Avtomobil qəzaları zamanı şəxsə az ağır və ağır dərəcəli bədən xəsarəti yetirənlər zərərçəkəni razı sala bilsələr, həbs olunmayacaqlar Azərbaycanda avtomobil qəzaları zamanı şəxsə az ağır və ağır dərəcəli bədən xəsarəti yetirənlər cinayət məsuliyyətindən azad oluna biləcəklər.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rəfael Cəbrayılov bildirib ki, Milli Məclis son plenar iclasında Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinə dəyişiklik edib və bu dəyişikliklər noyabrın 1-dən qüvvəyə minəcək. Məcəllədə 263.1-ci maddənin avtomobil qəzası nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır, 263.1-1-ci maddəsində isə ağır dərəcəli bədən xəsarətlərinin yetirilməsi ilə bağlı bəndlərin olduğunu deyən R. Cəbrayılov qeyd edib ki, maddəyə əlavə edilən qeydə görə, 263.1 və 263.1-1-ci maddələrinə əsasən, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir.
263.1 və 263.1-1-ci maddələr digər alternativ cəzalarla yanaşı, müvafiq olaraq 2 il və 3 il azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutur. Bu maddələrdə nəzərdə tutulmuş əməlləri törədən sürücülər məhkumluq kimi ağır hüquqi nəticələri olan vəziyyətdən xilas ola bilmək imkanı eldə edəcəklər. Deputat bildirib ki, Azərbaycan Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş avtomobil qəzaları ilə bağlı cinayət əməli ehtiyatsızlıq üzündən törədilən cinayətlər kateqoriyasına aiddir: "Yəni, bu qəzalarda baş verə biləcək nəticəni sürücü arzu etmir. Lakin belə nəticənin baş verə biləcəyini görməli olduğu halda görmür. Ehtiyatsızlıq üzündən törədilən cinayət əməllərinin istintaqı zamanı zərərçəkmişin mövqeyi və ona vurulmuş ziyanın ödənilib-ödənilməməyi həm hüquqi, həm mənəvi dəyərlər baxımından mühüm əhəmiyyət kəsb edir”.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, təkrar və ya qəsdən törədilən hadisələrdə güzəştlər olmamalıdır: "Düşünürəm ki, hüquq-mühafizə və istintaq orqanları bu məsələni detallı şəkildə araşdıracaqlar. Ola bilər ki, hansısa sürücü artıq bir neçə dəfə bu cür hadisə törədib. Təkrar törət, xəsarəti ödə, azadlıqda gəz. Bu kimi məsələlər düşünürəm ki, gələcəkdə təcrübədə nəzərə alınacaq ki, təkrar və ya qəsdən törədilən hadisələrdə güzəştlər olmasın. Əgər bu olarsa, deməli, kimin imkanı varsa öz bildiyi kimi maşın sürəcək və problemlər çoxalacaq. Məncə, hətta piyadalar üçün də sui-istifadə halları meydana çıxacaq. Belə ki, qəsdən özünü maşının önünə atanlar çoxala bilər. Onsuz bu işlə peşəkar səviyyədə məşğul olanlar var. Hətta deyərdim ki, bəzilərini ayda 5 dəfə maşın vurur. Ona görə də, gərək aidiyyatı qurumlar məsələni dəqiq araşdırsınlar. Məsələyə düzgün yanaşma olmalıdır. Əgər baş vermiş hadisədə piyadanın günahı varsa, niyə pulu sürücü ödəməlidir. Piyadaların günahı ucbatından bu gün kifayət qədər yol qəza hadisəsi baş verir. Bunu da nəzərə almaq lazımdır. Təsəvvür edin, yolu düzgün keçməyən piyadanı vurmamaq üçün sürücü bacardığı qədər maşını döndərir və sonda gedib başqa bir maşına dəyir. İndi bu məsələdə kim günahkardır? Və həmin piyada qalır kənarda, sürücü vurduğu maşının pulunu ödəməli olur. Məsələni araşdırıb, günah kimdədirsə, pulu ona ödətdirmək lazımdır. Bu kimi hallar olmasa, bu dəyişiklik çox mütərəqqidir”.
Müsahibimiz edilən dəyişikliyin müsbət tərəfindən də danışdı: "Bu yeniliyin müsbət tərəfi odur ki, insanlar heç nədən həbsə düşməyəcəklər. Bu, dünya təcrübəsində də tətbiq olunur. Yəni istəmərik ki, təsadüfən olmuş bir hadisəyə görə 3 uşaq atası həbsə getsin. Bu cəhətdən çox yaxşı qərardır. Amma hüquq-mühafizə orqanları işi sonadək izləsinlər. Bəzən görürsən ki, zərərçəkənə dəymiş ziyan 3 mindir, ancaq o, sürücüdən 13 min istəyir. Və mütəmadi olaraq sürücüyə zəng vurub onu şantaj edir. Bu, axı ədalətli deyil. Ona görə ciddi nəzarət olmalı, hər şey qanuna uyğun həyata keçirilməlidir”.
Vəkillər Kollegiyasının üzvü Xəyal Bəşirov bildirir ki, qəbul edilən bu dəyişikliyin sürücülərdə məsuliyyətsizliyin artmasına səbəb olacağını düşünmür: "Çünki zərərçəkmiş şəxslə barışmağın yüngülləşdirici hal kimi hesab olunması buna qədər də mövcud idi. Sadəcə, yeni dəyişiklik insanların azadlıqlarına dəyərin artırılması, humanizm prinsipindən yanaşılması xarakteri daşıyır. Bu, ehtiyatsızlıq nəticəsində cinayət törətmiş insanlara qanunun yaratdığı humanist bir imkandır. Yəni nəqliyyat hadisəsi nəticəsində qəza törətmiş şəxs insan sağlamlığına az ağır və ya ağır zərərvurmaya səbəb olmuşdursa, hadisədən sonra zərərin aradan qaldırılması ilə bağlı bütün tədbirləri görürsə və eyni zamanda zərərçəkmiş şəxsə vurulmuş bütün ziyanı ödəməklə onunla barışıq əldə edirsə, cinayət məsuliyyətindən azad olunacaq”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov "Kaspi”yə açıqlamasında qeyd edir ki, yeniliklə bağlı nə isə demək üçün hələ tezdir: "Qanunda tam dəyişiklik baş verdikdən sonra nə isə demək mümkündür. Hələ ki, bu haqda informasiya vermək mənim üçün çətindir. Qanun qüvvəyə mindikdən sonra təcrübədə nə özünü göstərəcək, yalnız onun əsasında danışa bilərəm. Bu qərarın müsbət tərəfləri olduğu kimi təbii ki, mənfi tərəfləri də olacaq”.