Qəzada zərərçəkmişlərin vəziyyətini pisləşdirən qanun – SIĞORTADAN ƏLİNİZİ ÜZÜN

Yazarlar 25 İyul 2015 11:51 Oxunub 1826
Qəzada zərərçəkmişlərin vəziyyətini pisləşdirən qanun – SIĞORTADAN ƏLİNİZİ ÜZÜN
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sığorta fəaliyyətindən bu qədər narazı olan deputatlar belə bir mürtəce düzəlişin qəbuluna necə imkan veriblər?

Avtomobillərin sığortası ilə bağlı xeyli sayda problemlərin olduğu hər kəsə məlumdur. Həmin problemlər dəfələrlə müxtəlif səviyyələrdə müzakirə edilib. Milli Məclisin sonuncu yaz sessiyasının iclaslarının birində sığorta ilə bağlı məsələ qaldırılarkən əksər deputatlar sığorta şirkətlərindən narazılıq ifadə edən kifayət qədər sərt fikirlər səsləndirdilər. “İcbari Sığortalar haqqında” Qanuna 28 noyabr 2014-cü il tarixdə Milli Məclisdə edilmiş bir düzəlişi təhlil edəndə parlamentdəki həmin sərt müzakirə yadıma düşdü. Hətta bir qədər təəccübləndim: sığorta fəaliyyətindən bu qədər narazı olan deputatlar belə bir mürtəce düzəlişin qəbuluna necə imkan veriblər? 

Söhbət adıçəkilən Qanunun 33.1-ci maddəsinə edilən və kompensasiya ödənişlərini əhəmiyyətli dərəcədə çətinləşdirən bir düzəlişdən gedir. Qanunun 32.1-ci maddəsində nəzərdə tutulur ki, naməlum və ya qaçırılmış avtomobillə törədilən qəza nəticəsində, yaxud mülki məsuliyyəti üzrə icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına zərər dəydikdəvə ya bu şəxs öldükdə İcbari Sığortalar Bürosu həmin zərərçəkmiş şəxsə (və ya onun hüquqi varisinə) müvafiq kompensasiya ödəməlidir. Bu kompensasiyanın həcmi normal icbari sığortanın mövcud olduğu hallardakı qədər olmalıdır. Belə bir müddəanın qanunvericilikdə olması yol-nəqliyyat hadisələrində sağlamlığına zərər dəyən və ya həyatını itirən şəxslərə hər bir halda icbari sığorta ödənişi edilməsini təmin etməyə yönəlib. Özü də Büro həmin kompensasiyanı məsuliyyətini sığortalamamış şəxsdən və ya sonradan kimliyi müəyyən edilmiş sürücüdən subroqasiya qaydasında almaq hüququna malikdir 

“İcbari Sığortalar haqqında” Qanuna 28 noyabr 2014-cü il tarixdə edilən düzəlişə qədər göstərilən kompensasiyanı almaq üçün zərərçəkmiş şəxs və ya ölmüş şəxsin hüquqi varisi qanunda nəzərdə tutulan digər sənədlərlə yanaşı yalnız yol-nəqliyyat hadisəsini araşdıran təhqiqat və ya istintaq orqanının arayışını və məhkəmə-tibbi ekspertizanın rəyini təqdim etməli idi. Amma göstərilən düzəliş bu məsələni kifayət qədər qəlizləşdirmiş, hətta bəzi hallarda təcrübi olaraq mümkünsüz etmişdir. Son dəyişiklikdə deyilir ki, göstərilən hallarda kompensasiya almaq istəyən şəxs büroya digər sənədlərlə yanaşı, yol-nəqliyyat  hadisəsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarını da təqdim etməlidir. Bu isə iki çox ciddi problem yaradır:

1. Deməli, müvafiq əsas olsa da, kompensasiya almaq hüququ olan zərərçəkmiş şəxs (və ya onun hüquqi varisi) həmin hadisənin tam araşdırılmasını, məhkəmədə işə baxılmasını, daha sonra çıxarılmış hökmün qanuni qüvvəyə minməsini gözləməlidir. Bu isə zərərçəkmiş şəxsin aylarla, bəzən hətta illərlə gözləməsi deməkdir. Digər tərəfdən, hadisə naməlum avtomobillə törədilmiş olduqda, yəni cinayət açılmamış qaldıqda zərərçəkmiş şəxs ümumiyyətlə kompensasiya ala bilməyəcək. Çünki belə cinayət işləri üzrə məhkəmə hökmü çıxarmaq mümkün deyil. Amma bu düzəlişə qədər belə kompensasiyanı hətta hadisədən 10-15 gün sonra da almaq olardı. 

2. Bu düzəliş həm də çox ciddi hüquqi problem yaradır. Məlumdur ki, heç də bütün yol-nəqliyyat hadisələri məhkəmə hökmü ilə yekunlaşmır. Cinayət təqibi başqa yekun aktla da başa çata bilər. Buna ən klassik misal, təqsirkar sürücünün özünün də dünyasını dəyişdiyi yol-nəqliyyat hadisələri üzrə cinayət təqibinə onun yaxınlarının razılığı ilə xitam verilməsi olacaq. Cinayət-prosessual qanunvericilikdə cinayət təqibinə bəraətverici sayılmayan digər əsaslarla da xitam verilə bilməsi halları təsbit olunur. Belə hallarda hadisənin araşdırılması məhkəmə hökmü ilə deyil, ibtidai araşdırma aparan şəxsin qərarı ilə yekunlaşır. “İcbari Sığortalar haqqında” Qanuna edilmiş dəyişiklik belə hallarda zərərçəkmiş şəxsin (və ya onun hüquqi varisinin) kompensasiya almaq şansını heçə endirir. Bunu almaq istəyən zərərçəkmiş şəxs gərək ən azından qanunun həmin müddəasını Konstitusiya Məhkəməsi səviyyəsində mübahisələndirsin.

Beləliklə, həmin düzəliş açıq-aşkar şəkildə sığorta şirkətlərinin mənafeyinə xidmət edir. Belə subyektiv marağa yönələn düzəlişin qəbuluna ancaq təəssüflənmək olar. 

Hesab edirəm ki, sığorta bazarının canlanması və cəmiyyətin etimadının artması üçün sığorta şirkətləri belə düzlişlərin qəbulunda yox, sığorta işinin sadələşməsində və hər kəsə əlçatan olmasında maraqlı olmalıdırlarş

 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh