Rayon maşınlarının Bakıya gəlməsinə çarə tapıldı – Hamı Bakı nömrəsi alır
Abid Şərifovun və DYP-nin menyusuna – Bunları da bizdən eşidin!
Bu yazını yazmağı çoxdan düşünürdüm, götür-qoy edirdim. Haradan başlayıb, harada qurtarmağı nəzərdən keçirdiyim anda bir oxucumuz maraqlı düşüncələrini mənimlə bölüşdü. Tanınmış şirkətlərin birində işləyən oxucunun adını məlum səbəblərə görə çəkə bilmirəm. Amma onun halal zəhmətini öz adıma çıxmadan olduğu kimi təqdim edirəm. Sonra öz fikirlərimi və təkliflərimi də qeyd edəcəm. Oxucu Avtosfer.az-a bunları yazır: «Hörmətli Elməddin bəy,
Bu yaxınlarda rayon maşınlarının şəhərə buraxılmayacağı barədə bir məqalənizi oxudum. Guya verilən bu qərar şəhərdə tıxacların qarşısını alacaqmış. İcazə versəydiniz mən də öz fikirlərimi sizinlə bölüşərdim.
Məsələ bir az aktual olsa da, son zamanlar atılan bütün addımlar yanlış tərəfə yönəlir. Biriləri şəhərdə avtomobilin çox olduğunu göstərir, digərləri avtobusları misal çəkir. Amma bəzən məsələnin əsas məğzi yaddan çıxır. Məsələn, elə öz şirkətimizdən başlamaq istərdim. İşlədiyim şirkətdə təqribən 600-700 nəfər çalışır. Ümumi binada isə təxminən 1000 nəfər olar. 1000 nəfərdən təqribən 900-ü maşın idarə edir. Şirkət avtomobillərini də bunun üzərinə gəlsək 1300-ə yaxın avtomobil var. Eyni zamanda, şirkətimizə gün ərzində 100-200 arası qonaq avtomobillə daxil olur. Deməli, gün ərzində şirkətin yerləşdiyi küçəyə ümumilikdə 1500 avtomobil daxil olur və çıxır. İndi təsəvvür edin, bizim kimi şəhərdə 100-ə yaxın böyük şirkət yerləşir. Ortalama hesablasaq şirkətə və işçilərə aid olan 150 000-ə yaxın avtomobil hər gün şəhər küçələrində hərəkət edir.
Son zaman apardığım araşdırmalara görə, böyük holdinqlər, orta şirkətlər və eyni zamanda, biznes mərkəzləri şəhərin mərkəzinə doğru irəliləməyə çalışırlar. Bu sistemə ümumilkdə nəzarət mexanizmi mövcud deyil. Əgər bu prosesə nəzarət mexanizmi olsaydı, şəhərdə tıxacları 50 faizə qədər endirmək mümkün olardı. Bu problemi həll etmək üçün bir neçə yol var:
1. Böyük şirkətləri şəhər mərkəzindən kenara çıxarmaq. Atılacaq bu addım zamanı nəqliyyatın axını müxtəlif istiqamətlərə dəyişəcək. Şəhər mərkəzində yerləşən küçələr demək olar ki, boşalacaq.
2. Böyük şirkətlərin işçilərini daşımaq üçün nəqliyyatla (avtobuslarla) təmin etmək. Nəzərə alsaq ki, iritutmlu avtobuslar 45 nəfər sərnişin daşıya bilir, bu zaman işə gələn işçilər avtobusdan istifadə etməyə məcbur qalacaq. Bununla da, eə azından teqribən, 25-30 avtomobil ümumiyyətlə yola çıxamayacaq.
3. Böyük şirkətləri şirkət binasının altında parkinq yaratmağa məcbur etmək. Onsuz da şəheədə parklanma ilə bağlı böyük problemlər var. Bəzi şirkətlər işçilər üçün parkinq yerləri nəzərdə tutmayiblar. Ona görə də işçilər məcburiyyət qarşısında qalib avtomobili harada gəldi park edirlər.
4. Böyük biznes mərkəzlərini şəhərdən kenara çıxarmaq. «Caspian plasa» Biznes Mərkəzinin qarşısında 5-10 dəqiqə durmaq kifayətdir ki, bunun səbəbini şəxsən öz gözlərinizlə görə biləsiniz».
Oxucunun təklifləri maraqlıdır və hiss olunur ki, bu problem onu çox narahat edir. Əslində, qaldırılan məsələlərin bir çox yol hərəkəti və şəhərsalma qanunvericiliyində çox açıq şəkildə qeyd olunub. Məsələn, «Yol hərəkəti haqqında» qanunda qeyd olunur ki, tikilən binaların hər birinin avtomobil parkı olmalıdır. Yəni, bina tikilməzdən əvvəl orada avtomobillərin necə və hansı sayda saxlanılacağını da nəzərə almaq lazımdır. Amma təəssüflər olsun ki, bu qaydaları illərdir ki, Bakıda çoxları nəzərə almır və bunu tələb edən də yoxdur. Bəziləri elə fikirləşir ki, Bakıda tıxacı ancaq rayon maşınları yaradır və onların Bakıya girişi məhdudlaşdırılır. Gəlin görək, nəsə dəyişəcək? Əlbəttə, çox cüzi fərq edə bilər. Amma bunun əvəzində kasıb təbəqənin belinə əlavə bir yük qoyuldu. Məsələn, rayonlardan Bakıya sərnişindaşıma ilə məşğul olan taksilər artıq iki aydır ki rayon qeydiyyatında olan maşınlarını Bakı qeydiyyatına saldırmağa başlayıblar. Yəni, avtomobili Bakıda qeydiyyatda olan kiminsə adına qeydiyyata saldırıb Bakı nömrəsi alırlar. Yeni avtomobil alanlar da Bakı nömrəsinə üstünlük verirlər. Bu da qanunla təxminən 70 manata başa gələn bir proses olsa da, Avtosfer.az-a yazılan müraciətlərdən bəlli olur ki, Dövlət Yol Polisi İdarəsinin imtahan-qeydiyyat şöbələrində bu işi 200-300 manat arasında həll edirlər. Nömrəni dəyişənlər təkcə taksilər deyil, Bakıya başqa iş üçün tez-tez yolu düşənlər də avtomobillərini Bakıya qeydiyyata saldırıb yeni nömrə alırlar. Deməli, həmin avtomobillər yenə də Bakıya gəlib-gedəcək. Arada kimlərinsə cibi doldu, kimlərinsə boşaldı. Mənzərə təxminən eyni olacaq.
Digər bir vacib məqama nəzər salaq. Bu gün dövlət orqanlarının, nazirliklərin əməkdaşlarının maşın saxlamaq yeri yoxdur. Məsələn, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları əvvəllər nazirliyin qarşısındakı ağaclıqda parkinq edirdilər. Sonradan yol polisi oradakı maşınları cərimə meydançasına apardığı üçün indi MTN əməkdaşları hətta «Space» TV-nin yanında da maşın saxlayıb işə gəlirlər. O istiqamətdə bütün küçələrdə MTN-in, Müdafiə Nazirliyinin, Milli Məclisin əməkdaşlarının maşınlarına rast gəlmək mümkündür. Daxili İşlər, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Baş Prokurorluğun əməkdaşlarının maşınlarını «5 mərtəbə» dairəsi ətrafındakı, «Tarqovı»ya yaxın küçələrdən yığıb-yığışdırmaq mümkün deyil. Darısqal küçələrdə yolun hər iki tərəfində maşınlar park edilir ki, nəticədə piyadalar yolun ortası ilə hərəkət etməli olurlar. İnanmırsınızsa gəlin, şənbə-bazar günləri, bayram günləri həmin küçələri, həyətləri monitorinq edək. Baxın, görün yollar necə də boş və rahat olur.
Əgər bu maşınlar orada yaşayanların idisə, yəqin ki, orada yaşayanlar şənbə-bazar günü harasa köçmürlər. Onlar öz yerindədir, sadəcə, nazirliklərdə iş günü olmur deyə yolların kənarlarında maşın saxlayanlar da olmur.
Qarşıdan yeni dərs ili gəlir. Hələ baxın görək hansı mənzərə ilə rastlaşacağıq. Elə bilirsiniz, insanlar cibinin pulunu xərcləyib binaların girişinə şlaqbaumu öz kefindən qoyur? Xeyr. Bakı Dövlət, Azərbaycan Texniki, Memarlıq və İnşaaat universitetlərinin tələbə və müəllim heyətinin maşınları heç bilirsiniz harada park edilir? BDU-nun, ATU-nun MİU-nun maşınlarının bir ucu köhnə çörək zavodunun yanında, o biri ucu Apelyasiya Məhkəməsini keçib keçmiş Əzizbəyov heykəlinin ətrafındakı küçələrə gedib çıxır. İnsanlar bu maşınların əlindən evlərinə rahat gedib-gələ bilmirlər. Maraqlanın görək, bu yaxınlarda BDU-ya, ATU-ya yeni korpuslar tikiləndə dayanacaq barədə düşünən oldu heç? Bir neçə dövlət qurumu yerini dəyişdi. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Badamdar qəsəbəsinə – «Qurd qapısı»nın yanına köçürülüb. Maraqlanın görün, TQDK işçilərinin maşınları harada park edilir?
Cənablar, Bakıda tıxac probleminin kökündə təkcə rayon maşınları dayanmır. Bir-bir deyim, yada salın; firma maşınları, yük maşınları, qaydalara əməl etməyən avtobuslar, bir balaca sıxlıq olan kimi qarşı yola çıxan harınlamış sürücülər və s.
Oxucunun yazdığı təkliflər çox maraqlıdır. Hər küçənin başında bir ticarət mərkəzi, bir əyləncə mərkəzi açanda yol hərəkəti təhlükəsizliyini də nəhərə almaq lazım idi. Heç olmasa yol polisi ilə məsləhətləşib rəy almaq lazımdır. Bəzən, yol polisinin heç nədən xəbəri olmur. Ya da, səhlənkarlıq rol oynayır. Məsələn, mən inanmıram ki, normal düşüncə ilə yanaşanda «Megafun» əyləncə mərkəzinin orada yerləşməsinə icazə verilsin. Çünki hərəkətin intensiv olduğu yolun üstündə yerləşir. Orada yeraltı dayanacaq var. Amma məsələ burasındadır ki, həmin dayanacağa girən maşınlar arxadan gələn maşınlara qəza şəraiti yaradır, çıxanlar isə sağdan gələnlərə. Hələ ən təhlükəlisi də odur ki, yolu o yan-bu yana keçən piyadaları məhz «Megafun»ın qarşısında dayanan maşınlar «gizlədir» və hərəkətdə olan maşınlar hətta zebrada olan piyadanı bir anda vura bilər.
Götürək, «Park İnn» otelini. O boyda otel tikəndə deyəsən ağıllarına gəlməyib ki, bura gələnlər maşını harada saxlayacaq. Təsəvvür edən, o boyda otelin qarşısında cəmi 8 maşının parkinq yeri var. Arxada isə nəsə qəribə bir yer var, ora da hamını buraxmırlar. Məhz bunun nəticəsidir ki, gündüz vaxtı «Park İnn»də bir geniş tədbir olsa, otelin qarşısında sıxlıq yaranır. Hələ gecələr orada baş verənləri demirik. Üç zolağı zəbt edirlər.
Hamının rəğbətlə qarşıladığı və qəbul etdiyi «Fairmont» («Üç alov») kompleksində də son vaxtlar parkinq problemi yaşanır. Günün istənilən vaxtı burada yolun hərəkət hissəsində dayanmış maşınları görə bilərik. Aşağıdan yuxarı - Milli Məclis istiqamətində hərəkət edən avtomobillərin sürücüləri yəqin burada sağ zolaqla nə vaxtsa axıra kimi tam hərəkət edə bildiklərini unudublar. Elə içi mən qarışıq sağ zolaqla gəlib bu binaların qarşısında dayanıb dönmə işığını yandırmalıyam və sol zolağa çıxıb hərəkəti davam etdirməliyəm. Çünki otelin qarşısında ya qırmızı nömrəli, ya da bahalı nömrəli bahalı maşınlar olur. Əksər vaxtlarda isə «London taksi»ləri hərəkətə çətinlik yaradırlar. Minən də yolun ortasında minir, düşən də. Hansı ki, binanın altında dayanacaq var. Amma insanlar əziyyət çəkib maşını dayanacağa salmaq istəmirlər. Hələ burada toy-nişan olanda yol tamam bağlanır. Elə bil «Üç alov» kompleksinə girmək və çıxmaq üstünlük verir və hamı oradan çıxanın hərəkətlərindən əziyyət çəkmək məcburiyyətindədir.
Bu kimi obyektlər çoxdur. Üstəlik, yol kənarında yerləşən şadlıq evləri də bir yandan sıxlıq yaradır. Toyun başlanması və bitməsi əsl həngamədir. Bir də görürsən ki, toydan çıxanları gözləyənlər və orada məskən salmış taksilər 2-3 zolaqlı yolu elə daraldırlar ki, başqaları əziyyət çəkir, tıxac yaranır. Məgər, həmin restoranların rəhbərlərinə dayanacaq yaratmaq barədə göstəriş verə bilməzsiniz? Həmin restoranın qarşısını 2-3 dəfə evakuator təmizləsə, rəhbərlik dərhal dayanacaq yaratmaq fikrinə düşəcək və yaradacaq. Məsələn, «Neolit» restoranın qarşısını hər axşam görürsünüz? Bir dəfə saat 11-dən sonra gedib baxın. Üzü «Koroğlu» metrostansiyasına tərəf hərəkət edən sürücülər məcbur qalıb qarşı yola çıxırlar. Hansı ki, hər gecə elə o ərazidəki restoranlardan çıxan sərxoş sürücüləri tutmaq üçün məhz həmin ərazidə ən azı 10 yol polisi avtomobili olur. Məgər, bu mənzərəni görmürlər? Yaxşı görürlər, sadəcə, dayanma-durmanın cəriməsi 20 manat, sərxoş sürücünün isə qanunda yazılan cəriməsi 300 manatdır deyə sərxoş axtarırlar. «Neolit»in yanında «Ay işığı», «Altun saray» və başqa restoranlar da var. Amma onların qarşısında tıxac olmaz. Çünki onlarda dayanacaq da var, gözləmə yeri də. Onların istəyi olub, düzəldib, amma o birilərinin istəyi yoxdur. Maraqlprı da yoxdur deyə dayanacaq düzəltmir. İstək yoxdursa aidiyyatı qurumlar qanunu əsas tutub tələb etməlidir. Dərd orasındadır ki, tələb edən də yoxdur…
Bu qədər problemli yerlərdən, obektlərdən bəhs etdik. Məgər o yollardan Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının, Dövlət Yol Polisi İdarəsi rəhbərliyi keçmir? Onlar bu vəziyyəti görmürlər? Məgər görmürlər ki, «Azəryolservis» ASC yayda hamı ilə birlikdə istirahətə çıxıb, sentyabr ayında hamı işə, dərsə gedəndə yolları qazıb təmirə başlayır? Məgər görmürlər ki, bir küçəni təmir etmək üçün bağlayanda həmin küçəyə alternativ yolu da qazıb hərəkəti iflic edənlər var? Bu adamların bir-biri ilə əlaqəsi yoxdurmu ki, eyni istiqamətdə iki küçənin ikisini də eyni vaxtda qazıb insanlara əziyyət verməsinlər? Axı, yol elə bir şeydir ki, orada nə iş görüləcəyini yol polisindən soruşmaq lazımdır. Biri alt küçədə su çəkir, yolu qazır, o biri də gəlib üst küçəni qazıb asfalt çəkir. Araşdıranda məlum olur ki, yol polisinin bundan heç xəbəri də yoxdur. Bu mühəndislərə, qaz çəkənlərə, su çəkənlərə, yol çəkənlərə dərs keçmək lazımdır. Yolda hərəkətə də bir qurum nəzarət etməlidir. Nəqliyyat Nazirliyi yol polisindən xəbərsiz yol bağlayır, yol açır, hərəkət istiqamətini dəyişir, ağlına gələni edir. Su idarəsi, qaz idarəsi də onun kimi. Hələ də baş açmaq olmur ki, yolun sahibi kimdir, yolda iş görüləndə kim kimdən icazə almalıdır.
Buyurun, bu problemləri həll edin hörmətli Abid müəllim və DYP rəhbərliyi. Biz də öz dəstəyimizi göstərə bilərik. Tıxac məsələsində rayon maşınlarının təsiri 2-3 faizdir. Əsas məqamları dedim. Nəzərə alsanız, həll etsəniz, yaxşı olar. Nəzərə almazsınız, onsuz da rayon maşınları Bakı nömrəsi ilə hər zaman Bakıya gələcək də, gedəcək də…
Elməddin Muradlı