Banner

"Qəzaların baş verməsində işıqlandırmanın olmamasının böyük təsiri var" - EKSPERT

Yazarlar 17 Yanvar 2023 16:36 Oxunub 1050
"Qəzaların baş verməsində işıqlandırmanın olmamasının böyük təsiri var" - EKSPERT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Axşam düşəndə yanar,

Şəhər nura boyanar,

Küçələrdən boylanar –

Qırmızı, yaşıl, sarı,

Bakının işıqları.

…Uzaq illərdən bugünümüzə süzülüb gələn, yaddaşlardan pozulmayan məşhur mahnı, nədənsə, bizdə hər zaman nostalji duyğular oyadır, paytaxtın gündüzlərindən çox, gecələrinin cazibədar olması əhvalı yaradır. İllər ötüb, Bakı gecələri yenə özünəməxsus gözəlliyi ilə könül oxşayır. Sayrışan ulduzların yerdəki zülməti əridə bilmədiyi gecələrdə evə, dost-tanış ünvanlara yetişəndə, ya da hansısa istirahət məkanında əyləşib dincimizi alanda gündüzlərin yorğunluğu unudulur, ağrı-acıları işıq dirəklərindən, tavanlardan süzülən nur selində əriyir.

Etiraf edək ki, doğma Bakımızın hüsnünə əlavə yaraşıq, gözəllik gətirən gecə işıqlarının mərkəzdə yaratdığı bu şirin duyğular, xoş ovqat şəhərətrafına yön aldıqca, üzləşdiyimiz zülmətdə yoxa çıxır. Üstəlik də, sahibsiz küçə itlərinin ürpədici nəfəsinin sağında-solunda cövlan etməsi adamın canına üşütmə salır. Yaxşı ki, ara-sıra döngələrdən qəfil çıxan maşınların gözqamaşdırıcı işıqları harada olduğunu az-çox anlamağa imkan yaradır. Ötən illərdə bir çox binaların qarşısındakı park və xiyabanlardakı işıq dirəklərindən ətrafa yayılan aydınlıqdan isə son vaxtlar əsər-əlamət qalmayıb.

Bəli, paytaxtın mərkəzi istisna olmaqla, kənar ərazilərdə küçələrin və həyətlərin işıqlandırılması əvvəllər də çox ürəkaçan deyildi. İndi isə vəziyyət o qədər acınacaqlıdır ki, o günləri də həsədlə xatırlayırıq. Şəhərin işıqlandırılması ilə bağlı mənzərə artıq ciddi narahatlıq doğurub, sakinləri, qonaqları qayğılandıran ən aktual mövzulardan biri olub. Niyəsini araşdırmaq üçün cavabdeh ünvanlara üz tutduq.

…Suraxanı-Hövsan yolunda mənzərə daha acınacaqlıdır. Əvvəllər heç zaman işıqlandırılmayan bu yolda problem yaxın vaxtlarda aradan qaldırılsa da, bu işdə də bir natamamlıq hiss olunur. Hərəkətin intensiv olduğu, bu ensiz və dolanbac yollar axşam və gecə saatlarında, sözün əsl mənasında, ölüm saçır. Belə ki, işıq dirəklərinin yolun hərəkət hissəsinə çox yaxın basdırılması burada avtomobil qəzalarını qaçılmaz edir. Üstəlik də, sərt döngələri olan bu enişli-yoxuşlu yolda işıqlandırmanın lazımi səviyyədə olmaması, bu azmış kimi, axşam və gecə saatlarında işıqların tez-tez sönməsi qəza hallarının artmasına rəvac verir. Hər gün səhər saatlarında işə gedənlər yolda avtomobillərin vurub aşırdığı işıq dirəklərinin şahidi olurlar. Suraxanı rayonunun “Dədə Qorqud” yaşayış sahəsinin tən ortasından keçən yolun zülmətə qərq olması nəqliyyatın hərəkətini çətinləşdirməklə yanaşı, piyadaların həyatını risk altına atır.

Tikintisi, demək olar ki, başa çatdırılan Zığ-Hövsan yolunda da vəziyyət ürəkaçan deyil. Axşam və gecə saatlarında bu ərazidə işıqların yanmaması yolların zülmətə qərq olmasına səbəb olur. Sürət həddinin nisbətən yüksək olduğu magistral yol piyadalar üçün ciddi təhlükə mənbəyinə çevrilib…

Belə misalların sayını artırmadan qeyd edək ki, Bakı yollarının işıqlandırılmasına şəhər icra hakimiyyətinin tabeliyindəki “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsi nəzarət edir. Təəssüf ki, bu qurum fəaliyyətində əsas diqqəti paytaxtın mərkəzinə yönəldir, ucqarlar isə unudulur. Məhz elə buna görədir ki, Bakıətarfı kənd-qəsəbələrə uzanan magistral və məhəllədaxili yolların gecələr zülmət qaranlığa bürünməsinə daha çox təsadüf olunur. Bu da həm sürücülərin işini çətinləşdirir, həm də insanların həyatı böyük risk altına düşür, vaxtaşırı yol-nəqliyyat hadisələri-qəzalar baş verir, piyadalar vurulur.

Burada qəribə hal həm də odur ki, bəzi küçələrdə işıqlandırma sistemi, yol boyu işıq dirəkləri olsa da, işıqların hansı səbəbdənsə yandırılması yada düşmür. Bəzən də bu cür vəziyyətin mövcudluğu - gecələr işıqların söndü-rülməsi qənaət, xərclərin azaldılması məqsədi ilə əlaqələndirilir. Bu, nə dərəcədə həqiqətdir, demək çətindir. Yuxarıda adı çəkilən müəssisədə də bu barədə heç nə söylənilmir. Yeri gəlmişkən, yazı hazırlanan günlərdə rastlaşdığımız qəribə, təəccüblü bir mənzərəni də indi xatırlamamaq olmur. Belə ki, işıqlandırma sisteminin mövcud olduğu bəzi küçələrdə gecələr yanan işıqlar gündüz saatlarında söndürülmür...

***

Dövlət başçısı İlham Əliyev ­2019-cu il iyul ayının 31-də Azərbaycan Respublikasının Prezidenti yanında sosial-iqtisadi sahələrin inkişafı ilə əlaqədar keçirilən müşavirədə məsələyə münasibət bildirərkən demişdir: “Küçələrin işıqlandırılması hələ də lazımi səviyyədə deyil. Şəhərin mərkəzi, təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.

Yeri gəlmişkən, ölkənin avtomobil yollarının, küçələrin işıqlandırılması məsələləri dövlət başçısının 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda da prioritet istiqamət kimi müəyyənləşdirilib. Adıçəkilən sənəddə sutkanın qaranlıq vaxtlarında və məhdudiyyətli görünmə şəraitlərdə avtomobil yollarının müasir standartlara cavab verən süni işıqlandırma sistemləri, qurğuları və vasitələri ilə, habelə yolların işıqlandırılmasında alternativ enerji mənbələrindən (günəş, külək və s. enerji batareyaları) istifadənin təmin edilməsi, onların daim yararlı vəziyyətdə saxlanılması üçün mütəmadi tədbirlərin görülməsi nəzərdə tutulur.

Həmin tədbirlərin icrası isə Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində – Bakı Nəqliyyat və Avtomobil Yolları Dövlət agentlikləri, Rəqəmsal İnkişaf və Nəqliyyat, Energetika nazirlikləri, “Azərişıq” ASC, eləcə də yerli icra hakimiyyəti orqanları, həmçinin bələdiyyələrin qarşısında mühüm bir vəzifə kimi qoyulub. Bu sahədə müşahidə olunan mövcud problemlər isə təəssüf ki, hər zaman ciddi narahatlıq doğurub.

Bu məqamda, onu da deyək ki, 2019-2023-cü illər ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ya yerinə yetirilməyib, ya da bu işdə bir natamamlıq hiss olunur. Bu da bəzi qurumların həlli vacib məsələyə etinasız münasibətdən irəli gəlir.

***

Küçələrin işıqlandırılmasında xüsusi pay sahibi olan Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin fəaliyyət sferasına paytaxtın inzibati ərazisində yerləşən bir çox binaların fasadlarının, parkların, xiyabanların, küçə, prospekt, tunel və körpülərin gecə işıqlandırılması, balansında olan işıqlandırma sistemlərinə texniki xidmət göstərilməsi daxildir. Eyni zamanda, müəssisənin əməkdaşları tərəfindən texniki xidmətlə yanaşı, plafon lampalarının dəyişdirilməsi, kabel xətlərində və enerji paylayıcı qurğularda baş vermiş nasazlıqların aradan qaldırılması, işıq dirəklərinin yuyulması, rənglənməsi, avtoqəzalar nəticəsində yararsız hala düşmüş işıq dirəklərinin bərpası kimi işlər həyata keçirilir.

Hazırda paytaxtın küçə və prospektlərinin, eləcə də şəhərətrafı yolların işıqlandırılması üçün 88 min ədəd işıq dirəyindən (100 min işıq nöqtəsi) və 32 min ədəd fasad işığından istifadə olunur. İşıqlandırma sistemi müasir elektrik avadanlıqları ilə daim təchiz edilir. Gecə işıqlarının yanma-sönmə prosesi foto-relelər və proqram təminatlı elektron saatlar vasitəsilə reallaşdırılır. Hazırda bu prosesin məsafədən idarə olunması istiqamətində lazımi işlər görülür.

“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsindən aldığımız məlumata əsasən, indiyədək müəyyən obyektiv səbəblərdən (İnanmaq istərdik ki, həmin səbəblərin subyektiv amillərlə bağlılığı yoxdur) paytaxtın inzibati ərazisini adıçəkilən qurumun xidməti ilə tam əhatə etmək mümkün olmayıb.

Bəs, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası sahəsində bu müəssisə tərəfindən hansı işlər görülüb? “Bakı Şəhər İşığı”ndan sualımıza cavab olaraq bildirdilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə son iki il ərzində paytaxtın inzibati ərazisinə daxil olan 12 rayonun 700-ə yaxın küçəsində podratçı təşkilat tərəfindən enerji sərfiyyatının 50-60 faiz azalmasına imkan verən 33 min ədəd “smart” tipli LED çıraqlardan yararlanmaqla yeni süni işıqlandırma sistemləri quraşdırılaraq küçələrin işıqlandırılması təmin edilib. Bununla da, müəssisə tərəfindən işıqlandırılma sisteminə xidmət göstərilən küçələrin ümumi uzunluğu 2600 kilometrə çatdırılıb.

Müəssisədən onu da dedilər ki, Bakı şəhərinin bütün inzibati ərazisinin mərhələlər üzrə işıqlandırılmasını təmin etmək istiqamətində qurumun mütəxəssisləri tərəfindən aparılan müvafiq təhlillər nəticəsində işıqlandırılmasına ehtiyac olan küçə və prospektlərin yeni siyahısı hazırlanaraq podratçı şirkətə təqdim olunub.

Yeni siyahı üzrə 2023-cü ilin sonuna qədər paytaxtın 495 küçəsində gecə işıqlandırılmasının təmin olunması planlaşdırılır. Artıq podratçı təşkilat tərəfindən Bakı şəhərinin küçələrinin işıqlandırılması məqsədilə hazırlanmış yeni siyahı üzrə müasir standartlara cavab verən yeni işıqlandırma sisteminin quraşdırılması tədbirləri həyata keçirilir.

İnanmaq istərdik ki, Bakının simasına əlavə yaraşıq gətirəcək, sürücülərin və piyadaların işini asanlaşdıracaq bu zəruri işlər aidiyyəti qurumların fəaliyyətində lazımi məsuliyyət yaradacaq, aktuallığını qoruyub saxlayacaq. Paytaxtımızın sosial-mədəni inkişafına töhfə verəcək bu tədbirlər axşam və gecə saatlarında şəhər sakinlərinin, avtomobil nəqliyyatının təhlükəsiz hərəkətinə dəstək olmaqla şəhərin vizual-estetik görünüşünü də yaxşılaşdıracaq.

Bununla şəhərin mərkəzindəki al-əlvanlıq, gecə füsünkarlığı ətraflaradək uzanıb gedəcək. Vəziyyəti dəyişməyə yetərli imkanımız var, ehtiyacımız isə təxirəsalınmazdır.

Elməddin MURADLI,
nəqliyyatçı-ekspert

Küçələrin, yolların işıqlandırılması yol hərəkəti təhlükəsizliyi baxımından çox aktualdır. Yol-nəqliyyat qəzalarının başvermə səbəblərini araşdırarkən görürük ki, hadisələrin 20-30 faizi günün qaranlıq vaxtlarında baş verir. Adətən, belə qəzaların əksəriyyəti yüksək sürətli yollarda, həmçinin məhəllədaxili yollarda baş verir. Bunların qarşısını almaq üçün sürücülər sürət həddinə əməl etməlidirlər, təhlükəli manevrlərdən çəkinməlidirlər. Onlar yaşayış məskənlərində xüsusilə diqqətli olmalı, müəyyənləşdirilmiş sürət həddinə uyğun sürət rejimi seçməlidirlər. Əks halda, təhlükə ilə üzləşə bilərlər. Əfsuslar olsun ki, yol hərəkəti qaydalarını əməl etməyən sürücülər də var. Belələri qaranlıq küçələrdə daha çox təhlükə saçırlar.
Qeyd etdiyim kimi, qəzaların baş verməsində işıqlandırmanın olmamasının çox böyük təsiri var. İşıqlandırılan küçə və yollarda ən azı piyada yaxınlaşmaqda olan nəqliyyat vasitəsini görür. Öz növbəsində sürücü də yola çıxan maneəni, piyadanı, uşağı, yaşlı insanı görə bilir. Çox təəssüflər olsun ki, Azərbaycanda yolların işıqlandırılması lazımi səviyydə deyil. 
Cənab Prezident, 3 il əvvəl keçirdiyi müşavirələrdən birində bütün aidiyyəti qurumların rəhbərlərinə bununla bağlı konkret tapşırıqlar verib. Dövlət başçısının tapşırığına əsasən, yolların, küçələrin, qəsəbələrin, hətta məhəllədaxili yolların işıqlandırılması öz həllini tapmalıdır. Bundan da əsas məqsəd yol hərəkətinin təhlükəsizliyini təmin etməkdən ibarətdir. Bununla, həm insanların rahatlığı təmin olunur, həm də cinayətkarlığa qarşı mübarizə tədbirləri gücləndirilir. Çünki küçələrin qaranlıq, zülmətə qərq olması bir tərəfdən narkomanların əl-qolunun açılmasına, digər tərəfdən maşınlardan oğurluq hallarının artmasına zəmin yaradır. Bu da küçələrin işıqlandırılmasının nə qədər böyük əhəmiyyət daşıdığını bir daha təsdiqləyir.
İnsan həyatından daha dəyərli faktor ola bilməz. Amma çox təəssüf ki, bəzi məmurlar, cavabdeh qurumlar bunu bir kənara qoyur, öz ciblərini, gəlirlərini güdürlər. Nəticədə, gecə saat 12 olan kimi işıqları söndürürlər. Daha dərk etmirlər ki, gecə olsa da, həyat dayanmır. İnsanlar saat 3-4-ə kimi küçələrdədirlər. İş başında olanlar var. Gecə yarısı işdən çıxıb evinə gələn, işə tələsən var. Ən azından kommunal təsərrüfatı işçiləri hava işıqlanmamış küçələrə çıxırlar. Səhər saat 6-dan sonra əksər insanlar küçələrə, yollara çıxır. Bu zaman isə sürücülər və piyadalar yuxulu olurlar. İşıqlandırılmamış yollar isə yol-nəqliyyat hadisələrinə, avtomobil qəzalarına və piyadaların vurulmasına səbəb olur. Qəzalar isə insan həyatının faciəsidir. İnsan həyatından daha önəmli nə ola bilər ki, bəzi məmurlar buna diqqət etsinlər?!
Bəzən yerlərdən şikayət gələndə icra orqanları yalnız həmin əraziləri işıqlandırmaqla kifayətlənirlər. Məsələn, paytaxtın Səbail rayonunda Əlibəyov qardaşları küçəsi var. Həmin küçənin bir hissəsi işıqlandırılır, digər hissəsi yox. Səbəbi odur ki, həmin hissədə yaşayan sakinlər şikayət ediblər, ki, bəs qaranlıq olduğu üçün maşınlarından oğurluq edilib. Gəlib oranı işıqlandırırlar. İndi belə çıxır ki, hamı durub şikayət etməlidir. Bu nə məntiqsizlikdir, nə yanaşmadır?! Səbail rayonundan daha bir misal çəkim. Rayonun Gülbala Əliyev küçəsinin bir hissəsi abadlaşdırılıb, düz beş ildir, ora işıq dirəkləri basdırıb. Amma küçəyə işıq verilmir. Bilinmir ki, bunun səbəbi nədir? Düşünürəm ki, yerli icra orqanları bu işləri qaydasına salmalıdır. Amma çox təəssüf ki, bu məsələyə laqeyd münasibət hələ də davam edir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh