Qəza baş verdikdə sürücülər DYP və sığortanı mütləq gözləməlidirlərmi? - İZAH

Bəzən yollarda uzun tıxacla qarşılaşırıq. Yaxınlaşanda aydın olur ki, iki avtomobil bir-birinə dəyib. Sürücülər də avtomobildən düşüb yolun ortasında dövlət yol polisi əməkdaşlarının və sığorta nümayəndəsinin gəlməsini gözləyirlər. Təbii ki, 20-30 nəfərin də hadisəyə “dəstək” məqsədilə avtomobili saxlayıb sadəcə dayanıb baxmasını unutmaq da lazım deyil. Bununla da dəhşətli tıxac yaranır. Təsəvvür edin ki, ikizolaqlı yolda qəza baş verir, zolağın birinda vurulan maşın, digərində isə vuran maşın dayanır, sürücülər isə kənara çəkilib DYP və sığorta əməkdaşlarını gözləyirlər...
Ümumiyyətlə, qəza baş verdikdə sürücülər DYP və sığortanı mütləq gözləməlidirlərmi? Avtomobili yerindən tərpətməmək vacibdirmi? Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, hər hansı bir qəza baş verdiyi zaman yol polisinə məlumat verilməlidir. “Yol hərəkəti haqqında qanunun 37-ci maddəsində qeyd olunur ki, qəza baş verdiyi zaman (həm avtomobillər toqquşarsa, yaxud sürücü yol kənarında dirəyə dəyərsə və s.) DYP-yə mütləq məlumat verilməlidir. Yol polisinə məlumat verildikdən sonra polis hadisəni araşdırmalıdır. Həmçinin maddədə göstərilir ki, sürücü hadisə yerini qorumalıdır. Yəni, hadisəyə hüquqi qiymət verilməsində hər hansı problem yaşanmasın. Elə həmin maddədə deyilir ki, avtomobillərə cüzi ziyan dəyibsə, sürücülər arasında hadisədə kimin günahkar olması barədə mübahisə yoxdursa, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa, o zaman sürücülər yerində özləri sxem çəkərək DYP çağırmadan hadisə yerini tərk edə bilərlər. Amma dərhal sonra yol polisinə müraciət edərək hadisənin rəsmiləşdirlməsi üçün getməlidirlər.” Sığorta ilə bağlı məsələyə toxunan hüquqşünas bildirib ki, icbari sığorta olduqda sığorta əməkdaşının hadisə yerinə gəlməsinin məcburiliyi heç bir qanunda nəzərdə tutulmayıb və buna heç bir ehtiyac yoxdur. Kasko sığortada isə bu, fərqlidir: “Bu sığorta növü könüllü olduğu üçün şərtləri də şirkət və sürücü müəyyənləşdirir. Əgər müqavilədə sığorta əməkdaşının hadisə yerinə gəlməsinin mütləq olması barədə müddəa varsa, o zaman sürücü buna riayət etməlidir. Əslində burada da sığorta əməkdaşı gəlmədikdə də problem yaranmaya bilər. Sadəcə olaraq sürücü avtomobili hadisə yerindən aparakən ona heç bir dəyişiklik etməməli, olduğu kimi sığorta şirkətinə təqdim etməlidir. Problem onda olacaq ki, qəzaya düşən avtomobilin vəziyyəti dəyişdirilsin və ziyanın həcmini düzgün qiymətləndirmək olmasın”.
Orxan Əli
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










