Banner

Qatar yolunda qayda pozan avtomobil sürücüləri mütləq OXUSUN! - Hüquq nə deyir?

Yazarlar 11 İyul 2023 16:49 Oxunub 778
Qatar yolunda qayda pozan avtomobil sürücüləri mütləq OXUSUN! - Hüquq nə deyir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda hay-küylü dəmir yolu qəzalarına az da olsa rast gəlmişik. Doğrudur, ölkəmizdə qatarların toqquşması və ya relsdən çıxması və nəticədə kütləvi tələfat yaxud ekoloji fəlakətlə nəticələnən qəza baş verməyib. 

Lakin eyni şeyi avtomobillərin qatarla toqquşması barədə demək mümkün deyil. Lökbatanda 31 avqust 2012-ci ildə baş verən qəza çoxlarının yadından çıxmayıb. Tənzimlənməyən keçidlərdə də qəzalar barədə xəbərlər çoxdur. Təxminən 10 il əvvəl uşağı qatar vurduğu üçün maşinistdən prokurorluğa edilən şikayətin icraata götürülmədiyi barədə də KİV-də xəbər yayılmışdı. Bəs belə hallarda kim haqlıdır? Beynəlxalq hüquq bu məsələdə nə deyir?

Yol hərəkətinin tənzimlənməsində əsas beynəlxalq sənəd 1968-ci il 8 noyabr tarixdə Vyanada imzalanmış və Azərbaycanın 2010-cu ildə ratifikasiya etdiyi “Yol hərəkəti haqqında” Konvensiya və “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan, 1971-ci il mayın 1-də Cenevrə şəhərində imzalanmış Avropa Sazişidir. 

Konvensiyanın 7-ci maddəsində göstərilir ki, yol hərəkəti iştirakçıları digərələrinin həyatıənı təhlükəyə atacaq hərəkətlərə yol verməməlidir. 18-ci maddənin 7-ci bəndinə görə isə relssiz nəqliyyat vasitələri yalnız relsli vasitələri buraxdıqdan sonra hərəkətə davam edə bilər. Növbəti maddə isə şlaqbaum və ya yarımşlaqbaumların enməyə başladığı anda hərəkəti qadağan edir. 

Konvensiya dəmir yolu keçidində mütləq tənzimlənmə həyata keçirilməsini tələb etmir. Lakin qatarın hərəkət üstünlüyünü qeyd-şərtsiz tanıyır. Azərbaycanın Yol hərəkəti qanunu da bu Konvensiyaya uyğun tərtib edilib:

Maddə 44. Dəmiryol keçidlərində hərəkət
I. Nəqliyyat vasitələrinin sürücüləri dəmir yollarını qatara (lokomotivə, drezinaya) yol verməklə, yalnız dəmiryol keçidlərində keçə bilərlər.

II. Sürücü dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etməlidir.

Göründüyü kimi, burada həm beynəlxalq, həm də yerli qanunvericilik birmənalı şəkildə maşinistin tərəfindədir. Bu “tərəfkeşlik” məntiq və fizika qanunlarına əsaslanır. Ümumi kütləsi min tonu keçən 30-40 vaqondan ibarət lokomotivin tam dayanması üçün təxminən 2 km tələb olunur. Qəza tormozu ilə yolu ən yaxşı halda 100 metr qısaltmaq olar ki, bunun riski daha böyükdür: Rels zədələnə və qatar relsdən çıxa bilər. 

O ki qaldı, qəza zamanı maşinistlərə qarşı iddiaların rədd edilməsinə, burada qanunsuz heç nə yoxdur. Tənzimlənməyən dəmir yolu xətlərinin sayı-hesabı bilinməyən Rusiyada hər il maşinistlərə qarşı zərərçəkənlər və ya onların qohumları tərəfindən yüzlərlə iddia qaldırılır. Bu iddiaların demək olar hamısı ya rədd edilir, ya da ümumiyyətlə polis və prokurorluq tərəfindən icraata götürülmür. 

Uzun sözün qısası, qatarla avtomobil toqquşarsa təqsirkar birmənalı olaraq maşinist deyil, sürücüdür.

 

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh