Banner

Qəza şəraiti nədir - OXUYUB YADDA SAXLAYIN!

Yazarlar 26 Aprel 2014 13:33 Oxunub 40354
Qəza şəraiti nədir - OXUYUB YADDA SAXLAYIN!
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov sürücülərin tez-tez törətdiyi inzibati xəta ilə bağlı şərh verdi

Ölkəmizdə mövcud olan yol hərəkəti qaydaları beynəlxalq konvensiyalar əsasında müəyyən edildiyindən bəzi texniki xarakterli problemlər nəzərə alınmasa, bu qaydalarda ciddi qüsurlar yoxdur. Lakin qayda pozuntularına görə məsuliyyət müəyyən edən qanunvericiliyimiz xeyli dərəcədə milli olduğundan burada qüsurlar bir az çoxdur. Belə qüsurlardan biri «qəza şəraiti yaratma» adlanan inzibati xəta ilə bağlıdır. Bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.3-cü maddəsində 80 manat cərimə və 4 cərimə balı nəzərdə tutulur. Bu xətanın anlayışındakı kobud çatışmazlıq nəticəsində əksər hallarda sürücülər heç bir qəza şəraiti olmadığı halda həmin xətaya görə məsuliyyətə cəlb edilirlər. Əslində, bunu edən DYP əməkdaşları da ciddi çətinlik çəkirlər. Qəza şəraiti yaratmanın anlayışının mücərrədliyi hazırkı məzmunda bu inzibati xətaya görə qanun çərçivəsində məsuliyyətə cəlb etməni qeyri-mümkün edir. İXM-in 151.3-cü maddəsində qəza şəraiti yaratmanın anlayışı belə müəyyən edilib: hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular törədilməsi.

Deməli, qəza şəraiti yaratmanın mövcud olduğunu söyləmək üçün iki başlıca şərt tələb olunur:

1) nəqliyyat vasitəsi sürücüsünün yol hərəkəti qaydalarının hər hansı bir (yaxud iki və ya daha artıq) pozuntusunu törətməsi;

2) bu pozuntunun digər hərəkət iştirakçısını (və ya iştirakçılarını) hərəkətin sürətini və istiqamətini dəyişməyə məcbur etməsi.

Bu şərtlərdən birincisi ilə bağlı heç bir anlaşılmazlıq mövcud deyildir. Nəqliyyat vasitəsi sürücüsünün yol hərəkəti qaydalarına zidd olan istənilən əməl törətdiyi halda bu şərt mövcud ola bilər. Belə əməl qismində istənilən qayda pozuntusu – qəflətən hərəkətə başlama və ya bitişik ərazidən yola çıxma, sürət həddini aşma, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozma, ötmə, manevr etmə, dayanma, durma qaydalarını pozma və s. çıxış edə bilər. Hər hansı qayda pozuntusunun olmaması, yəni sürücünün hərəkətinin qaydalar çərçivəsində olması, bu, başqa hərəkət iştirakçısını sürəti və istiqaməti dəyişməyə məcbur etsə də, qəza şəraiti yaratma hesab edilə bilməz.

Lakin göstərilən şərtlərdən ikincisinin kifayət qədər qüsurlu olması, habelə «Yol hərəkəti haqqında» Qanunun bəzi müddəalarına uyğun gəlməməsi səbəbindən təcrübədə bu inzibati xətanın bütövlükdə qanuna tam uyğun tətbiqi mümkünsüzdür.

«Yol hərəkəti haqqında» Qanunun 1-ci maddəsinin 41-ci bəndindən görünür ki, yol vermə şəraiti mövcud olduqda sürücünün hərəkəti davam etdirməsi və ya hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur etiyi halda «yol verməmə» adlanır. Göründüyü kimi, hətta yol verməmənin anlayışında hərəkət istiqamətini və ya sürəti sadəcə dəyişməyə yox, həmin hərəkət parametrlərini QƏFLƏTƏN DƏYİŞMƏYƏ MƏCBUR OLMA zəruri əlamət kimi göstərilib. Bu anlayışı əsas götürən DYP əməkdaşları yol verilmədiyi istənilən halda (yolayrıclarını keçmə zamanı, hərəkət zolaqlarını dəyişmə zamanı, hərəkətə başlayarkən və ya hərəkəti dayandırarkən və s.) əməli qəza şəraiti yaratma sayırlır. 

Amma sadə məntiq də var. Həmin məntiq deyir ki, elə adından da göründüyü kimi, qəza şəraiti yaratma yol verməmədən daha təhlükəli qayda pozuntusu olmalıdır. Hətta İXM-in özü də bu məntiqi təsdiqləyir. Çünki qəza şəraiti yaratmaya görə İXM-in 151.3-cü maddəsində 80 manat cərimə və 4 cərimə balı, yol verməməyə görə isə İXM-in 151.2-ci maddəsində 60 manat cərimə və 3 cərimə balı nəzərdə tutulur. Deməli, qanun da qəza şəraiti yaratmanı daha təhlükəli sayaraq ona görə daha ciddi sanksiya nəzərdə tutub. 

Əlavə məlumat üçün qeyd etmək istəyirəm ki, qanunvericilik sistemi ölkəmizin qanunvericiliyinə oxşar olan əksər ölkələrdə (məsələn, Rusiyada) «qəza şəraiti yaratma» adlanan yol hərəkəti qaydası pozuntusu mövcud deyil və «qəza şəraiti» ifadəsi yalnız konkret yol-nəqliyyat hadisələri baş verdikdə işlədilir. Bir sıra ölkələrdə isə eyni adlı yol hərəkəti qaydası pozuntusu nəzərdə tutulsa da, həmin dövlətlərin qanunvericiliyində qəza şəraiti yaratmaya təxminən aşağıdakı kimi anlayış verilmişdir: «qəza şəraiti yaratma, yəni yol hərəkəti qaydalarını pozmaqla hərəkətin başqa iştirakçılarını özünün və ya yol hərəkətinin digər iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün hərəkət sürətini və ya istiqamətini QƏFLƏTƏN VƏ KƏSKİN dəyişməyə və ya başqa tədbirlər görməyə məcbur etmə». 

Beləliklə, sürətin və ya istiqamətin istənilən dəyişməsinə deyil, məhz QƏFLƏTƏN, GÖZLƏNİLMƏZ OLARAQ dəyişməsinə, özü də KƏSKİN DƏYİŞMƏSİNƏ MƏCBUR EDİLMƏ qəza şəraiti yaratma hesab edilə bilər. Qəza şəraiti digər hərəkət iştirakçısını adi manevr etməyə məcbur etmədə yox, onu XÜSUSI SAYIQLIQ VƏ MƏHARƏT GÖSTƏRMƏKLƏ yol-nəqliyyat hadisəsindən qaçmaq üçün manevr etməyə məcbur etmədə ifadə oluna bilər. Ona görə də hesab edirəm ki, İXM-in 151.3-cü maddəsində qəza şəraiti yaratmaya verilmiş anlayış dəqiqləşdirilməli və bu xətaya görə məsuliyyət yalnız bundan sonra tətbiq edilməlidir, yaxud həmin inzibati xəta İXM-dən çıxarılmalıdır. 

Hərəkətin sürətini və ya istiqamətini qəflətən və kəskin olaraq dəyişmə dedikdə, yol hərəkəti iştirakçısının gözləmədiyi elə vəziyyətin yaradılması başa düşülür ki, bu zaman qəfil və sərt manevrlər (sürətin və ya hərəkət istiqamətinin kəskin dəyişməsi) edilməsə, qəza baş vermiş olacaq. Adi yol şəraitində normal manevrlərlə sürətin və ya istiqamətin dəyişməsi qəza şəraiti hesab edilə bilməz. 

Nəzərə almaq lazımdır ki, qəza şəraiti ən azı iki hərəkət iştirakçısı (biri təqsirkar sürücü, digəri qəza şəraitinə düşən hərəkət iştirakçısı) olduqda yarana bilər. Özü də bu xətanın rəsmiləşdirilməsinin özəlliyi də var. Qəza şəraiti yaratma ilə bağlı protokolda həm qəza şəraiti yaradan, həm də qəza şəraitinə düşən hərəkət iştirakçısı (konkret avtomobil və s.) göstərilməlidir.

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Vuqar 29 İyul 2021 23:06
Salam afto ekespertin reyi nece ish gunu erzinde bildirilir?
Semedaga 4 Sentyabr 2019 08:43
Ersad melim bir xirda nuansi nezerde qacirib. Yol vermemekde, hereket istiqametini ve ya suretini deyishmeye mecbur etmek yazilib. Yeni suretin ve ya istiqametin ikisinden birini deyishmeye mecbur etdikde 3 bal 60 manat cerime olunur. Amma qeza seraiti anlayisinda hereket suretini ve istiqametini yazilib. Yeni suretin ve iatiqametin her ikisinin qefil deyisilmesine mecbur etme 80 manat 4 baldir. Yeni bu iki madde arasindaki ferq ve ile ve ya kelmelerindedir.