Qəzada ölmək də var – Ekspert ağır qəzalardan yazdı

Son günlər baş verən bəzi dəhşətli qəzalar avtomobillərin təhlükəsizlik səviyyəsinin xüsusi önəmini bir daha vurğulayır. Müşahidələrimə güvənərək deyə bilərəm ki, hazırda küçə və yollarımızda passiv təhlükəsizlik sistemi bərbad vəziyyətdə olan xeyli avtomobillər, hətta avtobuslar var. Onların texniki təchizatı ötən əsrin 70-80-ci illərinə aid olduğundan sürücü və sərnişinləri mümkün qəzalar zamanı qorumalı olan passiv təhlükəsizlik sistemi də elə 40 il əvvələ aiddir. Hətta belə avtomobillərin əksəriyyəti istismar prosesində daha da təhlükəli vəziyyətə düşmüş olur. Nəticədə onların iştirak etdiyi yol-nəqliyyat hadisələri bir qayda olaraq, ölümlə nəticələnir.
Ən dəhşətlisi odur ki, bu metal-plastmas yığınlarını idarə edənlər ən təhlükəli sürmə tərzi nümayiş etdirirlər. Bunun səbəbini anlamaq çətin olsa da, müəyyən mülahizələr irəli sürmək olar. Belə sürücülərin əksəriyyəti xırda qəzalarda çox ciddi ziyana düşməkdən qorxmurlar. Çünki onsuz da avtomobillərinin bərbad vəziyyətdə olduğunu bilirlər. Amma belələri unudurlar ki, qəzada ölmək də var. Belə avtomobillərin aqressiv sürücülərinin unutduğu ən böyük təhlükə isə odur ki, onların nəqliyyat vasitəsinin sükan idarəetmə və tormoz kimi aktiv təhlükəsizlik elementləri də normal deyil. Yəqin çoxları belə avtomobilin yolda azacıq tormoz verərkən, hər tətərəfinin bir istiqamətdə sürüşdüyünü, nəticədə avtomobilin istiqamətini dərhal dəyişdiyini görüblər. Elə bu səbəbdən də belə nimdaş avtomobillərlə nisbətən sadə qəza şəraitindən də çıxmaq olmur.
Təhlükəsizlik səviyyəsi bərbad olan avtomobilləri daha da təhlükəli edən başqa bir amil onların dinamik göstəriciləri ilə təhlükəsizlik səviyyəsi arasındakı uyğunsuzluqdur. Yəqin müşahidə etmisiniz ki, belə avtomobillərin konstruksiyası nisbətən yüngül olduğundan mühərrik zəif də olsa, yüksək sürət yığmaq və sərt manevrlər etmək olur. Lakin qəza şəraiti yarananda sükan idarəetmə mexanizminin və tormoz sisteminin belə dinamikaya uyğun olmadığı aşkarca görünür. Konstruksiyanın o qədər də güclü olmayan zərbədən dəhşətli dərəcədə deformasiyaya uğraması, hətta bəzən parçalanması da öz işini görür.
Ona görə də hörmətli sürücülərə üz tutaraq demək istəyirəm ki, yolda hərəkət edərkən mütləq öz nəqliyyat vasitənizin təchizat səviyyəsini, real texniki vəziyyətini nəzərə alın. Onun təkcə dinamik göstəricilərinə aldanıb qazı basmayın. Amma “avtomobilin təhlükəsizlik səviyyəsi yüksəkdir, istədiyimi edərəm” düşüncəsi də yolverilməzdir.
Ərşad Hüseynov,
hüquqşünas
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










