Rayon maşınlarına qoyulan qadağa qəzaları artırır - EKSPERT
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarında etdiyi dəyişikliyə əsasən, yay rejimi qrafiki çərçivəsində yük və rayon qeydiyyatında olan minik avtomobillər mayın 1-dən oktyabrın 1-dək saat 07:30-dan 21:00-dək paytaxta buraxılmayacaq. Həmin maşınlar yalnız saat 21:00-dan 7:30-a qədər şəhərə daxil ola biləcəklər. Faktiki isə istənilən rayon dövlət qeydiyyat nişanlı avtomobillər Bakı şəhərinə sərbəst şəkildə müəyyən formalarla daxil ola bilir. Ekspertlər rayon maşınlarının paytaxta girişinə məhdudiyyət qoyulmasını düzgün hesab etmirlər. Bildirilir ki, bu qadağa əslində paytaxt və bölgə sakinləri arasında ayrıseçkilik yaradır.
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı cebhe.info-ya açıqlamasında yük və rayon qeydiyyatında olan minik avtomobillərinin şəhərə girişinin yay rejiminə keçməsini ilə yanaşı, ümumiyyətlə bu qadağanın gərəksiz olduğunu deyib: “Yay vaxtına keçidə start verilsə də, postlarda bu prosesə sadəcə yarım saat, bir saat nəzarət edilir. Bundan əlavə, rayon maşınları şəhərə girişi üçün artıq alternativ yollar tapıblar. Hansı ki, magistral yollarla deyil, qəsəbələrin içərisindən gələ-gələ şəhərə çata bilirlər. Həm bu sahədə ciddi nəzarət yoxdur. Heç olmasında da bir fayda görmürəm. Çünki təcrübə də göstərdi ki, rayon qeydiyyatı olan maşınların şəhərə girişində hər hansı tıxac və maneələr olmayıb. Yük və kənd təsərrüfatı məhsulları daşıyan avtomobillərin şəhərə daxil olmasında qoyulan qadağa əslində yaxşıdır. Bir də baxırsan ki, müxtəlif növ ev quşları, kartof-soğan daşıyan avtomobillər şəhərin mərkəzində dolaşır. Bu da eybəcər vəziyyət yaradır. Bu sahəyə nəzarət ciddi olmalıdır. Şəhərin giriş və çıxışında post qurmağa ehtiyac yoxdur. Çünki həmin maşınlar Bakıya çatana qədər bir neçə postdan keçir. O postlar maşınlara nəzarət edə bilər. Bunun üçün xüsusi, dəm-dəsgahlə post və dayanacaqlar yaratmaq gərəksizdir”.
Ekspert hesab edir ki, ümumiyyətlə, rayon maşınlarına qadağa qoyulmasına lüzum yoxdur: “Bu, ikili münasibət yaradır. Rayon maşınlarını paytaxta daxil ola bilməz, amma Bakı maşınlarını sürənlər rahatlıqla rayonlara istirahət etməyə gedə bilərlər. Tıxacın qarşısını almaq üçün bu, doğru yanaşma deyil. Biz bu prosesi daim müşahidə edirik. Bu qadağanın bir faydası olmadı. Faydalı iş o oldu ki, müxtəlif yollar genişləndirildi, avtobuslara nəzarət bir az gücləndi. Bu gün şəhərdə saatlarla tıxac olan zaman baxırıq ki, orada rayon maşınları yoxdur. Əksinə şəhər maşınları, avtobuslar, taksilər və digər nəqliyyat vasitələridir. Günahı rayon maşınlarının üzərinə yıxmaq, hər hansı bir qadağa tətbiq etmək və yollarda eybəcər mənzərələr yaratmaq lazım deyil. Bəzən eşidirik ki, rayon maşınları postlarda 5-10 manat “hörmət” etməklə keçir və yaxud ara yollardan istifadə edərək qorxa-qorxa şəhərə daxil olur. Onlar da Azərbaycan vətəndaşıdır. Bu böyük cinayət deyil ki, onlara xüsisi qadağa tətbiq olunur. Onların 100 nəfərindən deyək ki, 30-u hər hansı iş, istirahət üçün gəlirsə, digərləri həkimə gəlir, vacib bir iş üçün gəlir. Adamın qohumunun saat 5-də toyudur. Neyləməlidir, gəlib toya 10-da çatmalıdır? Razıyam, hər hansı dövlət tədbirləri, Formula- 1 yarışları ərəfəsində bu qadağaların bir həftə, 10 gün tətbiq edilməsi lazımdır. Amma bunu davamlı şəkildə etmək olmaz”.
Elməddin Muradlının sözlərinə görə, rayon maşınlarına qoyulan qadağa eyni zamanda müəyyən yol qəzalarının baş verməsinə də zəmin yaradır: “Bu gün biz insanları məcbur edirik ki, gecə yola çıxsınlar. Gecə isə Azərbaycanın bütün rayonlararası yollarında işıqlandırma sistemi sıfır səviyyəsindədir. Bu səbəbdən də qəzaların çox olması ehtimalı böyüyür. Hər gün gecə saatlarında xeyli sayda qəzaların baş verdiyini eşidirik. Səhəri qəza xəbəri ilə açırıq. Niyə? Çünki özümüz insanları məcbur edirik ki, sən yola gecə çıx... Birinin sürücülük qabiliyyəti aşağıdır, biri əsəbi şəkildə xəstə gətirir, gərgin olur. Bu cür yanaşma insanları narahat edir. Onlar da bunun çıxış yolunu tapdılar. Yenə aradan, dağılıb - uçulmuş yollardan istifadə edirlər və yaxud da postlarda hər hansı formada “dil tapıb” keçirlər.
Bu cür qadağanı vacib tədbirlər zamanı elə Bakı sürücülərinin özlərinə də tətbiq etmək lazımdır. Onsuz rayon maşınları şəhərə daxil olmağn bütün yollarını tapıblar. Onlar istədikləri vaxt paytaxta girə də, çıxa da bilirlər. Kimsə postda saxlanılırsa, deməli, o variantları tapmayan sürücülərdir”.