Reklam

Qəzalar yenə artdı - Bu sahədə İsveçrə və Belçikanı qabaqlayırıq

Yazarlar 19 Aprel 2022 08:44 Oxunub 2550
Qəzalar yenə artdı - Bu sahədə İsveçrə və Belçikanı qabaqlayırıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yol polisinin bu statistikası da qanqaraldan oldu. İlin ilk 3 ayında yol qəzalarında 183 nəfər həlak olub, 373 nəfər isə xəsarət alıb. Çoxdur, yoxsa az? Gəlin əhali sayı bizə yaxın olan 2 ölkənin tiomsalında müqayisə aparaq: 

Belçika Krallığı  
Quru ərazisi - 30 528 kvadrat kilometr
Əhali – 11 700 000 nəfər
Avtomobil sayı – təxminən 6 milyon ədəd

İsveçrə Konfederasiyası 
Ərazisi – 41 285 kvadrat kilometr
Əhali – təxminən 8,5 milyon nəfər
Avtomobil sayı – təxminən 6,5 milyon ədəd (moped və motosiklsiz).

Ölüm göstəricisinə gəldikdə, ötən il Belçikada 484, İsveçrədə isə 200 nəfər yol qəzalarında həyatlarını itirib. 
Belçikada avtomobili olmayan ailələrin göstəricisi 10%-dən azdır. Hər ailəyə orta hesabla 1,3 avtomobil düşür. Ərazisi 16,9 min kvadrat kilometr olan Valoniya regionunda nəqliyyat vasitələrinin sayı 1,9 milyona çatır. Müqayisə üçün bizdə 1,3 milyon ədəddir. Paytaxt Brüsseldə yol qəzalarında 2020-ci ildə 14, ötən il isə 6 ölüm qeydə alınıb. Əsas ölüm Valoniya və Flandriya regionlarında qeydə alınıb. 
Belçikalı ekspertlər qəza və zərərçəkənlərin sayının artmasını yük avtomobilləri və mopedlərin artması ilə izah edirlər. Evlərə çatdırma xidməti genişləndiyi üçün moped istifadəçilərinin sayı artır və onlar təzyiq altında işləyirlər. Eyni zamanda ölkədə il ərzində motosikllər də 21% artıb. 
Həm də nəzərə alaq ki, Belçika Avropanın mərkəzində yerləşdiyindən Şimaldan Cənuba və əksinə hərəkət edənlər üçün tranzit ölkədir. Hər gün bura qonşu Avropa ölkələrindən on minlərlə nəqliyyat vasitəsi daxil olduğu üçün intensivlik yüksəkdir. Xüsusən də həftə sonları.
İsveçrə isə Avropa İttifaqına üzv olmasa da, bura hər gün minlərlə xarici nəqliyyat vasitəsi daxil olur. Yollar hamar olsa belə, dağlıq ərazi olduğu üçün risk çoxdur. Bununla belə, ölüm göstəricisi aşağıdır.
Bəli, əziz oxucu, təəssüf ki, bizim 1 rübün statistikası Belçika və İsveçrənin 1 illik statistikasına yaxınlaşır. Növbəti rübdə hər 2 ölkəni qabaqlamaq riskimiz real görünür. Həm də ölkəmizdə avtomobil sayı dəfələrlə az olmasına rəğmən (Nəzərə alaq ki, hələ turizm mövsümü başlamayıb, magistrallarda kütləvilik yoxdur). Təəccüblüdürmü? Xeyr. 
Yollarımız pisdir? Yox, magistrallarımız Avropadakından əsaslı şəkildə fərqlənmir.
Avtomobillər köhnədir? Parkda köhnə avtomobillər üstünlük təşkil etsə də, ümumi vəziyyət faciəvi deyil.
İnsan faktoru? Bəli, əsas səbəb budur. Sürücü zərurətən olmadan avtomobildən istifadə edirsə, yorğun və ya sərxoş halda sükan arxasına keçirsə, burda texnika günahkar deyil.
Son 60 ildə formalaşmış zərərli sürücülük (həmçinin piyadalıq) vərdişlərimizə görə avtomobil istehsalçıları deyil, özümüz təqsirkarıq (bu barədə ayrıca söhbət açacağıq).
Qanundakı boşluqlar da texniki faktor olmayıb, insan amilidir.
Vaxt öldürmək üçün maşın sürənlərlə psixoloqlar məşğul olmalıdır.
Radarların 10 km/saat xəta limitindən faydalanırıqsa, məsələ yenə də insan faktorundadır. Eyni tipli radarın xəta limiti Avropada 5 km/saat (şəhərdə 3 km/saat) olduğu təqdirdə, bizdə nə üçün sovet standartı qüvvədə qalmalıdır?
Bağlanmayan təhlükəsizlik kəmərinin siqnalını müəyyən vasitələrlə söndürürüksə, bu sırf psixoloji məsələdir. Polis və ya istehsalçı bu vəziyyətdə nə edə bilər?

Xəbər saytlarına nəzər yetirsək, hər gecə paytaxtda azı 3 qəza baç verdiyinin şahidi olarıq. Bu sürücülər hamısı yola zəruri ehtiyacdan çıxıb? Əminliklə deyə bilərərm ki, yox. Şəhərimizdə avtomobil sürməkdən həzz alan insanların sayı-hesabı yoxdur. Sadəcə olaraq gündüzlər tıxacda qalmamaq üçün çoxları gecə hərəkətə üstünlük verir. Avropanın böyük şəhərlərində gecə saatlarında nəqliyyat intensivliyi minimuma ensə də, Bakının mərkəzi küçələrində gecə saat 3-4 arası da intensivlik olur. 
Bəs qəzaların öhdəsindən gəlməkl mümkündürmü? Bəli, mümkündür. 10-15 il əvvəl kütləvi ölümlə nəticələnən mikroavtobus qəzaları normaya çevrilmişdi. İndi isə minimuma enib. Yaxud, şəhər daxilində kartla işləyən avtobusların sürücüləri kifayət qədər intizamlı və peşəkardır, bir-biri ilə yarışmır, söyüşmür. Bir sözlə, irəliləyiş göz qabağındadır. 
Nəticə olaraq deyə bilərik ki, yol qəzalarının minimuma endirilməsi üçün qabaqcıl ölkələrdə bu üsullardan istifadə edilir:
Sürücülük vəsiqəsi əldə etmək üçün yüksək bacarığın tələb olunması,
Qaydaların və nəzarətin sərtləşməsi,
Sürücülük hüququndan uzunmüddətli məhrum etmə,
Təbliğat.
Bəli, mən də ölkəmizdəki vəziyyətin dəyişəcəyinə inanıram. Lakin vəziyyəti yaxşıya doğru dəyişmək təkcə DYP-nin vəzifəsi deyil. Dünyanın heç bir yerində polis yollarda təkbaşına intizam yarada bilməyib.  Yol hərəkəti təhlükəsizliyi milli məsələ olub, bütün strukturlardan və bütün yetkinlik yaşına çatan vətəndaşlardan vahid, planlı yanaşma tələb edir. Başqa cür mümkün deyil və olmayacaq.

 

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh