların sevimli istirahət məkanlarından biridir. Artıq Həkəri çayında göl də yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb.

Biz də bu ərazilərə baş çəkdik. Hüzur dolu mənzərəni seyr etdik, insanların mədəni istirahətinin təşkilinə şahid olduq.

Axşama yaxın həyətlərə bir daha nəzər saldıq. Evlərdə yanan işığın istisi kənarda da hiss olunur. Bu istilik illərin ayrılığından sonra qovuşanların bir-birinə sarılmasının yaratdığı istilikdir. Bu gün Laçında insanlar Laçını, Laçın da öz doğmalarını bağrına basır.

Axşama yaxın Bayraq meydanını gəzdik. Bir çox tarixi tikililərə baş çəkdik. Burada yenidən təmir olunan evlərin arasında dağıdılmış tək-tük evlər də qalıb. Memarlar bunu erməni vəhşiliyini unutmamaq və qonaqların da görməsi üçün saxlayıblar.

Hava qaralana yaxın yola çıxırıq. Laçın bulvarından üzü yuxarı qalxırıq. Yolumuz Şuşaya, oradan da Füzuliyə olacaq. Laçınlı həmkarımız İmdad Əlizadəni Laçında dairədə düşürüb sağollaşdıq. Onunla ən böyük arzumuz bu idi ki, İmdad mənə Laçında, mən də ona Zəngilanda qonaqlıq verəcəm. Düzü, mən onu Zəngilandan keçirib Laçına aparsam da qonaqlıq verə bilmədim. O da Laçında qonaqlıq verə bilmədi. Çünki özü də hələlik qonaq idi. Amma sözümüz sözdür. Onunla sağollaşanda göy üzündə qəribə bulud düzülüşü gördüm. Sanki ruhlar idi. İnsan formasında, özü də nəhəng insan formasında buludların şəkillərini çəkdik.

Birdən qulağıma mərhum sənətkar Məhəbbət Kazımovun “Laçınım” mahnısının sədaları gəldi. Həmkarlarım o mahnının sədaları altında çəkdikləri videoya baxırmışlar. “Laçınım”ı dinləyə-dinləyə havada ruh kimi düzülən qızılı buludlara baxdım. Sanki Laçın həsrətiylə dünyadan köçənlərin rahatlıq tapan ruhları idi Laçına rəng qatan bu buludlar. Bəlkə Məhəbbətin dediyi kimi qartal olub dağlarında süzə bilməyənlərin ruhi idi Laçının başı üzərindəki buludlar....

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh