Reklam

Qayda pozan sürücülərin rahatlığı ərşə çəkiləcək - QƏRAR VERİLDİ

Yazarlar 27 İyun 2019 15:19 Oxunub 1413
Qayda pozan sürücülərin rahatlığı ərşə çəkiləcək - QƏRAR VERİLDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Piyadaların hərəkətinə maneçilik törədən nəqliyyat vasitəsi birmənalı şəkildə təxliyə olunmalıdır"

Bakı Nəqliyyat Agentliyi (BNA) yenidən təxliyə (evakuasiya) işlərinə başlayır. Dayanacaqlarda, piyada keçidlərinin üzərində, eyni zamanda səkilərdə, ikinci cərgədə, yol kəsişməsində saxlanılmış avtomobillər BNA işçiləri tərəfindən xüsusi dayanacaqlara aparılacaq. Əvvəllər bu cür hal baş verdikdə avtomobil sahibinə yerindəcə cərimə yazılırdısa, indi şərtlər daha da sərtləşdirilir.

Maraqlıdır, şərtlərin sərtləşdirilməsi, avtomobillərin təxliyə olunması effektli olacaqmı? AYNA bu suala cavab tapmağa çalışıb.

Yol-nəqliyyat eksperti Azər Allahverənov hesab edir ki, piyada vasitələrinin və piyadaların hərəkətinə maneçilik törədən nəqliyyat vasitəsi birmənalı şəkildə təxliyə olunmalıdır: "“Yol hərəkəti haqqında" Qanunda bu barədə xüsusi tələb var. Səkilərdə, dayanacaqlarda, piyada keçidlərinin üzərində avtomobilləri saxlayan sürücülər cəzalandırılmalıdır. Çünki onlar həm piyadalara, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törədir, hətta tıxaca da səbəb olur”.

Ekspert bir müddət təxliyə məsələsində durğunluq yaranmasına da aydınlıq gətirib: “Evakuasiya işləri ilə məşğul olan şirkətlərdə problem var idi. Məhz ona görə bu proses bir müddət saxlanıldı. Nəhayət bəzi məsələlər həllini tapdığı üçün evakuasiya xidməti öz işinə başladı”.

“Evakuasiya xidmətinin yenidən həyata keçirilməsi aktual mövzudur. İkinci cərgədə avtomobil saxlayan sürücülər böyük tıxaca səbəb olurdular. Həmin sürücülər 20 manat məbləğində cərimə olunmalarına baxmayaraq, nəqliyyatın hərəkətinə böyük maneə yaradırdılar. Ona görə də bu sistemin işə düşməsi vacib idi” – deyə Allahverənov vurğulayıb.

Həmsöhbətimiz onu da qeyd edib ki, şərtlər sərtləşdiriləndən sonra təxliyyə olunan avtomobilin sürücüsünə bu barədə məlumat verilməlidir: "Sürücü bilməlidir ki, avtomobili hara, hansı dayanacağa aparılır".

Avtomobil idarəetmə üzrə təlimçi Arzu Babazadə isə düşünür ki, təxliyyə sistemi xeyli vəsait tələb edəcək: "Cərimə müsbət addım olsa da, vəziyyəti düzəltməyəcək. Təxliyyə üçün əlavə avtomobil cəlb ediləcək, işçi qüvvəsi lazım olacaq. Bunlar da kifayət qədər böyük məbləğdə vəsait tələb edir. BNA həmin xərcləri maarifləndirməyə sərf etsə, daha effektiv olar. Yəni insanlar öyrədilsin və bundan sonra qaydanı bilərəkdən pozanlara cərimə yazılsın”.

“Bir məsələ də var ki, Şərq ölkələrində sürücüləri və piyadaları maarifləndirmək bir qədər çətindir. Çünki onlar öyrənməyə meylli deyillər. Şərq insanları səhv bildikləri doğrulara inanmağı maariflənməkdən üstün tuturlar" - Babazadə bildirib. O, öz təcrübəsindən də danışıb: "Mənim bəzi tələbələrim olur ki, onları sıfırdan öyrədəndə çətinlik çəkirəm. İzah edəndə ki, bu, qayda pozuntusudur, etmək olmaz, mənə deyirlər, “nə olsun, axı hamı edir”. İnsanlar düşünürlər ki, hamı edirsə, mən də etməliyəm. Bizdə təfəkkür problemi var. Bunu da ancaq maarifləndirməklə dəyişmək olar”.

“Cərimə və evakuasiya da olsun, amma paralel şəkildə maarifləndirmə işləri də aparılsın. Əks halda heç nə əldə edə bilməyəcəyik” – deyə mütəxəssis vurğulayıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh