Banner

Qəza törədən sürücünün bağışlanılmaz səhvi

Yazarlar 19 Fevral 2015 18:21 Oxunub 6225
Qəza törədən sürücünün bağışlanılmaz səhvi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət xarakterli hadisə yerindən yayınma daha ciddi problemlər yaradacaq

Bu yaxınlarda Abşeron kəndlərindən birində baş vermiş bir qəza bu yazını yazmağıma səbəb oldu. Deməli, səhər tezdən saat 6.00 radələrində çörəkdaşıyan «pikap» piyada keçidində 50 yaşlı sağlam bir kişini vurub. Kameralarda görünür ki, yolda heç kim yoxdur, sürücü avtomobili saxlayır, soyuqqanlılıqla düşüb vurduğu adama baxır, ölmüş olduğunu görərək avtomobilə əyləşib gedir. Sürücü 3 gün sonra aşkarlanaraq tutulur. Özü də məlum olur ki, bu “ağıllı” adam piyadanı vurarkən maşınının əzilmiş yerini də düzəldib. “Əsl axmaqlıqdır” desək, yanılmarıq...

Hazırkı dövrdə yollarımız adamlar və maşınlarla doludur. Magistral əhəmiyyətli yolların və küçələrin əksər hissələrində kameraların olduğunu da hamı bilir. Yaşayış məntəqələrində yola yaxın ticarət və s. obyektlərdə də kameralar olduğu sirr deyil. Belə olan halda hadisə yerindən necə yayınmaq olar, özü də Abşeron yarımadasında?

Mən bu davranışın hüquqi tərəflərinə qısaca diqqət çəkmək istəyirəm. “Yol hərəkəti haqqında” Qanun qəza iştirakçısı olan sürücüyə hətta təqsirli olmasa da, hadisə yerindən yayınmağı qadağan edir. Ona görə də istər inzibati xəta sayılan, istərsə də cinayət sayılan qəza yerindən yayınma ayrıca hüquqi məsuliyyətə səbəb olur. İnzibati xəta sayılan hadisə yerindən yayınmaya görə İXM-in 151.3-cü maddəsi 80 manat cərimə və 4 cərimə balı nəzərdə tutur. Özü də bu cərimə qəzada günahkar olana da, zərərçəkənə də aiddir.

Cinayət xarakterli hadisə yerindən yayınma isə daha ciddi problemlər yaradacaq. Cinayət Məcəlləsinin 264-cü maddəsi hadisədə təqsirli olan sürücünün hadisə yerindən yayınmasını ayrıca cinayət sayır və buna görə 3 ilədək nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Özü də bu cinayət qəsdən törədilən cinayətdir. Ona görə də təqsirkar sürücüyə həm qəzaya görə, həm də yayınmaya görə cinayətlərin məcmusu üzrə cəza təyin olunur. Bu zaman təqsirkar sürücüyə təyin olunan qəzaya görə cəza və yayınmaya görə cəza toplana bilər (məsələn, hadisə törədərək 1 adamı öldürən sürücüyə maksimum 6 il azadlıqdan məhrum etmə cəzası verilə bildiyi halda, hadisə yerindən qaçan belə sürücüyə 8 il cəza verilə bilər). Bu, həm də cəzaçəkmə müəssisəsinin seçilməsinə təsir edir. Məsələn, adam öldürərək hadisə yerindən yayınan sürücü məntəqə tipli cəzaçəkmə müəssisəsinə yox, ən azı ümumi rejimli müəssisəyə göndəriləcək.

Hadisə yerindən yayınan sürücü prosessual baxımdan da vəziyyətini çıxılmaza salmış olur. Ola bilər ki, sürücü təqsirli olmasın və istintaq və məhkəmədə bunu sübut etmək mümkün olsun. Amma hadisə yerindən yayınan sürücünün təqsirsizliyini sübut etmək şansı sıfıra bərabərdir. Belə sürücü hərəkət qaydalarını pozmamış olsa da, hadisəni araşdıranlar bəri başdan onun əleyhinə yönəlik araşdırmaya meylli olacaqlar. Digər tərəfdən, hadisə yerindən yayınan sürücü hadisə yerini taleyin ümidinə buraxır, yol-nəqliyyat hadisələrinin hüquqi taleyi isə hadisə yerindəki vəziyyətdən asılıdır.

Nəhayət, hadisə yerindən yayınan sürücü özü üçün sığorta ödənişlərinin qapılarını da bağlamış olur. “İcbari sığortalar haqqında” Qanunun 63-cü maddəsinə əsasən, istər inzibati xəta, istərsə də cinayət sayılan qəza yerindən yayınma olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Başqa sözlə, belə hallarda zərərçəkənə sığorta ödənişi vermiş şirkət verdiyi pulları qaçan təqsirkar sürücüdən geri alacaq.

Hadisə yerindən yayınan sürücü yuxarıda qeyd etdiyim kimi hallarda başqalarını da işə sala bilər. Onun hadisədə əzilmiş avtomobilini təmir edən ustanı nələr gözlədiyini də qanunlar dəqiq müəyyən edir: ən yaxşı halda İXM-in 158.3-cü maddəsi üzrə 250 manat cərimə, ən pis halda (əgər hadisədə 2 və daha çox şəxs ölübsə, hadisəni törədib qaçan sərxoş və ya vəsiqəsiz olubsa və usta bunları bilibsə) isə CM-in 307.2-ci maddəsi üzrə 3 ilədək müddətə azadlıqdan məhrum olma.

Törətdiyi hadisəyə görə cavab vermək hər kəsin hüquqi borcu olmaqla yanaşı, həm də mənəvi borcudur. Ona görə də hadisə yerindən qaçan sürücünü zərərçəkmiş tərəf də bağışlamağa meylli olmur. Həm də nəzərə alın ki, nəzarətin hazırkı səviyyəsində hadisə yerindən qaçaraq gizli qalmaq çox çətindir və getdikcə daha da çətinləşir. Ona görə də çalışın hadisə törətməyin, hadisə olduqda isə heç vaxt hadisə yerindən qaçmayın, çünki bu qaçış sizə çox baha başa gələ bilər.

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh